Səhabələr

Müqəddəs Köç Hicrət

Salmani-Farisi Mədinədə Onun gəlişini həyəcanla gözləyənlərdən biri də Salmani-Farisi idi. O, İran torpaqlarından çıxmış, həqiqi dini tapmaq məqsədilə əvvəlcə Şama, sonra ardıcıllıqla Mosula, Nusaybin və Ammuriyəyə gələrək həqiqət axtarışını davam etdirmişdi. Hər getdiyi yer onu axtardığına bir az da yaxınlaşdırırdı. Sonuncu dəfə Ammuriyədə bir keşişin yanında qalmış, o da Salmani-Farisiyə: − Buralarda səni əmanət edəcəyimiz heç kim qalmadı, amma İbrahimin hənif dini üzərində gələcək bir Peyğəmbərin kölgəsi artıq üstümüzə düşmək üzrədir. Onun hicrət edəcəyi yer xurma ağacları ilə doludur. Onun gizli olmayan üç əlaməti var: iki kürək sümükləri arasında peyğəmbərlik möhürü var, hədiyyə qəbul edib ondan yeyər, amma qətiyyən sədəqə qəbul etməz, ona əlini də vurmaz. Əgər gücün çatırsa, sən də get, Onun gəlişini gözlə, − deyə yol göstərmişdi. Salmani-Farisi yola düzəlmiş və  Mədinəyə gələrək burada gözləməyə niyyət etmişdi. Bu məqsədlə, Mədinə tərəfə gedən bir karvan tapmaq lazım idi. Çox keçmədən bu karvanı da tapır. Yol haqqı olaraq bütün mal-mülkünü verməyi təklif edir və razılaşırlar. Artıq gələcəyi gözlənilən bir Peyğəmbərin yolunu gözləmək üçün yeni bir səfər başlamışdı. Ancaq yolda bir xəyanətlə üzləşəcək, yol xərcini artıqlaması ilə ödədiyi halda əsir edilərək bir yəhudiyə satılacaqdı. Əslində onun üçün önəmli olan nişan verilən yerə gəlmək idi. İndi qul kimi də olsa, xurma ağaclarının arasında − Mədinədə idi. Rəsulullahın (s.ə.s.) Qubaya təşrif etdiyi gün Salman həmişəki kimi yenə ağacın üstündə xurma yığmaqla məşğul idi. Bu vaxt bir nəfərin qaça-qaça onlara tərəf gəldiyini görür. Bu, ağasının əmisi oğlu idi. Belə təlaşla gəlişi mühüm bir xəbərin olduğunu göstərirdi: görünür, yeni bir dəyişiklik vardı. Qaça-qaça da səslənirdi: − Ey filankəs, ey filankəs! Salmanın ağası da narahat olmuşdu. Görəsən, nə baş vermişdi?.. Təngnəfəs olmuşdu və bir az özünə gələn kimi: −Allah Qayləoğullarını qəhr etsin! Bir az əvvəl onlara baş çəkməyə getmişdim. Gördüm ki, hamı Məkkədən gələn və Peyğəmbər olduğu deyilən bir adamın ətrafına yığışıb, maraqla Ona qulaq asır. İnanılmaz idi. Allah nələrə qadirdir! İllərlə gözlədiyi və yolunda süründüyü Şəxsi Salman azadlığını itirdiyi yerdə tapmışdı. Qəlbini həyəcan bürümüş,  dizində taqət qalmamışdı. Qızmar günəşin altında soyuq tər basmışdı vücudunu, qışın şaxtasına düşmüş kimi titrəyirdi. Hətta özü ilə birlikdə yellənən ağacdan az qala ağasının üstünə yıxılacaqdı. Gözləyə bilməzdi. Cəld ağacdan düşür və ağasının əmisi oğlundan: − Sən nə deyirsən? Nədən danışırsan? Bu, necə bir xəbərdir?− deyə soruşmağa başlayır. Amma üzünə dəyən şillədən sarsılır. Çünki bu adamlar qulu insan hesab etmirdilər... Onun bu həyəcanı ağasını əsəbiləşdirmiş və Salmanın üzünə möhkəm bir şillə çəkmişdi. Bir yandan da: − Bundan sənə nə var? − deyə Salmanın üstünə qışqırır. Sonra da: “Get, işinlə məşğul ol,” − deyir. Salman əlacsız idi. Yenə ağaca dırmaşıb xurma yığmağa davam edir. Əlləri xurma budaqlarında, xəyallarında Peyğəmbərin hüzurunda olduğunu təsəvvür edir, ammuriyyəli rahibin dediyi əlamətlərin Qubaya gələn adamda olub-olmadığını yoxlamağa çalışırdı.