Səhabələr

Müqəddəs Köç Hicrət

Sanki Ənsar illərin qovurduğu qıtlıqdan, susuzluqdan tükənmiş, Peyğəmbərimiz (s.ə.s.) də rəhmət olub onların üstünə yağırdı. Rəsulullahın adını tələffüz edərkən Onu iliklərinəcən hiss etmələri hər hallarından oxunurdu. İnsanlar axışaraq Allah Rəsulunu (s.ə.s.) görmək üçün oraya gəlirdilər. Yanlarına qədər gəldiyi halda, heç Onu görməmək olardımı? Aylarla, bəziləri hətta illərlə Onu yuxularında görmüş, bu günü bir xəyal kimi təsəvvür etmiş və vüslət duaları ilə, bayram şeirləri ilə coşmuşdular. İndi isə O lap yaxında idi. Rəsulullahın (sallallahu əleyhi və səlləm) qonaq qaldığı yer Külsüm ibnul-Hədm məhəlləsində idi. Ancaq O (s.ə.s.), Məkkədə olduğu kimi, burada da bir yerdə dayanmayacaq və insanlara həqiqətləri anlatmaq üçün onların olduğu yerlərə gedəcəkdi. Bu məqsədlə Sad ibn Haysəmənin evinə təşrif buyuracaq və ora toplaşan gənclərlə uzun-uzadı söhbət edəcəkdi. Çünki Sad ibn Haysəmənin evi subayların yığışdığı məkan kimi tanınırdı. Hətta bəzi insanlar məhz bu səbəbdən (Rəsulullah tez-tez ora getdiyinə görə) Allah Rəsulunun Qubada Haysəmənin evində qaldığını qeyd edirlər.[40] Təbii ki, Ənsarın hamısı hələ Allah Rəsulunu (sallallahu əleyhi və səlləm) görə bilməmişdi və buna görə də, “Xoş gəldin” demək üçün hüzura gələnlər kimin Allahın Rəsulu (s.ə.s.) olduğunu dərhal başa düşə bilmirdi. Çünki ilk dəfə Onunla şərəflənəcəkdilər! Hz. Əbu Bəkir ayaq üstə dayanır, Peyğəmbərimiz isə sükut içində otururdu. Onlara tərəf gələn insan selinin hədəfi bir anda ayaq  üstə dayanan Hz. Əbu Bəkirə istiqamətlənmişdi! Hz. Əbu Bəkir (r.a.) bu anlaşılmazlıqdan dolayı xəcalət çəkəcək və Peyğəmbərimizi işarə etmək üçün tez əbasının bir tərəfi ilə Ona kölgə salaraq kimin Allah Rəsulu olduğunu bu hərəkəti ilə göstərəcəkdi. Məsələ indi aydınlaşmışdı və artıq hər kəs Peyğəmbər hüzurunda dayanıb: “Xoş gəldin, ya  Rəsulallah!” − deyirdi.[41] Bu vaxt Peyğəmbərimizin əmanətlərini sahiblərinə qaytaran və hər haqq sahibinə haqqını təhvil verən Hz. Əli də ilk müsəlmanlardan olan Süheyb ibn Sinanla[42] üç gün sonra payi-piyada Məkkədən çıxaraq hicrət etmiş və artıq bu gün Qubada, ayrı düşdüyü Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) və Hz. Əbu Bəkirə yenidən qovuşmuşdu.[43] Bir təhlükə ilə qarşılaşmamaq üçün gecələr də yol gələn Hz. Əlinin ayaqları yara içində idi, yeriməkdən şişmişdi. Onun bu halını görən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) əvvəlcə qollarını açıb onu qucaqlayacaq və gözlərinin yaşını saxlaya bilməyəcəkdi. Sonra da tüpürcəyindən yüngülcə onun ayağındakı yaraların üstünə sürtəcək və arxasınca da dua edib müalicəsi ilə bağlı tövsiyələrini verəcəkdi. Çox keçmədən, Hz. Əlinin ayaqlarındakı ağrılar kəsiləcək və bir anda əziyyətdən  qurtulacaqdı.[44] Rəsulullah (s.ə.s.) və Hz. Əbu Bəkir (r.a.) dörd gün[45] Qubada qonaq qalacaq və bu ərəfədə burada məscid də inşa edəcəkdilər. Sonralar ”Quba məscidi” adı ilə anılan bu məscid həm də İslamın ilk məscidi kimi tanınacaqdı. Həftənin cümə günü gəlincə də Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) insanları bu məsciddə toplayacaq və ilk dəfə onlara cümə namazını qıldıracaqdı.[46]