Səhabələr

İkinci Bədir

Bəni-Mustaliq Bir xəbər də Mustaliqoğulları yurdundan gəlir. Bəni-Mustaliqin başçısı Haris ibn Əbi Dirar ətraf qəbilələri də cəlb etməklə bir ordu toplamış, Mədinəyə hücuma hazırlaşırdı. Əvvəlcə xəbərin doğru olub-olmadığı təyin edilməli idi və bunu Allah Rəsulu (s.ə.s.) əshabından Büreydə ibn Husayba tapşırır. Kəşfiyyatçı kimi yola çıxan Hz.Büreydə deyilən yerə çatdıqda böyük bir izdihamla qarşılaşır. Özlərinə arxayın və qürurlu görünürdülər. Onun gəldiyini görüncə: – Sən kimsən , – deyə soruşurlar. Narahat idilər. Ancaq: – Sizdən biri, – deyə öncə cavab verir. Hz.Büreydə bu tapşırığı alarkən lazım gələndə sözdən ikibaşlı istifadə etmək məsələsində Rəsulullahdan izin istəmiş və O da ümumi işin xeyri üçün razılıq vermişdi. – O adamın üstünə yerimək üçün toplaşdığınızı eşidən kimi mən də çıxıb yanınıza gəldim. Əgər bu niyyətinizdə qərarlısınızsa, onda mən də gedib qövmümü və mənə itaət edənləri toplayım, birlikdə bir yumuruq kimi Ona hücum edib kökünü kəsək! Rahatlaşmışdılar. Onu tanımırdılar, ancaq bunun nə əhəmiyyəti var idi?! Eyni "düşmən"i hədəf götürmüş bir adamdan nə zərər gələ bilərdi? Buna görə: – Elə biz də bunun üçün bir yerə yığışmışıq. Onda bir az tələs! – deyir Haris ibn Əbu Dirar. Məsələ aydın idi. Demək, Rəsulullaha çatan xəbər doğru idi. Həqiqətən də, bu insanlar  Mədinəyə hücum etmək üçün bir yerə toplaşaraq ciddi şəkildə döyüşə hazırlaşırdılar. Ancaq yenə də ehtiyatlı olmaq lazım idi. Ona görə Hz.Büreydə: – Mən indi gedirəm, bir azdan qövmümdən böyük bir dəstə ilə buraya gələcəyəm, – deyə onlara səslənir. Sevinmişdilər, heç gözləmədikləri halda, bir adam gəlmiş, öz adamları ilə könüllü olaraq onlara dəstək olacağına söz vermişdi. Bu tərəfdə isə Hz.Büreydə Mədinəyə doğru tələsir; möminlərə xəbərin doğru olduğunu çatdırmalı idi. Allah Rəsulu (s.ə.s.) xəbəri alar-almaz dərhal hazırlıq əmri verir və bir düşməni də əzmək üçün ordunun toplanmasını tələb edir. Təqvim hicrətin altıncı ili, şaban ayını göstərirdi. Allah Rəsulu otuzu süvari olmaqla əshabı ilə Mustaliqoğulları istiqamətə üz tutur. Mədinədə isə yerinə Zeyd ibn Harisəni təyin edir.[4] Münafiqlər yer yaxın olduğuna görə və qənimətdən pay qoparmaq məqsədi ilə əvvəlki savaşlardan fərqli olaraq bu yürüşə qatılmışdılar. Xəlaiq adlı yerdə istirahət etmək üçün dayanırlar. Bu vaxt onların yanına Abdülqeysoğulları  qəbiləsindən bir adam gəlir. Allah Rəsulu (s.ə.s.) ona: – Qövmün haradadır?, – deyə soruşur. – Ravhada, – deyə cavab verir adam. Peyğəmbərimiz (s.ə.s.) yenə soruşur: – Hara gedirsən? – Yalnız Sənin yanına gəlib Sənə iman etmək, gətirdiklərinin haqq olduğuna şəhadət edib Səninlə birlikdə düşmənə qarşı döyüşmək istəyirəm, – deyir adam. Rəsulullah çox sevinir. Yenə "ölü" bir qəlb Rəbbini tapmış, Allaha qul olma yolunu tutmuşdu. Allah Rəsulu həmd edir: – Səni İslamla şərəfləndirən Allaha həmd olsun! Həmin adam soruşur: – Allah  hansı əməli daha çox sevir? Əlbəttə, bu iş sadəcə kəlimeyi-tövhidi söyləməklə bitmirdi və bu bəxtiyar ürək də dili ilə təsdiqlədiyi  bu kəlmələrin ardınca da hansı mükəlləfyyətləri daşıyacağını soruşur. – Birincisi, vaxtında qılınan namaz, – buyurur Allah Rəsulu (s.ə.s.). Deməli, imandan sonra ən vacib məsələ namaz idi və imana gəldikdən sonra hər bir mömin vaxtı girən kimi namazını ən kamil şəkildə qılmalı idi. Xəlaiqin səmərəsi olan səhabəni – yeni müsəlman olmuş insanı özləri ilə götürüb yenidən yola çıxırlar. Qarşılarına düşmən tərəfin casusu çıxır və səhabələr də onu yaxalayıb Peyğəmbərin hüzuruna gətirir. Rəsulullah düşmən ordularının yerini və hansı silahlarla təhciz olunduğunu soruşur, amma cavab ala bilir. Onun da müsəlman olmasını istəyir. İslamiyyətdən danışır və Allahın qulu olduğunu qəbul etməsini istəyir. Ancaq adamın tərs damarı tutmuşdu. Ayağına qədər gələn bu dəvəti qəbul etmir. Müreysi adlı yerə çatanda Mədinəyə hücum etmək üçün toplaşan düşmən birliyi Allah Rəsulunun onların üstünə gəlməsi xəbərini alır. Təşvişə düşürlər. Üstəlik casus kimi göndərdikləri adam da ələ keçmişdi. Zarafat deyildi, göz görə-görə üstlərinə böyük bir ordu gəlirdi. Allah Rəsulu (s.ə.s.) Müreysidə dayanaraq dərhal döyüş hazırlığına başlayır. Ordu qısa müddətdə cərgələrə düzülüb əmrə müntəzir dayanır. Mühacirlərin bayrağını Hz.Əbu Bəkir,[5] ənsarın bayrağını isə Sad ibn Ubadə aparırdı. Hər zaman  olduğu kimi, Allah Rəsulu (s.ə.s.) müharibəyə ilk başlayanın özü olmadığını göstərir, hücumdan əvvəl onlarla danışmağa çalışır. Bunun üçün yenə Hz. Öməri seçir. Müreysi vadisi Hz.Ömərin gür səsi ilə titrəməyə başlayır: – Gəlin siz də "Lə ilahə illəllah" deyin və beləliklə, malınızı, canınızı mühafizə edin! Səsin əks-sədası dağlara dəyib ümidsiz-ümidsiz geri qayıdarkən düşmən tərəfdən Rəsulullah və əshabının üstünə ox yağmağa başlayır. Harisin niyyəti məlum idi, döyüş qaçılmazdı. Yağan oxların cavabında müsəlmanlar da ox atmağa başlayır. Ogünkü parol "Ya Mənsur! Əmit" idi. Cüveyriyyə validəmiz şahidlik edir ki, düşmən əsgərləri İslam ordusunu olduğundan daha çox gördüyü halda, müsəlmanlar düşməni daha az görürdülər. Nə daha əvvəl, nə də daha sonra heç kəsin görmədiyi və görməyəcəyi insanlar qara atların üstündə bura gəlib müsəlmanlara yardım edirdilər. Qarşılıqlı ox atışları bir müddət davam etdikdən sonra Allah Rəsulunun əmri ilə bütün ordu hücuma keçir. Sanki, İslam ordusu bir vücud olaraq Bəni-Mustaliq üzərinə gedirdi. Belə bir gücün qarşısında kim dayana bilərdi! Çox keçmədən Bəni-Mustaliq darmadağın edilir, döyüşçüləri əsir, malları qənimət olur. Düşmən qoşunundan on nəfər öldürüldüyü halda, əshab arasından yalnız Hişam ibn Subadə şəhid olmuşdu. Onu da bir nəfər ənsar yanlışlıqla öldürmüşdü. Peyğəmbərimiz Hz.Hişamın diyətinin (qan pulunun) ödənilməsi əmrini verib, onu Hz.Hişamın qardaşı Miqyəs ibn Subabəyə təslim edir.[6] Ələ keçirilmiş əsirlər iki yüz ailədən ibarət idi və bunlar Büreydə ibn Husayba, dəvə, qoyun və iribuynuz malqaraya nəzarət isə Peyğəmbərimizin azadlısı Hz. Şükrana tapşırılır. Qənimətlərin bölüşdürülməsi işini  isə Mahmiyyə ibn Cəz aparır. Artıq bölgü aparılmış və ortada qalan bir qisim əşya da arzu edənlərə satılmışdı. Düşmən ordusunun başçısının qızı Cüveyriyyə binti Haris[7] Sabit ibn Qeys ibn Səmmaş və onun əmisi oğlunun payına düşmüş və o da doqquz okka qızıl əvəzində sərbəst buraxılma haqqında razılaşmışdı.[8] Nə bu savaş, nə də bu əsarət başqa müharibə və əsarətlərə bənzəmirdi. Əllərindəki imkandan istifadə edərək hər kəsi öldürə bilərdilər, amma onlar öldürməyib əsir götürməyi seçmişdilər; indi də əsirlərə yediklərindən yedirir, geydiklərindən geydirirdilər. Bütün bunları görüb səbəblərini öyrənən Harisin qızı Cüveyriyyə üç gün əvvəl gördüyü yuxunu xatırlayır və çox keçmədən kəlimeyi-tövhidi deyib müsəlman olur. Çünki üç gün əvvəl yuxuda Mədinədən doğan bir ay onun yanına qədər gəlmiş və sanki, qucağına qonmuşdu. Təsirindən çıxa bilməsə də, yuxunu heç kəsə danışmağa cəsarət etməmişdi. İndi isə bu röyanın həqiqət olmasını istəyir, hadisələri maraqla izləyirdi. Hz. Cüveyriyyə bütün cəsarətini toplayaraq Allah Rəsulunun hüzuruna gəlir: –Ya Rəsulullah! Mən Allahdan başqa ilah olmadığına və Sənin də Onun Rəsulu olduğuna şəhadət edən müsəlman bir qadınam! Mən bu insanların başçısı Harisin qızı Cüveyriyyə binti Haris ibn Əbi Diraram. Başımıza nələr gəldiyini yaxşı bilirsən! Mən Sabit ibn Qeys ibn Şəmmas ilə onun əmisi oğlunun payına düşdüm. Ancaq Sabit Mədinədəki xurma bağlarından bir qismini əmisi oğluna verib məni aldı. Sonra da əsarətdən qurtulmaq üçün ödəyə bilməyəcəyim bir əvəzlə razılaşdım. Əslində, o, məni buna məcbur etmədi. Çünki mən bu məsələdə Sənin mənə kömək edəcəyinə ümid edirəm. Azadlığa qovuşmağıma kömək et!