Səhabələr

Müqəddəs Köç Hicrət

Bundan sonra Allah Rəsulu (sallallahu əleyhi və səlləm), sadiq dostu Hz. Əbu Bəkir və yol bələdçisi məkkəli müşrik Abdullah ibn Ureykıt yola düzəlir, sahil tərəfi ilə Mədinəyə üz qoyurlar . Əbu Kuhafənin etirazları Bu qədər hadisənin bir ucu da ata Əbu Kuhafəyə çatırdı; yaşlı qoca evə gələndə oğlunu görməmiş və harada olduğunu soruşmuşdu. Bütün cavablar oğlunun getdiyini deyirdi. Bu işin zarafatı yoxdu; Məkkə, ticarət, arvad-uşaq, qohum-əqrəba, köhnə dostlar və valideynlər tərk edilmiş, bu yaşdan sonra yeni bir məkan Vətən seçilmişdi. Hələ imanı dadmamış bir adamın bunu dərk etməsi mümkün deyildi. Çünki bir qəlbə iman girmişdisə, o qəlb öz sahibinə imanının gücü nisbətində inanılmaz addımlar atdırar və o imandan məhrum olanlar bunları qətiyyən anlaya bilməzdi. Lazım gələrsə, Onun üçün anadan-atadan da keçilər, aşılmaz sədlər aşılar, hətta arvad-uşaqdan da vaz keçilərdi. Şübhəsiz, Rəsulullahla birgə Mədinəyə hicrət məsələsi ortaya çıxanda, bəlkə də, Əbu Bəkirin yadına nə valideyn, nə də arvad-uşaq düşmüşdü. Uzun illər sonra Təbükə hazırlaşarkən dediyi kimi, onları Allaha və Onun Rəsuluna əmanət etmişdi. Bir tərəfdə Əbu Kuhafə isə oğlunun getməsinə inana bilmir və hər rastına çıxana belə deyirdi: − Bunu da etdimi? Arvad-uşağını burada, arxada qoyub çıxıb getdimi?[23] Bəli, getmişdi... Arxasına da baxmadan... Elə Əbu Kuhafənin oğlu Abdullah ibn Osmanı Əbu Bəkir edən onun bu fədakarlığı və haqqından vaz keçmək əzmi deyildimi? Nəvəsi Əsmaya sual dalınca sual yağdıran Əbu Kuhafə oğlunun var-dövləti ilə maraqlanır və narahatlığını dilə gətirərək  soruşurdu: −  Allaha and olsun ki, o, çox ehtimal, sərvətini də özü ilə aparıb, eləmi? Hz. Əsma təmkinlə cavab verir: −Yox, ay baba! O, bizim üçün böyük sərvət qoyub getdi. Qoca Əbu Kuhafənin gözləri zəif görürdü və bundan da istifadə etmək istəyən Əsma xırda daşları bir yerə yığıb üstünü bir parça ilə örtür. Sonra da əlindən tutduğu babasını ata Əbu Bəkirin onlara böyük sərvət qoymasına inandırmağa çalışacaq, əlini daşların üstündə gəzdirən Əbu Kuhafə də bununla təsəlli tapacaqdı.[24]