Səhabələr

Müqəddəs Köç Hicrət

İki yəhudi və ilk təəssürat Əlbəttə, hamı Abdullah ibn Salam kimi həqiqətpərəst deyildi. Mədinədə Huyey ibn Əhtab və Əbu Yasir adlı iki qardaş var idi. Hər ikisi də Tövrat elminə vaqif adamlar idi. Gözlənilən bir Peyğəmbər haqqında məlumatları olan bu qardaşlar Rəsulullahın yaxın bir yerə gəldiyini eşidən kimi yola çıxmış və Qubaya kimi gəlmişdilər. Hava hələ yenicə qızırdı. Qonaq qaldığı yeri öyrənir və çox keçmədən də Amr ibn Avf oğullarının yurduna gəlirlər. İmanla inkar etmək arasında tərəddüd edirdilər: həqiqətən, gözlənilən Peyğəmbər bu idisə? Özlərindən (yəhudilərdən) olmadığını bilirdilər və buna görə də, bildikləri özəlliklərə malik olmaması ümidi ilə yola davam edirdilər. Nəhayət, gerçəklə qarşılaşırlar. Deməyə söz tapmırdılar. Onlar da oturub söhbətinə qulaq asırlar. Oturuşu, danışığı, duruşundakı ululuq və simasındakı duruluq onlara da təsir etmişdi. Amma özlərinə heç cür təsəlli verə bilmirdilər. Fikirlərini büruzə verməmək üçün də əhvallarını gizlədir və hər şeyi qəbul etmiş kimi otururdular. Artıq gün keçmiş və günəş qüruba yaxınlaşmışdı. Məclis dağılan kimi onlar da bunu fürsət bilib Qubanı tərk edirlər. Yolda danışa-danışa gəlirdilər. Balaca Səfiyyə atası ilə əmisinin gəlişini görüncə qaça-qaça onların qabağına çıxmış və atasının boynuna sarılmışdı. Elə bil, atası əvvəlki ata deyildi, əmisi də başqa əmi olmuşdu. Qol-qanadı qırılmış, üz-gözlərindən yorğunluq yağırdı. Danışıqlarına bir az qulaq asmağa çalışır. Əmisi Əbu Yasir belə deyirdi: − Bu, həqiqətən də, Odurmu? − Vallah, Odur! − Yaxşı-yaxşı baxıb tanıdınmı? − Bəli! − Bəs Onun haqqında nə düşünürsən? − Allaha and olsun ki, ömrüm boyu ona qarşı olacağam![52] Bu son kəlməni söyləyən sonralar Peyğəmbərimizin həyat yoldaşı olan Səfiyyə anamızın atası Huyey ibn Əhtab idi və göründüyü kimi, Hz.Məhəmmədin (s.ə.s.) peyğəmbər olduğunu dəqiq bilməsinə rəğmən, quru inadkarlığa qurban gedir, heç cür bir addım da atıb təslim ola bilmirdi.