Səhabələr

İkinci Bədir

Bu dönəmdə baş verən digər hadisələr   Digər tərəfdən təbliğat və irşad sahəsi get-gedə genişlənir, yeni-yeni insanlara çatırdı. Bunun üçün dil bilmək lazım gələndə dil öyrənir, bir yerə elçi getmək lazım olanda da "vəzifədir" deyib  yola düşürdülər. Başqalarının tərcüməsinə etibar etməyən Zeyd ibn Sabit qısa müddətdə İbrani dilini öyrənir və istəyincə nələrin öhdəsindən gəlməyin mümkünlüyünü göstərirdi. Bu zaman kəsimində Mədinədə dünyaya gələnlər də vardı, dünyadan köçənlər də... Peyğəmbərimiz  (sallallahu əleyhi və səlləm) və əshabı Hz. Əli ilə Fatimə validəmizin oğlu Hüseynin anadan olmasına sevinərkən, Hz.Osmanla ailə quran Ruqiyyə validəmizin əmanəti balaca Abdullahla Ümmü Sələmə validəmizin əri Əbu Sələmənin vəftına kədərlənir. Səfər zamanı dörd rükətli fərz namazının iki rükət qılınmasına icazə verilməsi və icra olunması bu dövrə düşür. Zina və rəcm (daş-qalaq)  hökmlərinin yəhudilərlə müzakirəsi də bu zamanda həyata keçirilir. Torpaq bölgüsü və "fey" haqqında olan əmrlərin tənzimlənməsi də bu tarixlərdə baş verir. Rəsulullahın iffət dərsi və ənsar  məntiqi Bir gənc Allah Rəsulunun hüzuruna  gəlir və utana-utana: – Ya Rəsulullah, – deyir. Hislərini dilə gətirməyə cəsarət etmir. Ancaq Rəhmət Nəbisinin şəfqət dolu baxışlarını görüncə ürəklənir. Üzü qızara-qızara deyir: – Zina məsələsində mənə izin verərsənmi? Onun bu sözünü eşidənlər üstünə yeriyir: – Bunun dediyinə bax! – deyirlər. Səs-küy bürüyür hər tərəfi. Məsələni həll edən yenə də Rəsulullah olur. Və gənc Cüleybib onu bir az da yaxına çağıran Allah Rəsulunun hüzuruna gəlir. Allah Rəsulu onun başını şəfqətlə sığallayıb yanında oturdur və soruşur: – Belə bir hərəkətin ananla edilməsini istərsənmi? Tük ürpədən bir sual idi və Hz.Cüleybib yerindən dik atılaraq: – Allah (c.c.) məni Sənin yolunda qurban etsin, vallah, xeyr, ya Rəsulullah, – deyir. Təbii ki, Rəsulullah da bu cavabı gözləyirdi: – Elə digər insanlar da analarına belə bir münasibəti rəva görməzlər, – deyə cavab verir və ardınca da soruşur: – Yaxşı, bəs belə bir hərəkətin qızınla edilməsini qəbul edərsənmi? Heç gözləmədiyi bir sual idi. Utandığından yerə girir və başını qaldırıb: – Yolunda qurban olum, vallah, yox, ya Rəsulullah, – deyə bilir. Şəfqət dolu baxışlarını ondan ayırmayan Rəsulullah: – Heç kim qızı ilə belə bir hərəkətin edilməsini istəməz, – deyir. Yenə sual verir: – Bacınla belə bir hərəkətin edilməsinə razı olarsanmı? Hər sual ürəyinə ox kimi sancılırdı. Min dəfə peşman olmuşdu və dərhal: – Qurbanın olum, vallah, buna da razı olmaram, ya Rəsulullah, – deyir. Yenə eyni sözləri deyirdi  Allah Rəsulu (s.ə.s.): – Heç kim bacısına qarşı bu cür münasibətə razı olmaz! Suallar davam edir: – Kiminsə sənin bibinlə bu cür hərəkət etməsinə razı olarsanmı? Görünür, ağlı başına gəlməmiş onu buraxmayacaqdı. Eyni zamanda Allah Rəsulu böyük bir ümmətə də dərs verirdi. Hz.Cüleybibin cavabı əvvəlkilərdən fərqlənmir: – Canım yoluna qurban olsun, xeyr, razı olmaram, ya Rəsulullah! – Digər insanlar da öz bibiləri ilə bu cür günahın işlənməsinə razı olmazlar! – deyir Allah Rəsulu. Növbə son sualın idi: – Bəs,  bu cür günahın sənin xalanla işlənməsinə nə deyərsən? Cüleybib rəng alıb rəng verirdi. Qəlbində təlatümlər qopurdu. Yaxşı ki, vəziyyəti gəlib Allah Rəsuluna açmışdı. Mübarək üzünə baxır və: – Xeyr, ya Rəsulullah! Yolunda qurban olum. Belə bir şeyi heç istəyərəmmi? – deyir. Yenə Son nöqtəni Alah Rəsulu (s.ə.s.) qoyur: – Heç bir insan xalası ilə belə bir günahın işlənməsini istəməz! Bundan sonra onu özünə daha da yaxınlaşdıran Allah Rəsulu  (s.ə.s.) mübarək əllərini çiyninə qoyur və Hz. Cüleybibə dua edir: – Allahım! Onun günahlarını Sən bağışla! Qəlbini tərtəmiz və iffətini də məsum eylə! Peyğəmbər duasını alan Hz. Cüleybib o andan etibarən ən namuslu insanlardan biri olur. Ancaq Peyğəmbərimiz bir addım da atır və  Hz. Cüleybib üçün ənsardan birinin qapısını döyür. Sevincdən ənsarın dili tutulmuşdu: qapısına gələn Allah Rəsulu (s.ə.s.) onun qızını istəyirdi. Dərhal: – Əlbəttə, ya Rəsulullah, – deyir. Rəsulullah vəziyyəti izah etmək məcburiyyətində qalır və ona dönüb: – Mən onu özüm üçün istəmirəm,– deyir. Bu dəfə ənsar: – Bəs kimin üçün, ya Rəsulullah, – deyə soruşur. Allah Rəsulu: – Cüleybib üçün, – buyurur. Cüleybibi tanıyırdı ənsar. Ancaq o, gözlədiyi kimi əsil-nəcabətli  ailədən deyildi. Eyni zamanda o günə qədər onu qəribə davranışları ilə tanıyırdılar. Ona görə də tərəddüd edir ənsar və: – Bir anası ilə də məsləhətləşim, ya Rəsulullah, – deyə icazə istəyir. Evində xanımına deyir: – Rəsulullah qızımızı istəməyə gəlib. Qadın sevincindən deməyə söz tapa bilmir və nəhayət: – Bu nə böyük bir lütf! Əlbəttə, olar! – deyə cavab verir. Elə ki  ənsar: – Ancaq O (s.ə.s.), özü üçün deyil, Cüleybib üçün istəyir, – deyir, hər şey dəyişir. – Nə dedin? Cüleybib? Rəsulullah ondan başqa adam tapmayıb? Halbuki biz onu hətta filankəslərə  vermədik! Yox! Allaha and olsun ki, qızımı Cüleybibə verə bilməzsən! Onsuz da ənsar bu münasibəti gözləyirdi və Rəsulullaha vəziyyəti xəbər vermək üçün ayağa qalxıb qapıdan çıxırdı ki, içəridən: – Məni kim istəyir, – deyə səs gəlir. Bu, Rəsulullahın Hz.Cüleybibə istədiyi qızın səsi idi. Məsələni ona danışırlar. Qızın məntiqi tamamilə fərqli idi. Öncə bunu soruşur: – Rəsulullah (s.ə.s.) sizdən nəsə istəyəcək, siz də Onu əliboş qayataracaqsınız, eləmi? Quruyub qalırlar sualın qarşısında... Ancaq o, bunula kifayətlənməyib: "Allah və Rəsulu  bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına başqa yol seçmək yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yoldan açıq-aydın azmışdır!"[2] – ayəsini oxuyur və ardınca da: – Əgər O (s.ə.s.), bu nikahı uyğun görmüşdürsə, siz də razı olun və məni ona verin. Çünki Allah (c.c.)  məni əsla hədər etməyəcək, – deyir. İndi ata-ana bu incəliyi düşünməməyə heyfslənirdi: – Düz deyirsən, – deyirlər. Qızları onlara doğru yolu göstərmişdi. Fikrini dəyişən ənsar  nəticəni Allah Rəsuluna çatdırmağa gedir. Hüzuruna gələn kimi: – Sənin razı olduğun işə biz də razıyıq. O, sizindir. Kiminlə istəyirsiniz, evləndirin, – deyir. Allah Rəsulu (s.ə.s.) da: – Mən bu işə razıyam, – buyurur və Cüleybibi həmin qızla evləndirir. Və onlara dua edir: – Allahım! Onların üzərinə leysan kimi xeyir yağdır və güzəranlarını da bərəkətli elə! Artıq Hz.Cüleybib Mədinənin ən iffətli insanı idi.[3]