Səhabələr

Müqəddəs Köç Hicrət

Əbu Əvsin həssaslığı Bu müqəddəs yolçuların Arcdan keçən yolları Qubaya yaxınlaşmış, məşəqqətli səfər artıq başa çatmaq üzrə idi. Ancaq dəvələri yorulmuş, addımları xeyli yavaşımışdı. Bu səbəbdən, Hz. Əbu Bəkirlə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) dəvələrdən birininin dincəlməsi üçün ikisi bir  dəvəyə minib yola davam edirlər. Cuhfə və Hərşa arasında Əbu Əvs Təmim ibn Hacər adlı bir adamla qarşılaşırlar. Onların bu halını görən Əvs dərhal bir dəvə təşkil edir. Nökəri Məsudu da Onlara qoşur və bu müqəddəs yolçuları Mədinəyə sağ-salamat çatdırmağı dönə-dönə tapşırır: − Bunlarla birlikdə get və heç kimin bilmədiyi bu yoldan istifadə et! Mədinəyə çatanadək onların yanından uzaqlaşma, − deyirdi.[37] Rim adlı yerə çatanda isə tanış bir sima ilə rastlaşırlar. Bunlar Şam tərəfə ticarətə gedib indi də qayıdan Zübeyr ibn Avvam və yoldaşları idi. Hər iki tərəf sevinirdi, çünki Zübeyr həm də Peyğəmbərimizin bibisi oğlu idi. Eyni zamanda, bu, müqəddəs yolçuların yorğunluğuna su səpən bir görüş idi. Hz. Zübeyr həm Hz. Əbu Bəkir, həm də Peyğəmbərimiz (s.ə.s.) üçün hazırladığı ağ paltarları çıxarmış və geyinmələri üçün onlara təqdim etmişdi.[38] İlk qarşılama həyəcanı Bu vaxt Mədinə böyük bir həyəcan yaşayır, Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) təşrifini intizarla gözləyirdi. Buna görə də, ilk qarşılama yerinə − Harraya yığışır və həsrət dolu gözlərini yollara dikirdilər. Bu bölgə  ümumilikdə Quba adlanırdı. Mədinə yolçuların Məkkədən nə vaxt çıxdıqlarını bilirdi və buna əsasən, Mədinəyə çatacaqları vaxtı təxmin etmişdi. Və onlar günün ilk işıqları ilə birlikdə şəhərin kənarına çıxıb gözləyirdilər. Günortanın istisi düşənə qədər orada durur, gəlmədiyini görüb kölgəliyə çəkilir, ikindi vaxtı çatınca yenidən gözləməyə başlayırdılar. Yolçuların Sevrdə nə qədər qaldığını bilmir və ona görə də, gecikmələrindən kədərlənirdilər. Düz üç gün bu minvalla gözlədilər. Rəbiüləvvəl ayının səkkizinci günü, bazar ertəsi idi. Üçüncü günün günorta vaxtı çatmış, insanlar yenə kölgəliyə çəkilib eləcə gözləyirdilər. Bu vaxt uzaqdan bir carçının səsi eşidilir. Səs gələn tərəfə boylanırlar: bu, mədinəli bir yəhudinin səsi idi. Allah (cəllə cəlaluhu) ənsar və mühacirləri belə bir xəbərlə müjdələmək işini bir yəhudiyə qismət etmişdi. Bəlkə də, bununla bir şey demək istəyirdi. Çünki yəhudilər Mədinə şəhərində çoxluq təşkil edirdi. Həmin yəhudi həyəcanla və səsi gəldiyi qədər belə səslənirdi: − Ey Qayləoğulları! Budur, sizin gözlədiyiniz Yoldaşınız gəlir! Mədinə həyəcana gəlmiş bir ürək kimi döyünürdü. Dərhal qarşılamaq üçün qaçmağa başlayırlar: təkbir (Allahu Əkbər) səsləri təhlillərə ( Lə iləhə illəllah) qarışmış, Mədinə oxunan şeirlərlə bir anda bayram havasına bürünmüşdü. Rəbiüləvvəl ayının ilk günü Sevrdən başlayan və bir həftə davam edən bu səfər Qubada sona çatmışdı. Bir tərəfdən də mədinəli müsəlmanlar silaha sarılmışdı; bir problem çıxmaması üçün lazımi tədbirləri də unutmur, Harrə adlı yerdə böyük mərasimlə Allah Rəsulunu qarşılayırdılar.[39] Qubada istirahət Qonaqlar Qubaya daxil olduğu andan etibarən  hər kəs Onu qonaq saxlamağa can atır, hərə öz evinə dəvət edirdi. Ancaq Allah Rəsulu Nəccaroğullarının olduğu yeri seçir. Nəccaroğulları həm də Abdulmuttalibin qohumları idi. Yolda gedərkən insanlar Onu dövrəyə alır, məkkəlilərin ölümünə fərman verdikləri Peyğəmbəri bağırlarına basır və ürəkdən qucaqlayırdılar. Nur camalını görmək üçün evlərin damına çıxanlar, göz-gözə gəlmək üçün pəncərələrdən boylananlar vardı... − Hansıdır O? O, hansıdır? − deyə bir-birindən soruşur, görə bilmək üçün can atırdılar. Dillərində bir söz vardı: − Ya Məhəmməd! − Ey Allahın Rəsulu! − Ya Məhəmməd! − Ey Allahın Elçisi!