Səhabələr

Müqəddəs Köç Hicrət

Hər kəs özünə görə fədakarlıq etməli və ehtiyac olan yerdə Haqq naminə məharətini göstərməli idi. Artıq Suraqa da Allah yoluna rəvan olmuş, Rəsulullahın müdafiəçilərindən birinə çevrilmişdi. Peyğəmbərimiz (s.ə.s.) bu müjdə ilə Suraqanın ardınca səslənir: − Kisranın (Ərəblərin İran şahlarına verdiyi ad) iki bilərziyinə sahib olacağın gün, görəsən, halın necə olacaq, ey Suraqa?[27] Xilas olması müqabilində heç bir əvəz ödəmədi, əksinə, həm İslamla şərəflənmiş, həm də istiqbalı ilə bağlı xəbərlə müjdələnmişdi. Bu isə o dövrün  iki ən böyük dövlətindən birinin yaxın vaxtlarda diz çökəcəyi və Suraqanın gücü təmsil edən hökmdar bilərziklərinə də  sahib olacağı mənasına gəlirdi. Əvvəlcə inana bilmir və: − Hörmüzün oğlu Kisranınmı? − deyə təlaşla soruşur. − Bəli, − deyirdi Allah Rəsulu. Eyni zamanda, bu, Suraqa da başda olmaqla bütün ümmətinə yeni hədəf göstərirdi. Öldürmək məqsədilə arxasınca düşdüyü adamın dizinin dibində İslamı qəbul edən Suraqa da Peyğəmbərimizin yazdırdığı fərman və tapşırığı almış, artıq Məkkəyə qayıdırdı.[28] Bir az əvvəl Peyğəmbərimizi öldürmək niyyəti ilə yola düşən bu insan, imanı dadandan sonra Rəsulullahı təqib edən başqa adamları da geri qaytaracaq və gəldiyi istiqamətdə heç kimin olmadığını bildirəcəkdi. Hicrət yolunun xariqələri Hz. Əbu Bəkir yol boyu Peyğəmbərimizə (s.ə.s.) ən kiçik xətər toxunmasın deyə, əlindən gələni edir və Onun rahat olması üçün səy göstərirdi. Dincəlmək istəyəndə tez Allah Rəsulu üçün kölgələnməyə ağac axtarıb tapır, Rəsulullah istirahət edərkən də yemək-içmək tədarükü görürdü.[29] Zaman-zaman da Hz. Əbu Bəkirin qabağına ticarətdə tanıdığı adamlardan bəziləri çıxır və yanındakı adamın kim olduğunu soruşurdu. Hz. Əbu Bəkir də tərəddüdsüz: − Bu, mənə doğru yolu öyrədən adamdır, − deyir və məsələni iki cür başa düşüləcək bir üslubla çatdırmağa çalışırdı. O, həm bununla yalan danışmır, həm də doğru danışaraq vəziyyətdən asanlıqla çıxırdı.[30] Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) isə hər bir şəraiti imana dəvət etmək üçün dəyərləndirmək istəyir: yolda rastlarına çıxan hər kəslə danışır və onlara Rəbbindən bəhs edirdi. Bəzən bir çobanla oturub söhbət edir, bəzən də yemək istədikləri adamlara Allah haqqında danışırdı. Bu arada Allahın bir çox neməti leysan olub Onun üstünə yağır və yanındakılar da möcüzələrə şahid olurdular. Bəlkə də, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bu hərəkətləri ilə şəraitdən və məkandan asılı olmayaraq, hər bir möminin Rəbbindən danışmaq üçün mütləq bir çıxış yolu tapmalı olduğunu göstərir, zindanları da saraylara çevirən ruhi-mənəvi halın nümunələrini ortaya qoyurdu.