Səhabələr

Müqəddəs Köç Hicrət

Rəsulullah (sallallahu əleyhi və səlləm) qabdakı süddən, heyrət dolu baxışlarla məsələni anlamağa çalışan Ümmü Məbədə verir. Bəlkə də, bununla gördüklərinin xəyal deyil, əksinə, həqiqət olduğunu göstərmək istəyirdi. Ümmü Məbəd qabı alır və doyunca içir. Sonra aylardır qarınları doymayan uşaqlarına da doyunca içirdir. Evdəki sonuncu adam da süddən içib doyandan sonra Peyğəmbərimiz (s.ə.s.) yenə qoyunu qab dolana qədər sağır. Hər kəs doymuş, hələ bir qab süd də artıq qalmışdı. Ayrılmaq vaxtı çatmışdı. Əslində onun kimi bir adama başqa bir şey başa salmağa ehtiyac yox idi. Bir dəvətlə  Ümmü Məbəd elə oradaca müsəlman olur. Qoyunları bütün günü otarmağa çalışdığı halda, heç cür doyura bilməyən əri Əbu Məbəd axşam sürüsü ilə evinə dönür. Qabdakı südü görüb: − Ey Ümmü Məbəd! Bu qabdakı süd nədir? Qoyunlar burada deyildi, burada olsaydılar da, heç birində süd yoxdur, − deyir. Bu böyük qadın şahid olduqlarını danışır ərinə: − Allaha and olsun ki, bu gün bura çox müqəddəs adamlar gəldi, − deyə bir-bir danışır gördüklərini. Əbu Məbəd də həyəcanlanmışdı: − Əlamətlərini təsvir edə bilərsənmi? − deyə soruşur. Aydın idi ki, beynində bir əlaqə qurmuşdu. Ümmü Məbəd Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) rəsmini çəkirmiş kimi danışmağa başlayır: − Nur üzlü bir adam idi. Gözəl və parlaq sifəti vardı. Fitrətən yaraşıqlı və düz qamətli idi. Nə qarnı qabağa çıxmışdı, nə başı balacaydı, nə də qüsurlu. Orta boylu idi, çox gözəl və orta bədən quruluşu vardı. Gözləri qara, gözünün kənarları da uzundu. Səsində məxmər kimi mülayimlik vardı. Çiyinləri geniş, saqqalı da sıx idi. Qaşları da uzaqdan seziləcək qədər aydın görünürdü. Sakit dayanarkən üzərində vüqar, danışarkən məclisində cəzbedicilik hakim idi. Allahın adını anaraq danışmağa başlayır və Onu daim uca tuturdu. Uzaqdan baxanda insanların ən gözəli və gözəgəlimlisi idi, yaxınlaşanda isə camal və ehsanın zirvəsini təmsil edirdi. Söylədikləri inci-inci (dənə-dənə) idi və səsi nə yüksək, nə alçaq idi. Məntiqi şeir kimi axıcı idi. Nə hamıdan hündür olacaq qədər uzunboylu, nə də insanlar arasında seçilməyəcək qədər bəstəboy idi. O, iki budaq arasında dayanan üçüncü budaq kimi idi. Üç nəfərin arasında qızıl kimi parıldayırdı və görünüş etibarilə də onların ən yaraşıqlısı idi. Yoldaşları ətrafında pərvanə kimi dolanır, bir bəyanı olanda Onu diqqətlə dinləyir, Ondan bir buyruq eçidincə dərhal yerinə yetirirdilər. Başına fırlanır  və hər arzusunu yerinə yetirmək üçün heç bir itaətsizlik göstərmədən, ürəkdən işə başlayır, sanki bir-biri ilə yarışırdılar. Əbu Məbədin gözləri dörd olmuş, az qala hədəqəsindən çıxacaqdı: demə, o, evdə olmadığı vaxt evinə səadət günəşi gəlmiş, amma onun xəbəri olmamışdı. Allah Rəsulunun sözlə rəsmini çəkən və evinə təşrif gətirən qonağını bu qədər təfsilatlı və detallı təsvir edən xanımına həyəcanla belə deyir: − Bu, bizə bəhs edilən Qureyşin adamı deyil ki? − və bunları əlavə edir: − Nə qədər istərdim ki, mən də Ona çatım və Onunla yoldaş olum! Əgər bir gün buna gücüm çatsa, Məkkəyə gedib səsim çıxdığı qədər Onun fəzilətindən  danışacağam! Qoy insanlar bu səsin haradan gəldiyini bilməsinlər, vacib deyil, çünki vacib olan səsin sahibi deyil, səsin dedikləridir.