Səhabələr

Müqəddəs Köç Hicrət

Bunların ardınca Əbu Məbəd hisslərini şeirin qəliblərinə tökərək Peyğəmbərimizi vəsf etməyə başlayacaqdı. Çox keçmədən də, Kəbədə bir səs ucalacaqdı. Bu səs Ümmü Məbədin çadırına baş çəkən iki yoldaşdan danışır, onların bu çadıra necə bərəkət gətirməsindən, Ümmü Məbədin necə müsəlman olmasından bəhs edirdi. Bütün gözlər bu iki adamı arayırdı. Səsin sahibi Hz. Məhəmməd və Əbu Bəkirin adını çəkir və südü qurumuş qoyunların necə süd verdiyini ifadə edərək bu iki adamın fəzilətini dilə gətirməkdən yorulmurdu.[33] Hz. Əbu Bəkirin qızı Hz. Əsma bu xəbəri eşidər-eşitməz bir göz qırpımında səs gələn tərəfə gedir. Çünki neçə vaxt idi ki, nə Rəsulullahdan  (sallallahu əleyhi və səlləm), nə də atası Hz. Əbu Bəkirdən bir xəbər ala bilmişdilər. Sadəcə Məkkədən çıxdıqlarını bilir, amma hara getdiklərindən və bu səfərdə başlarına nələrin gəldiyindən xəbərsiz idilər. Bu adamın sözlərini eşidəndən sonra, başa düşmüşdülər kı, Allah Rəsulu (s.ə.s.) və sadiq dostu Hz. Əbu Bəkir Mədinə istiqamətində gedir.[34] Bureydə ibn Huseyb Səfər zamanı təxminən səksən evlik bir kəndin yanından keçərkən bir nəfərlə rastlaşırlar. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Bureydə ibn Huseyb adlı bu adamdan: − Sən kimsən? − deyə soruşur. − Mən Bureydəyəm, − deyir önündəki adam. Bundan sonra gülümsəyən Allah Rəsulu (s.ə.s.) Hz. Əbu Bəkirə tərəf dönüb: − Ey Əbu Bəkir! İşimiz “bərdü salam”a (salamatlıqla nəticələnmək mənasında bir ifadə) yetişib sülhlə nəticələndi,  − buyurur və  yenə soruşur: − Bəs haralısan? − Əsləmdənəm, − deyir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bu dəfə də sadiq dostu Əbu Bəkirə: − Artıq əmin-amanlığa çatdıq deməkdir, − deyir. Allah Rəsulu aldığı cavabları yozur və eşitdiyi hər sözə paralel mənalar verirdi. Bəlkə də, bu qədər çətinliklərlə başlayıb sıxıntılarla yoğrulan səfərin yorğunluğunu lətifələrin ənginliyində yumşaltmaq və yoldaşlarının da əhval-ruhiyyəsini yüksəltmək istəyirdi. Yenə Bureydədən belə soruşur: − Bəs kimlərdənsən? Bureydə: − Səhmoğullarındanam, − cavabını verir. Rəsulullah (s.ə.s.) mübarək üzünü yenə yol yoldaşına  çevirir: − Artıq ox yayından çıxdı və hədəfıni tapdı, − buyurur. Aydın olurdu ki, təsadüfə heç bir yer olmayan bir dünyada Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Allahın rastına çıxardığı belə bir mənzərəni dəyərləndirir, varlığın pərdə arxasından təqdim olunan bəyanları alır və bu bilgiləri də lətifə üslubu ilə Hz. Əbu Bəkirlə bölüşürdü.[35] Sonra oturub xeyli söhbət etdilər. Bureydə bu cür zarafatla danışan adamın kim olduğunu öyrənmək istəyirdi. Bu dəfə Bureydə soruşur: − Bəs Sən kimsən? − Abdullahın oğlu və Allahın Rəsulu Məhəmməd, − buyurur Rəsulullah (s.ə.s.). Bəli, bu qədər duruluq və duruşdakı ululuq ancaq bir Peyğəmbərdə ola bilərdi. Bir anda əhvalı dəyişmiş, axtardığı qismət ayağına kimi gəlmişdi, amma bundan xəbəri yox idi. Ürəkdən: − Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Məhəmmədən abduhu və Rəsuluh, − deyə şəhadət gətirir. Bureydə də artıq müsəlman olmuşdu, amma o, bu yolda tək deyildi. Bir az keçmiş, öz qəbiləsindən onunla birlikdə olan hər kəs bu yeni dini qəbul edəcək, heç bir təzyiq və zorakılıq görmədən öz azad iradələri ilə müsəlman olacaqdılar. Allah Rəsulu Uca Allaha şükür edirdi: − Səhmoğullarından heç bir məcburiyyət olmadan və yalnız (Allaha) itaət etmək düşüncəsi ilə müsəlman olanlara görə Allaha həmd olsun! Və Bureydə qəbiləsindən müsəlman olanlarla birlikdə Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) arxasında səf bağlayıb yatsı namazını qılacaq, beləliklə, Məkkədə yaşanan çətinlik, İslama laqeyd yanaşılmasından sonra Mədinə yolunda necə bir ilahi ehsanla qarşılaşdıqlarını felən  göstərəcəkdi. Səhər tezdən qaça-qaça Rəsulullahın (s.ə.s.) hüzuruna gələn Hz. Bureydə  coşmuş  və həyəcanını bu sözlərlə ifadə etmişdi: − Ey Allahın Rəsulu! Sənin kimi bir adam bayraqdarsız Mədinəyə daxil olmamalıdır! Bunu deyə-deyə başındakı sarğısını açmış və nizəsinə dolamağa başlamışdı. Belə bir səmimi təklifə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) də etiraz etməyəcək və Allah Rəsulu (s.ə.s.) Mədinəyə gələnə qədər  Hz. Bureydə Onun qarşısında yürüyəcəkdi.[36]