Səhabələr

Müqəddəs Köç Hicrət

Abdullah ibn Salamın gəlişi Abdullah ibn Salam yaxşı yəhudi alimi idi. Nəsil şəcərəsi Hz. Yusifə (ə.s.), dolayısilə də Hz. Yaquba (əleyhissalam) qədər gedib çıxırdı. İsrail oğulları arasından nəşət etmiş və mədəniyyət beşiyi olmağa hazırlaşan Mədinə ətrafındakı üç böyük yəhudi qəbiləsindən biri − Bəni Qaynuqada anadan olmuşdu. Atası Salam da, babası Haris də görkəmli yəhudi alimləri idi. Abdullah ibn Salam da bu mühitdə fəzilətli bir alim kimi yetişmiş, şan-şöhrəti Hicaz bölgəsində dillər əzbəri olmuşdu. Gözlənilən Son Peyğəmbər haqqındakı söhbətlərə Abdullah ibn Salam da qatılmış, eyni nəsihətləri təbliğ etməyə başlamışdı.  Çünki əlindən düşməyən Tövrat da eyni məsələləri qeyd edir və Onun gələcəyini müjdələyirdi. Mədinəlilər gözlədikləri axırzaman Peyğəmbərinin Məkkədə doğulmasından xəbərdar olmasalar da, həmişə Məkkəni işarə edir və zühurun çox yaxınlaşdığını bildirirdilər. Hətta Məkkədə zühurundan sonra Onun Mədinəyə hicrət edəcəyini də deyir, zaman-zaman məğlubiyyətə uğrayanda axırzaman Peyğəmbərinin onların arasından çıxacağını bildirərək onlara qələbə qazandıracağına inanırdılar. İndi isə Abdullah ibn Salam vəsflərini kitablardan oxuyub söhbətlərinə mövzu etdiyi Şəxslə görüşmək üzrəydi. Görünür, tale onu başqa yoldaşlarından əvvəl Allah Rəsulu ilə üz-üzə gətirəcəkdi. Abdullah ibn Salam da Peyğəmbərimizin (s.ə.s.) gəlişini intizarla gözləyənlərdən biri idi. Əslində o, Allah Rəsulunun vəsflərini, adını, ümumi vəziyyətini və nə vaxt Mədinəyə gələcəyini də bilirdi. Abdullah ibn Salam Rəsulullahın (sallallahu əleyhi və səlləm) Qubaya gəlməsi xəbərini eşidəndə ağacın başına çıxıb xurma yığırdı, bibisi Xalidə binti Haris də həmin ağacın altında oturmuşdu. Xəbəri eşidən kimi ucadan təkbir gətirməyə başlamışdı. Bibisi durduğu yerdə onun belə yüksək səslə təkbir gətirməsinə təəccüb edəcək: − Allah cəzanı versin! Əgər İmran oğlu Musanın gəldiyini eşitsəydin, vallah, bundan yüksək səslə təkbir gətirməzdin, − deyə qeyzlənəcəkdi. − Əziz bibim! Allaha and olsun ki, O, Musanın qardaşıdır. Onun dinindəndir. Musa nə ilə göndərilmişdisə, Məhəmməd də eyni vəzifə ilə göndərilmişdir, − deyərək Onu bibisinə də tanıtmağa çalışırdı. Onun bu sözlərinə bibisi: − Ey qardaşımın oğlu! Yoxsa bu, bizim qiyamətdən əvvəl zühur edəcəyini gözlədiyimiz axırıncı Peyğəmbərdir? − deyə soruşur. Buna heç bir şübhə yox idi və Abdullah ibn Salam tərəddüdsüz: − Bəli, − cavabını möhürləyir sualın ardına. Bibisi də həyəcanlanmışdı. Nə deyəcəyini bilmirdi və: − Bu Odursa, elə isə..., − deyir, sonra da əlavə edir: − Elə isə nə gözləyirik?!