Səhabələr

Mübarək doğum

Yeni bir ulduz

Xüsusilə, yəhudi alimləri arasında geniş yayılmış bir fikrə görə, axırzaman peyğəmbərinin doğulmasına az qalmışdı və bunu xəbər verəcək ulduz da çıxmaq üzrə idi. Onsuz da uzun müddətdi  səmada, sanki, atəşfəşanlıq başlamışdı: axan ulduzlar səmada qövs əmələ gətirirdi. Əvvəllər bu qədər ulduz sürüşməsi görünməmişdi və həmin gecədən sonra bir daha da görünməyəcəkdi. Çünki ulduzlar şeytani düşüncələrin xəbər mənbələrinə sanki güllə kimi yağırdı, Ona və Onunla gələcək həqiqətlərə zərər verilməsinin qarşısını  alırdı. Həmin günə qədər Hicazda geniş yayılmış kahinlik bundan sonra vəhylə qarışdırılmaması üçün sona çatacaq və kahinlərə gələn xəbərlər birdəfəlik kəsiləcəkdi. Çünki O, kahinləri də, kahinliyi də aradan qaldırmaq üçün gəlirdi.

O gün Məkkədə olan bir yəhudi taciri səhər açılar-açılmaz Qureyşdən soruşur:

− Ey Qureyş camaatı! Bu gecə sizlərdən kimin  övladı dünyaya gəlib?

Hələ heç kimin xəbəri yox idi və:

− Vallah, xəbərimiz yoxdur, bilmirik, − deyirlər.

Yəhudi tacir əvvəlcə təkbir gətirir və ardınca  bu sözləri deyir:

− Bir səhviniz var, gedin yaxşı baxın və dediklərimi də yaxşı yadınızda saxlayın. Bu gecə ümmətin son Peyğəmbəri Əhməd doğuldu. Yaxşı baxın, əgər O, burada deyilsə, Fələstindədir. Kürəklərinin arasında qara ilə sarının qarışığı rəngində tüklərlə örtülmüş peyğəmbərlik möhürü var.

Davamı: 1 2 3 4 5 6 7 8 9