Səhabələr

Müqəddəs Köç Hicrət

İlk xütbə İnsanlığın Xatibi Allah Rəsulu (s.ə.s.) Qubada qurulan minbərə çıxmış, ümmətinə səslənmək üzrəydi. Bu, həmçinin Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) Mədinədə ilk xütbəsi idi. Öncə Rəbbinə şükür edir, layiq olduğu şəkildə Onun bütün nöqsanlardan uzaq olduğunu bildirir və sonra da Allahı mədh edir və camaata  səslənir: − Ey insanlar! Axirət həyatı üçün gələcəyinizə sərmayə qoyun! Sabah bunların hamısını görəcəksiniz. Allaha and olsun ki, sizin hər biriniz sabah ağlı başına gəlib qoyunlarını çobansız olaraq başsız buraxanda Rəbbi ilə baş-başa qalacaq, Allah (c.c.) arada heç bir tərcüman və pərdə olmadan ondan soruşacaq: − Peyğəmbərim sənə gəlib təbliğ etmədimi? Mən də sənə bu qədər mal-mülk verib onları önünə sərmədimmi? Bəs sən bu günün üçün hansı sərmayəni qoydun? Bu xitabla üzləşən insan əvvəlcə sağ və sol tərəfinə baxar, əl atmağa bir budaq tapa bilməz! Sonra önünə baxar: Cəhənnəm də bütün dəhşəti ilə qarşısındadır. Sizdən hər kim, yarım xurma da olsa, cəhənnəmdən özünü qoruya bilirsə, bunu mütləq etsin! Əgər bunu da tapa bilmirsə, heç olmasa gözəl sözlər danışsın. Çünki burada hər bir yaxşılıq orada ən azı on qat əvəzini görər ki, bu  da yeddi yüz qata qədər arta bilər. Allahın mərhəməti və bərəkəti üzərinizə olsun! Bu xitab xütbənin birinci hissəsini təşkil edirdi və minbərdə bir qədər oturandan sonra ayağa qalxan Allah Rəsulu (sallallahu əleyhi və səlləm) belə davam edir: − Şübhəsiz ki, həmd Allah üçündür. Mən də Ona həmd edir və yenə köməyi Ondan istəyirəm. Nəfslərimizin şərindən də, əməllərimizin pis olanından da Onun mərhəmətinə sığınırıq. Şübhə yoxdur ki, Allahın hidayət verdiyini heç kim zəlalətə sala bilməz, zəlalətdə təkid edib qəlbinə möhür vurulanı da heç kim hidayətdə saxlaya bilməz. Mən şəhadət gətirirəm ki, Allahdan başqa ilah yoxdur, O, təkdir və şəriki yoxdur. Sözün ən gözəli Allahın kitabıdır. Şübhəsiz ki, Allah (cəllə cəlaluhu) küfrdən sonra iman iqlimini hər kimə qismət etmişsə, qəlbini iman nuru ilə süsləyib insanların cazibədar sözləri əvəzinə Rəbbinin əbədi ifadələrinə ram olmağı nəsib etmişsə, deməli, o qurtulmuşdur. Şübhə yoxdur ki, Allah kəlamı − sözün ən gözəl və ahəngli olanıdır. Siz Allahın sevdiklərini sevin və qəlblərinizə Allah sevgisini yerləşdirin! Allah kəlamından usanaraq Allahın adını zikr etməkdən uzaq olmayın ki, qəlbiniz qatılaşmasın! Çünki Allah (cəllə cəlaluhu) yaratdıqları arasından bəzilərinə üstünlük verib onları digərləri arasından seçər! Əməllərin ən xeyirlisini Allah bizə bildirmiş və qarşımıza qoymuş, bəndələri arasından bəzilərinı seçərək rəhbər etmiş və sözlərin içindən də ən gözəl və saleh (təmiz) olanlarını açıq-aşkar bəyan etmişdir. İnsanlara verilən halal və haram nə varsa, artıq bunlar sabitləşmiş, gizli heç nə qalmamışdır. Gəlin, Allaha qulluqda yarışın və qətiyyən Ona heç bir şərik qoşmayın. Ondan təqvaya uyğun qorxu ilə çəkinərək mərhəmətinə sığınmaq ümidi ilə coşub əzabı qarşısında titrəyin! Saleh sözlər danışmaqla Allahın hüzurunda sədaqətinizi sübut edin! Allahın rəhməti və bərəkəti ilə aranızdakı məhəbbəti artırın! Şübhəsiz ki, Allah (cəllə cəlaluhu) əhdinin yerinə yetirilməməsindən xoşlanmaz və bunu edənləri də sevməz. Allahın salamı hamınızın üzərinə olsun![47] Ruhu və qəlbi doyuran bu səslənişdən sonra da Allah Rəsulu (s.ə.s.) cümə namazını qıldırır. Namazdan sonra yeni bir səfər başlayacaqdı. Bu səfər əvvəlkinə nisbətən daha qısa, məkanı isə daimi olacaqdı. Nəccaroğulları silahlarını qurşanmış, Allah Rəsulunu (sallallahu əleyhi və səlləm) aparmağa gəlmişdilər. Qabaqda Allah Rəsulu (s.ə.s.), arxada da Hz. Əbu Bəkir yola düşürlər. Nəccaroğulları Onu dövrəyə almış, ətrafına ətdən divar çəkmişdilər.[48] Cümə namazından dörd gün də ötmüş və yenə bir bazar ertəsi Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm)  Siddiqi-Əkbərlə birlikdə Mədinə istiqamətinə üz tutmuşdu. Belə ki, bu səfər, on illik bir mərhələnin başlanğıcı demək idi.[49]