Səhabələr

İkinci Bədir

Dumətül-Cəndəl İkinci Bədirdən çox keçməmişdi, indi də Şam tərəfdən müxtəlif xəbərlər gəlirdi. Dumətül-Cəndəl  adlı məkanda bəzi qəbilələr bir yerə toplanmağa başlamış və quldurlardan hərbi dəstələr təşkil edib Mədinəyə hücum etməyə hazırlaşırdılar. Hətta yaxın ərzailərdən keçən karvanlara hücum edir,  mallarını əlindən alaraq günahsız insanlara zülm verirdilər. Xeyrli işlərin nə qədər ziyanlı əngəlləri var idi. Sanki, bütün daxili və xarici qara qüvvələr xeyirli işlərin qabağına maneələr çıxarmaq üçün bir araya gəlmişdi. Halbuki İslam insanların insan kimi yaşaması üçün sağlam mühit vəd edir və bu zəmini təhdid edən ünsürləri cəmiyyətdən  təmizləməyi hədəf göstərirdi. Bunlar həll olunmadığı təqdirdə sabah qarşısıalınmaz problemlərə gətirib çıxarar, daha böyük təxribatlara yola açardı. Ona görə də hər şeyə rəğmən,  Dumətül-Cəndələ getmək və məsələni yerində həll etmək lazım idi. Ancaq Dumətül-Cəndəl o dövrdə iki böyük dövlətdən biri olan Bizansın yaxınlığında yerləşirdi. Ona görə bəzi insanlar Rəsulullaha belə bir səfərin Bizans hökmdarı Qeysəri də qıcıqlandırıb böyük bir təhlükəyə səbəb olacağını deyirdi. Asayişi və sülhü təmin etmək hər şeydən vacib idi. Ona görə Allah Rəsulu (s.ə.s.) Mədinəyə Siba ibn Urfutanı rəhbər təyin edib min nəfərlik ordu ilə yola düşür. Özu ilə  Uzrəoğullarından Məzkuru götürmüşdü, çünki o, dar keçidlərə, gizli yollara yaxşı bələd idi. Həm də bu səfər zamanı gecələr yol gedir, gündüzlər dincəlirdilər. Nəhayət, heç kimin xəbəri olmadan min nəfərlik ordu Dumətül-Cəndələ gəlib çatır. Məzkur: – Ya Rəsulullah! Onların heyvanları buralarda otlayır. Sən burada gözlə, mən ətrafa bir göz gəzdirim, – deyərək icazə istədikdə Rəsulullah (s.ə.s.): – Yaxşı, gözləyərəm, – deyə izin verir. Məzkur dəvə və qoyunların izinə düşərək ətrafı gözdən keçirir. Bəd niyyətlə birləşən bu insanlar qərbə doğru hərəkət edirdilər. Dərhal gəlib bunu Allah Rəsuluna çatdırır. Bunu öyrənən Allah Rəsulu (s.ə.s.) həmin istiqamətə hərəkət əmrini verir. Min nəfərlik ordunun qəfildən üstlərinə gəldiyini görüb nə edəcəyini bilməyən quldur dəstəsi qaçmağa başlayır, Dumətül-Cəndəldə pərən-pərən düşür. Birinci addım atılmışdı. Daha da içəriyə, hətta ərazilərinə qədər girirlər, amma cəsarət edib qarşılarına çıxan olmur. Allah Rəsulu Dumətül-Cəndəldə bir neçə gün qalır. Ətrafa hərbi dəstələr göndərir, vəziyyəti nəzarətdə saxlamağa çalışır. Göndərdiyi hərbi dəstələr onların atıb getdiyi dəvə sürüləri ilə qayıdırdı, amma quldurlardan əsər-əlamət yox idi. Yalnız Məhəmməd ibn Məsləmə getdiyi tərəfdə bir adama rast gəlir və onu da tutub Peyğəmbərimizin (s.ə.s.) hüzuruna gətirir. Allah Rəsulu ondan yoldaşlarının haraya getdiyini soruşur: – Sənin gəlib dəvələrini ələ keçirdiyini eşidən kimi hamısı qaçıb dağılışdı, – deyir adam. Fitrətcə təmiz bir insana oxşayırdı və Rəsulullah (sallallahu əleyhi və səlləm) da ona İslamın gözəlliyini anladıb imana dəvət edir. Nəhayət, o da dəvəti qəbul edib müsəlman olur. İslamın gücü göstərilmiş və üç-beş quldur dəstəsindən qorxmadıqları Şam istiqamətinə də bildirilmişdi. Hələ ilk qığılcımdan xəbərdar olur və onu yerindəcə, alovlanmadan söndürmək üçün qəfil əməliyyatlar həyata keçirirdilər. Bu da gələcəkdə ehtimal olunan bu cür birləşmələrə qarşı təsirli tədbir demək idi. Allah Rəsulunun Şamın beş günlük məsafəsinə qədər min nəfərlik ordu ilə səssizcə gəlməsi fikri yayındırma, düşmənə gələcək üçün həddini bildirmə baxımından çox əhəmiyyətli idi. İndi isə məqsəd hasil olduğuna görə geri dönmə zamanı idi və Allah Rəsulu (s.ə.s.) ordusu ilə Mədinəyə üz tutur. Hər addımını ölçüb-biçir, səfəri dəyərləndirməyə çalışırdı. Belə ki, yolda Uyeynə ibn Hısn əl-Fəzari ilə saziş bağlayır. Çünki bu, bir tərəfdən bölgəni təhlükəsizlik dairəi ilə əhatə etmək idisə, o biri tərəfdən də bu istiqamətdə ehtimal olunan təhlükələrin qarşısına möhkəm sədd çəkmək demək idi. Uyeynənin bölgəsi qıtlıqdan və quraqlıqdan əziyyət çəkdiyi üçün Peyğəmbərimiz (s.ə.s.) heyvanları otarmaq üçün Mədinə ətrafına qədər gəlmələrinə icazə verir və beləliklə, onu və qəbiləsini İslama daha da yaxınlaşdırırdı. Onsuz da belə bir vaxtda birlikdə oturub saziş bağlamaq eyni zamanda onların İslama daha da yaxın olmasını təmin edəcək və getdikcə təsirini artıran bu yeni dirçəlişə – İslama olan maraqlarını daha da artırıb müsəlman olmalarını asanlaşdıracaqdı.