Səhabələr

Mübarək doğum

Abdulmuttalibin təvəkkülü və təslimiyyəti ilə yanaşı, Əbrəhə və ordusunun başına gələnlər dillərdə dastan olmuşdu. Yaddaşlar bir daha silkələnmiş və Hz. İbrahimlə Hz. İsmailin dualarla inşa etdiyi Kəbənin toxunulmazlığı bir daha təsdiqlənmişdi. İndi bəşəriyyət bu duaların qəbul edilməsi həyəcanını yaşamağa hazırlaşırdı.

Bəşəriyyətin gözlədiyi Son Xilaskara hamilə olan Hz. Əminə başqa hamilə qadınlar kimi sıxıntılar yaşamır və onu sərin külək kimi bürüyən rəhmət mehinin ağuşunda hamiləlik dövrü keçirirdi. Üstəlik bir də qulağına müjdələr pıçıldanırdı. Bir gün bunları eşidir:

− Həqiqətən, Sən ümmətin əfəndisinə (rəhbərinə) hamiləsən. Onu dünyaya gətirdiyin vaxt: “Onu hər cür həsəd aparanın şərindən Bir olana əmanət edir və Onun himayəsinə həvalə  edirəm,” − de, adını da  “Məhəmməd” qoy![1]

Əminə şahid olduğu bu hadisədən olduqca təsirlənmişdi. Bəli,  bir körpə gətirəcəkdi dünyaya. Amma bu  körpənin “ümmətin rəhbəri” olması nə demək idi? Həm də Məhəmməd adını indiyə qədər eşitməmişdi. Çünki o dövrdə Məhəmməd adı, demək olar ki, işlənmirdi. Bu ad bütün Hicazda ancaq üç nəfərə qoyulmuşdu. Bunların üçünün də atası hökmdar və məliklərlə birlikdə olmuş kitab əhli insanlar idi. Hamısı da həyat yoldaşları hamilə olarkən vəfat etmişdilər. Ölməmişdən əvvəl həyat yoldaşlarına əgər doğulacaq uşaq oğlan olarsa, adını Məhəmməd qoymağı vəsiyyət etmişdilər. Çünki onlar bilirdilər ki, axırzamanda dünyaya gələcək Son Peyğəmbərin adı Məhəmməd olacaq və artıq Onun da ulduzu doğmaq üzrə  idi. [2]

Davamı: 1 2 3 4 5 6 7 8 9