Səhabələr

İkinci Bədir

Qasvanın qeyb olması və yenidən cücərən nifaq Dincəlmək üçün fasilə ediləndə danışmağa fürsət tapan münafiqlər hər hadisəni öz xeyirlərinə yozmağa çalışır. Onların niyyətlərindən əl çəkməməsi, nəfəslərini dərər-dərməz dedi-qoduya başlaması da, fasiləsiz yolçuluğun nə qədər zəruri olduğunu göstərirdi. Belə ki, Rəsulullahın dəvəsi Qasva bu əsnada qeyb olur və fürsət gözləyən münafiqlər dəvənin yox olmasını da dilə-dişə salaraq Allah Rəsuluna söz atmaqda bir-biri ilə, sanki, yarışırlar. Qasvanı axtarmaq üçün ətrafa dağılan səhabələri görən Zeyd ibnül-Lusayt: – Bu adamlar niyə belə dörd tərəfə dağıldılar? – deyə soruşur. Yanında duranlar: – Rəsulullahın dəvəsi yox olub, – deyə cavab verirlər. Sonra da Lusayt istehza ilə: – Dəvənin harada olduğunu Allah ona xəbər verəydi də! – deyir. Duruşunda belə təhrikedicilik var idi; əlinə fürsət düşmüşdü, fitnə qazanını körükləməyə çalışırdı. Yanındakılar: – Allah sənin canını alsın, ey Allah düşməni! Sən açıq-aşkar araya nifaq salırsan, – deyə ona qarşı çıxırlar. Üseyd ibn Hudayr bir addım irəli çıxır, əlindəki nizəni göstərib deyir: – Ey Allah düşməni! Allaha and olsun ki, mən Allah Rəsulunun uyğun görəcəyini az da olsa, sezə bilsə idim, buradaca səni nizə ilə parça-parça edər və işini bitirərdim. Əgər içində belə nifaq vardısa, onda niyə bizimlə birlikdə yola çıxırdın? – Dünya malını əldə etmək üçün gəldim, – deyə cavab verir. Aradakı  pərdəni götürmüşdü və qorxmadığı da üzündən görünürdü. Heç çəkinmədən davam edir Zeyd ibnül-Lusayt rişxəndlə: – Həyatıma and olsun ki, Məhəmməd dəvədən daha böyük məsələlərdən bizə xəbər verir?! O, bizə səmanın xəbərlərini gətirir?! Ağzından çıxanı, sanki, qulaqları eşitmirdi və ətrafında olan səhabələr hiddətlə onun üstünə yeriyir: – Artıq sənə qurtuluş yoxdur. Səninlə bir damın altda dura bilmərik! Əgər qəlbindəki bu nifaqı  əvvəlcədən bilsə idik, bizimlə bir an da olsa, oturub-dura bilməzdin, – deyirlər. Dediyi sözlərin baha oturacağını anlayan Zeyd ibnül-Lusayt ox kimi sıçrayıb qaçmağa başlayır. Özünü ələ vermiş və həyatını təhlükəyə atmışdı. Qaçmağının da faydası olmadığını bilirdi: haraya gedə bilərdi? Gəlib Rəsulullahın şəfqətinə sığınmaq istəyir. Qəribə idi, Allah Rəsulunun əshabından qaçıb Rəsulullaha sığınır! Elə bu vaxt Cəbrail (ə.s.) gəlmiş, baş verənlərdən Allah Rəsuluna xəbərdar etmişdi. Münafiq Zeyd də hüzurda ikən Allah Rəsulu (s.ə.s.) camaata səslənir: – Münafiqlərdən biri: "Rəsulullahın dəvəsi itdi," – deyə istehza edərək: "Onun indi harada olduğunu Allah xəbər versin də! Həyatıma and olsun ki, Məhəmməd dəvənin vəziyyətindən daha da böyük mövzularda bizə xəbərlər verir: O, bizə səmadan xəbərlər gətirir," – deyir. Qeybi Allahdan başqa heç kim bilməz! Ancaq indi Allah (c.c.) dəvənin harada olduğunu Mənə xəbər verir.  Hal-hazırda o, bu vadidə noxtası bir ağaca bağlanmış vəziyyətdə dayanıb. Ora gedib onu tapın! Səhabələr "fürsət"i öz xeyrinə çevirməyə çalışan Zeydi susdurmaq üçün bir göz qırpımında Rəsulullahın dediyi istiqamətə qaçmağa başlayır. Tezliklə deyildiyi kimi, dəvəni bir ağaca noxtası dolaşmış vəziyyətdə tapıb gətirirlər. Onların dəvə ilə birlikdə gəldiyini  görən Zeydin qol-qanadı qırılmış, rəngi qaçmışdı. Adı açıq-aşkar çəkilməsə də, o, Rəsulullahın gözündə nə vəziyyətdə olduğunu anlayır və tez oranı tərk edib əvvəlki dostlarının yanına gəlir. Əşyaları dağınıq vəziyyətdə idi, sağa-sola atılmışdı. Hamı ağzına su alıb oturmuşdu, qəzəbli idilər. Yaxınlaşıb oturmaq istəyəndə: – Bizə yaxın durma, – deyə cavab verirlər. İndi dostlarını da itirmişdi. Ancaq öyrənmək istədiyi bir şey var idi və: – Sizinlə mütləq danışmalıyam, – deyə sözə başlayır, – Allah xətrinə mənə həqiqəti söyləyin, sizdən kimsə gedib Məhəmmədə mənim söylədiklərimi danışıbmı? – Xeyr, – deyirlər, – vallah, xeyr! Biz  heç yerimizdən qalxmamışıq da! Zeydin təəccübü bir az da artır və: – Mən burada nə danışmışamsa, oradakı camaat hamısını bilir, eynisini Rəsulullah da söylədi,– deyir. Sonra isə baş verən hadisəni danışır onlara. Ardınca da: – Məhəmməd məsələsində mənim şübhələrim var idi. İndi şəhadət edirəm ki, Məhəmməd  Allahın Rəsuludur. Sanki, bu gün ilk dəfə müsəlman olmuşam! Peyğəmbərimizin şəfqəti bir insana da kamil imanın qapılarını açmışdı. Pərdəni götürməmiş və insanların içində Zeydin xətalarını üzünə vurmamışdı. İndi isə bu davranış bəhrəsini verir. Onun bu cür dəyişdiyini görənlər: – Get baş verənləri Rəsulullaha  danış. Sənin üçün Allahdan bağışlanma diləsin, – deyirlər. O da qalxır və hüzuruna gələrək vəziyyəti Allah Rəsuluna danışır. Bir az əvvəl haqqında xoşagəlməz sözlər dediyinə görə Rəsulullahdan aman diləyir, xətasını etiraf edib bağışlanmağını istəyir. Nifaqın kulminasiya nöqtəsi: İfk hadisəsi Allah Rəsulu (s.ə.s.) Mədinə xaricinə uzunmüddətli səfərlərə çıxarkən zövcələri arasında püşk atar və kimə düşərdisə, onula birlikdə yola düşərdi. Yol boyu zövcəsi Onun qulluğunda durardı. Bəni-Mustaliq səfəri ərəfəsində də atılan püşk Hz.Aişə validəmizə düşmüşdü. Aişə validəmiz bədəncə zəif idi; onu dəvə üstündə rahat səfər etmək üçün hazırlanan  kəcavəyə mindirir, daha sonra üç-beş nəfər köməkləşib dəvənin üstünə bərkidirdilər. Növbəti dayanacağa qədər də yoluna belə davam edirdi. İstirahət etmək üçün ordu fasilə verərkən kəcavə aşağı endirilir və bundan sonra Hz.Aişə validəmiz kəcavədən çıxıb Rəsululllaha qulluq etmək üçün hazırlıq görürdü. O gün də belə olmuşdu. Təxminən bir aya qədər davam edən Bəni-Mustaliq səfəri bitmişdi. Ordu da nifaqın əsdirdiyi qasırğa ilə birlikdə geri dönürdü. Artıq aradakı pərdə götürülmüşdü və həya pərdəsinin yırtılması ilə münafiqlərin əsl simaları görünmüşdü. O günə qədər fürsət axtaran münafiqlər, sanki, Allah Rəsuluna söz atma yarışına girmişdilər. Mədinəyə xeyli yaxınlaşmışdılar, Rəsulullah bir qədər dincəlmək üçün orduya istirahət əmri verir. Təbii olaraq, kəcavə də açılır, Aişə validəmiz də dəvədən endirilir. Buraya kimi hər şey qaydasında idi. İnsanlar kifayət qədər dincəlir. Hərəkət əmri verildiyi vaxt Aişə validəmiz ehtiyacını ödəmək üçün getdiyi yerdə bacısından əmanət aldığı boyunbağını axtarırdı. Bu tərəfdə isə əshab Hz.Aişəni kəcavənin içində zənn edib onu dəvənin üstünə bərkidib çoxdan yola düşmüşdü. Aişə validəmiz geri dönəndə artıq düşərgə yerində heç kim qalmamışdı. Nə qədər çağırsa da, səsinə səs verən olmur. Qəribə idi ki, axtardığı boyunbağı da orada idi. Başqa yol yox idi. Bərk-bərk örtüyünə bürünüb elə oradaca çömbəlir və əshabı gözləməyə başlayır. Bir azdan Safvan ibnül-Muattal gəlib çıxır; o, ordudan geri qalmış və Rəsulullahla birlikdə hərəkət etmək fürsətini əldən vermişdi. Özü kimi yoldan qalmış bir qaraltı görüb sürətlə irəliləyir. Örtüyünə bürünərək yerdə çöməlib oturan Aişə validəmiz görən kimi: – İnnə lilləh və innə ileyhi raciun, – deyə səslənir, – Rəsulullahın ailəsi də burada qalıb!