Səhabələr

Müqəddəs Köç Hicrət

Suraqanın təqibi Digər tərəfdən isə Allah Rəsulu (s.ə.s.) və Hz. Əbu Bəkirin başına qoyulan mükafatı əldə etmək üçün yola çıxanların çoxu əliboş qayıtsa da, inadından dönməyənlər də vardı. Mudlicoğullarından bir nəfər gəlmiş, kənd meydanında oturanlara məkkəlilərin başına yüz dəvə mükafat qoyduğu iki yolçunu gördüyünü deyirdi. Başlarına dövlət quşu qonmuş adamlar kimi gözləri hədəqəsindən çıxmış və Suraqa ibn Malikə yönəlmişdilər. Yolçuları görən adam da məsələni kimə demək lazım olduğunu bildiyi üçün onun yanına gəlmişdi: − Ey Suraqa! Bir az əvvəl sahildə hərəkət edən bir qaraltı gördüm. Zənn edirəm ki, onlar Məhəmməd və dostudur! Suraqa da belə təxmin edirdi: bu xəbər də onun təxminini gücləndirmiş və artıq şübhəsi qalmamışdı. Ancaq belə bir xəbər böyük-kiçik hər kəsin yanında danışılmamalı idi. Buna görə də, özünü elə göstərdi ki, guya əhəmiyyət vermir: − Onlar zənn elədiyin kimi həmin adamlar ola bilməz. Sənin gördüklərini bir az əvvəl mən də gördüm, onlar filankəslərdir, − deyir. Onun bu sözləri ilə yüz dəvəni alıb bundan sonra varlı adam kimi yaşamaq xəyalları puç olmuşdu. Suraqa da öz fikirlərini büruzə verməmək üçün halını pozmadan bir müddət orada oturur. Artıq mövzu dəyişmiş, söhbət başqa şeylərdən düşmüş, yolçular tamam unudulmuşdu. Suraqa yerindən qalxıb evinə gəlir. Dərhal xidmətçisinə yola çıxmaq üçün atını hazırlamağı və filan vadiyə gedib orada atla onu gözləməyi tapşırdı. Ardınca da nizəsini götürüb evin arxa tərəfindən çıxır və xidmətçisini göndərdiyi vadiyə tərəf yollanır. İndi hamını aldada bilmişdi. Suraqa vəd edilən mükafata təkbaşına sahib olmaq istəyirdi. Çox keçmədən gəlib xidmətçisi ilə atının gözlədiyi vadiyə çatmış, səssiz bir yolçuluğa başlamışdı. Bir tərəfdən Sevrdən ayrıldıqları üç gün olmuşdu. Müqəddəs köçün müqəddəs yolçuları heç gözləmədikləri halda arxadan bir toz buludunun sürətlə onlara yaxınlaşdığını gördülər. Əbu Bəkirdə yenə Sevrdəki kimi təlaş var idi. Amma bu dəfə nə sığınmağa mağara, nə də  müdafiə olunmağa bir imkan vardı: −  Ey Allahın Rəsulu! Arxamızca gələn adam bizə çatmaq üzrədir! Hz. Məhəmməd (sallallahu əleyhi və səlləm) eyni təmkin və təvəkküllə belə cavab verir: − Kədərlənmə! Allah bizimlə bərabərdir. Təbii ki, vəzifəsini yerinə yetirən bir adama, kim nə düşünür-düşünsün, zərər yetirə bilməyəcəkdilər və onlar üçün ən etibarlı sığınacaq Allahın yardımı idi. Amma Əbu Bəkirin narahatlığı artmış, səbəblər baxımından işin sonuna gəldiklərini fikirləşib ağlayırdı. Onun bu halını görən Allah Rəsulu (sallallahu əleyhi və səlləm): − Sən niyə ağlayırsan? − Allaha and olsun ki, özümə deyil, Sizə bir ziyan dəyəcəyinə görə ağlayıram, ey Allahın Rəsulu! − deyir. Lap yaxınlaşdıqda gələn adamın Suraqa olduğunu görürlər. Hz. Əbu Bəkirdəki narahatlıq və təlaş davam edirdi. Allah Rəsulu (s.ə.s.) dönüb diqqətlə Suraqaya baxır. Bəlkə də, gözləri ilə onu əsir alıb təsirsiz hala gətirmək istəyirdi: Düşmən kimi arxalarınca at çapan Suraqanı sanki gözləri ilə yaxalayıb yerə çırpacaqdı. Bir də meydanda ilahi dərgaha yönəliş vardı. Allah Rəsulunun (s.ə.s.) dodaqları tərpənirdi, dua edirdi: − Allahım! Bu gələn adam haqqında bizə dilədiyin kimi dəstək ol və güc ver, − deyir və digər tərəfdən də Suraqaya nəzər yetirirdi. Peyğəmbərin baxışının ona toxunması ilə, həm də heç gözləmədiyi bir anda Suraqanın altındakı atın ayaqları quma saplanır. Suraqa bir neçə metr qabağa yuvarlanmış və düşdüyü yerdən toz buludu qalxmışdı.