Səhabələr

Mübarək doğum

Bətnində gəzdirdiyi əmanət onun yuxularına da girir və beləliklə, yükü yüngülləşirdi. Bir gün Əminə yuxuda vücudundan böyük bir nur  çıxdığını və bu nurla Bəsrə və Şam bölgəsindəki sarayların  işıqlandığını görür.[3]

Təqvim 20 aprel 571-ci il tarixini göstərirdi. Fil hadisəsindən  təx­minən 50 gün ötmüşdü. Qəməri təqvimlə rəbiül-əvvəl ayının 12-si, bazar ertəsi idi. Dan yerinin sökülməyə başladığı ərəfədə bütün qaranlıqları nura qərq edəcək bir doğum yaşanırdı. Abdurrəhman ibn Avfın anası Şifa xatunla Osman ibn Əbil-Asın anası Fatimə Xatun Hz. Əminənin yanında idi. Beləcə əsrlərdir, müjdəsi dillərdə dastan olan Son Sultan Hz. Məhəmməd (s.ə.s.) sühulət içində (asanlıqla) dünyaya təşrif buyurur. Doğulmuşdu Fəxri-Kainat, amma başqa uşaqlara bənzəmirdi. Körpənin dodaqları tərpənir və nəsə pıçıldayırdı. Şifa xatun diqqətini artırınca: “Allah sənə mərhəmət etsin!” − dediyini eşidir. Otağın içi bir anda aydınlaşmış, Şərq və Qərb bu aydınlıqla nura qərq olmuşdu. Hətta bu nurla Rum diyarının sarayları görünmüşdü. Fatimə Xatunun da şahid olduğu nur seli evin hər küncünü bürümüşdü.[4] Elə bil, göydəki ulduzlar salxım-salxım uzanmış, üstlərinə töküləcəkdi.[5]

Dərhal Abdulmuttalibə xəbər göndərilir. Kəbədə ibadətlə məşğul olan Abdulmuttalib həyəcan içində evə gəlir. Cahanın intizarla gözlədiyi Nuru qucağına alanda sevincdən saqqalı göz yaşları ilə islanmışdı. Oğulları arasında ən çox sevdiyi Abdullahın övladı sağ-salamat anadan olmuş, mənalı baxışları ilə onu süzürdü. Kürək sümükləri arasındakı bir işarə hamının diqqətini cəlb etmişdi, çünki bu, din alimlərinin bildirdiyi kimi, gələcək Son Peyğəmbərin “peyğəmbərlik möhürü” idi.

Davamı: 1 2 3 4 5 6 7 8 9