Səhabələr

Müqəddəs Köç Hicrət

Bu vaxt qoyun otaran bir çoban Peyğəmbərimizlə (sallallahu əleyhi və səlləm) birlikdə Hz. Əbu Bəkirin Mədinəyə tərəf üz tutduğunu görmüş və bunu Məkkə camaatına xəbər vermək istəmişdi. Özünü tələm-tələsik Məkkəyə çatdıran həmin çoban bu qədər yolu niyə gəldiyini heç cür yadına sala bilməmişdi. Xatırlamaq üçün xeyli gözləmiş, amma mümkün olmamışdı. Və yenidən qoyunlarının yanına qayıtmışdı.[31] Süd möcüzəsi Yolda yenə bir çobana rəst gəlir və ondan süd istəyirlər. Çoban: − Sürümdə qışın əvvəllərində boğaz olan bu keçidən başqa sağılası heyvan yoxdur. O da balasını saldığı üçün süddən kəsildi, − deyir. Bunu eşidən Hz. Əbu Bəkir Peyğəmbərimizə (s.ə.s.) tərəf dönüb: − Buna dua edərsinizmi, ey Allahın Rəsulu?− deyir. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) can yoldaşının qəlbini qırmayacaq və dua edəcəkdi. Bu vaxt Hz. Əbu Bəkirin göstərişi ilə həmin keçi tutulmuş və Rəsulullahın önünə gətirilmişdi. Hz. Məhəmməd bir tərəfdən dua edir, digər yandan da mübarək əlləri ilə keçinin məmələrini sığallayırdı. Elə oradaca keçinin məmələri südlə dolmağa başlamışdı. Hz. Əbu Bəkir (r.a.) tez gedib bir qab tapmış və məmələri dolan keçini sağmağa başlamışdı... Südü sağıb içməyə başlayınca o anacan sakitcə onları seyr edən çobanın dili açılacaq və: − And verirəm Allaha, de görüm Sən kimsən? Vallah, bu günə qədər Sənin kimi adam görməmişəm, − deyəcəkdi. Peyğəmbərimiz (s.ə.s.) çobana yaxınlaşır: − Kim olduğumu sənə söyləsəm, başqasına deməyəcəyinə söz verərsənmi? − deyə soruşur. Çoban: − Bəli, − deyir. − Mən Allahın Rəsulu Məhəmmədəm, − deyə buyurur. Bunu eşidincə çobanın gözləri böyüyəcək, az qala hədəqəsindən çıxacaqdı: − Yəni Sən Qureyşin sabi sandığı həmin adamsan? − deyə təəccüblə soruşur. − Onlar belə deyirlər, − deyə cavab verir Alah Rəsulu (s.ə.s.). Bu, onların Hz. Məhəmmədə aid etdiyi bir ifadə idi. Bu qısa dialoqun nəticəsi özünü elə oradaca göstərməyə başlamış, çoban təslim olmuşdu: − Mən şəhadət gətirirəm ki, Sən Peyğəmbərsən və yenə şəhadət gətirirəm ki, Sənin gətirdiyin Haqdır. Çünki Sənin bu etdiklərini ancaq bir peyğəmbər edə bilər. Mən də Sənə tabe oluram. Adamın belə qısa vaxtda imanla tanış olması və tanış olarkən də bu cür həyəcanlanması Peyğəmbərimizin diqqətini cəlb etmiş və ona nəsihət etmək lüzumunu duymuşdu. Çünki o gün bu həyəcana tab gətiriləsi vaxt deyildi. Buna görə də Rəsulullah (sallallahu əleyhi və səlləm) belə buyurur: − Bu gün sən buna güc yetirə bilməzsən! Ən yaxşısı, sən bizim bu işimizin nə vaxt ətrafa yayıldığını eşitsən, o zaman yanımıza gəl![32] Ümmü Məbəd Ümmü Məbəd yaşlı və iri cüssəli bir qadın idi. Huzaaoğullarının yurdundakı çadırının qabağında oturur və yoldan ötənlərə yemək verirdi. Allah Rəsulu (s.ə.s.) və yoldaşlarının da yolu buradan keçirdi. Təxminən  yüz otuz kilometr məsafə qət etdikdən sonra onun çadırının olduğu yerə gəlib çatmışdılar. Ümmü Məbəddən pulu ilə yemək istəyirlər. Amma tale elə gətirmişdi ki, həmin gün qadının yanında satılası yeməyi qalmamışdı. Çünki xeyli vaxt idi ki, yağış yağmırdı: yaşıllıqlar qurumuş, qıtlıq  hökm  sürürdü. Bu vaxt Allah Rəsulu (sallallahu əleyhi və səlləm) çadırın yanında dayanan qoyunu göstərərək: − Ey Ümmü Məbəd! Bu qoyuna nə olub? Niyə burada dayanıb? − deyə soruşur. Ümmü Məbəd: − Yazıq acından taqəti qalmadığı üçün sürü ilə gedə bilmədi, − deyir. − Onun südü varmı? − deyə Rəsulullah (sallallahu əleyhi və səlləm) ikinci dəfə soruşur. − Güclə ayaq üstə durur, südü haradan olsun? − deyə qadın cavab verir. Bu sözlərdən sonra Allah Rəsulu (s.ə.s.): − Onu sağmağıma icazə verərsənmi? − deyir. Mümkün olmayan bir şey istənilirdi. Dərisi sümüyünə yapışmış və bütün günü yataraq keçirən bir qoyundan da heç süd çıxardımı? Buna görə də: − Atam-anam Sənə qurban olsun, əgər onda bircə damcı süd tapa bilsən, əlbəttə, sağ, − deyirdi gülə-gülə! Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) artıq qoyunun yiyəsindən razılıq almışdı. Qoyunun yanına gedərək dua etməyə başlayır. Allahın adını çəkir, südsüz məmələrə süd verməsi üçün Rəbbinə yalvarır, bir tərəfdən də büzüşmüş məmələri sığallayırdı. Bu vaxt Ümmü Məbəd bihudə sandığı bu işə bir məna verə bilməsə də,  kənardan tamaşa edirdi. Qoyun birdən-birə canlanmış və ayağa durmuşdu. Bu hələ harası idi? Qoyunun məmələri südlə dolurdu! Bunu görən Allah Rəsulu (s.ə.s.) tez bir qab istəmiş və süd daşan məmələri sağmağa başlamışdı. Elə bil bir az əvvəlki o quru məmələr indi süd bulağına bağlanmışdı və onlardan bol-bol süd gəlirdi.