Səhabələr

Müqəddəs Köç Hicrət

Artıq Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) da hicrət izni verilmişdi və O da Məkkəni tərk etmək üzrə idi. Çünki Cəbrailin gətirdiyi vəhyin bir ayəsi dilində əzbər olmuş, hər dəfə: − Ey Rəbbim! Məni doğruluq diyarına − Mədinəyə qovuşdur və Məni doğru bir vaxtda da buradan çıxart, dərgahından nüsrət (kömək, zəfər) dolu bir nemət bəxş et!,[1] − deyə dua edirdi. İndi bu dualar qəbul edilmiş, Allah Rəsulu da (sallallahu əleyhi və səlləm) müqəddəs köçə − Mədinəyə hərəkət etməyə hazırlaşırdı. Cəbrail əvvəlcə məkkəlilərin qurduğu tələni xəbər verir və: − Qətiyyən həmişə yatdığın yatağında yatma,− deyir, ardınca da Məkkə çıxışından  tutmuş Qureyşin tələsindən necə xilas olmağa qədər hicrət strategiyasını öyrədir. Qısası, müqəddəs köç Qureyşin hiylələri ilə Alimi-Xabir ( Allahın isimlərindən biri,  hər şeydən xəbərdar olan) olan Allahın tədbirləri arasında başlamışdı.[2] Peyğəmbər Peğəmbərimiz  Ona hicrət müjdəsini gətirən Cəbraildən: − Hicrət yolçuluğunda  mənim yoldaşım kim olacaq? − deyə soruşur. − Əbu Bəkir, − cavabı verilir.[3] Əbu Bəkir də xeyli vaxt idi ki, hicrətdə Allah Rəsuluna yol yoldaşı olmaq fürsətini gözləyirdi. Hamının istirahətə çəkildiyi bir günorta vaxtı gözlənilmədən Hz. Əbu Bəkirin qapısı döyülür. Rəsulullah (s.ə.s.) idi, içəri girmək üçün icazə istəyirdi. İnanılası deyildi! Allahın Ən Sevgili Qulu, Əbu Bəkirin qapısı ağzında durmuş, içəri keçmək üçün icazə gözləyirdi! − Atam-anam Ona fəda olsun! Vallah, mühüm bir iş var ki, belə bir vaxtda gəlib,− deyə əvvəlcə öz-özünə pıçıldayır. Dərhal qapıya qaçır və Peyğəmbərimizi içəri dəvət edir. Hz. Əbu Bəkir maraqla gözləyirdi. Çünki bu günə kimi, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) onlara ya səhərin erkən vaxtlarında, ya da axşamın sərinliyində gəlmişdi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Əbu Bəkirin orada olan qızları Əsma ilə Aişəni nəzərdə tutaraq ev adamlarının başqa yerə keçməsini istəyir. Hz. Əbu Bəkir isə: − Narahat olma, ey Allahın Rəsulu! Onlar mənim qızlarımdır. Sənin də əhlin sayılır. Atam-anam Sənə fəda olsun! Nəsə olubmu? − deyə soruşur; belə gözlənilməz təşrifin səbəbini öyrənməyə çalışırdı.Allah Rəsulunun (s.ə.s.) cavabı gecikmir: − Məkkədən çıxıb hicrət etmək üçün Mənə də izn verildi. Əbu Bəkir indi daha da həyəcanlanmışdı: − Birlikdəmi, ey Allahın Rəsulu? − deyə soruşur. Maraqla gözləyən Hz. Əbu Bəkirin  sualına Rəsulullah (sallallahu əleyhi və səlləm) bu müjdəli sözlərlə cavab verir: − Bəli, birlikdə. Dünyalar onun olmuşdu. Əbu Bəkir də bu gün üçün hazırlaşmış və “Haydı, gedirik!” əmrini gözləyirdi. Çünki o da başqa müsəlmanlar kimi hicrət üçün icazə istəyəndə bunun müjdəsini elə o vaxt Allah Rəsulundan almışdı. Onda Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Hz. Əbu Bəkirə: “Tələsmə! Ümid edilir ki, Allah Sənin yanına bir yoldaş da qoşar”, − demişdi. Bundan sonra da, Əbu Bəkir iki nəfərlik yol hazırlığına başlamışdı. Dörd ay idi, iki dəvəni bu səfər üçün hazırlayırdı. O gündən Allah Rəsulundan (sallallahu əleyhi və səlləm) indiki kəlmələri gözləyirdi. Məhz indi eşitmək istədiyini eşidirdi! Bu cavab gedişatı dəyişdirəcək bir addımın başlanğıcı idi. Həm də bu tarixi səfərdə Rəsulullaha (s.ə.s.) yoldaş olmaq... Bundan da böyük bir nemət ola bilərdimi? Hz. Əbu Bəkir (r.a.) özünü saxlaya bilmir, sevincindən hıçqıra-hıçqıra ağlayırdı.[4] Çox keçmədən, Əbu Bəkir iki dəvəni gətirir və: − Ey Allahın Peyğəmbəri! Mən bu iki miniyi bu iş üçün hazırlamışdım, − deyir. Ancaq Rəsulullah (sallallahu əleyhi və səlləm) hər davranışı ilə insanlara nümunə olmalı idi. Hz. Əbu Bəkirə dönərək: − Ancaq qiymətini ödəmək şərti ilə, − deyərək belə əhəmiyyətli səfərdə haqqını ödəmədiyi bir nemətdən istifadənin düzgün olmadığını göstərəcəkdi.