Səhabələr

Müqəddəs Köç Hicrət

Hz. Əbu Bəkirin oğlu Abdullah da çoban Amirlə növbə ilə yanlarına gələcək və Əsmanın hazırladığı azuqə ilə yanaşı, burada qaldıqları müddətdə Məkkədən xəbər gətirəcəkdi. Axşamlar mağaraya gələn Abdullah səhər tezdən buranı tərk edəcək və bu vaxt ərzində də Amir qoyunları gətirib Sevrdə otaracaqdı. Və bütün bunlar Sevr günlərində  təkrarlanacaqdı. Həm də bununla bu müqəddəs və mübarək köçdəki ən dəyərli yolçuların süd ehtiyacları da təmin ediləcəkdi.[7] Görüləsi tədbirlərdən biri də Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) aid idi: O, əmisi oğlu gənc Hz. Əlini öz yerinə vəkil qoymuş və öz evində qalaraq Ona əmanət saxlamaq üçün verilən malları sahiblərinə qaytarmağı tapşırmışdı. Bu necə böyüklük idi ki, canına qəsd etmək istəyənlərin mallarını da tələf etmir, əmanətə riayət etməyi özünə borc bilir, canı qədər sevdiyi əmisi oğlunun həyatını təhlükəyə atmaq bahasına da olsa, can düşmənlərinin mallarını geri qaytarmaq  istəyirdi?! Əlbəttə, görülən bu qədər tədbir çox deyildi. Buna görə də, Allah Rəsulu (s.ə.s.) bütün bunları razılıqla qarşılayır və heç birini lazımsız hesab etmirdi. Çünki O (sallallahu əleyhi və səlləm), ümmətinə rəhmət olsun deyə  göndərilmişdi. Hz. Məhəmməd  (sallallahu əleyhi və səlləm) bu tədbirlər olmadan da, Allahın Onu qoruyacağını bilirdi. Çünki Uca Allah (cəllə cəlaluhu) Onu insanların təhlükəsindən qoruyacağını bəyan etmiş və O da namazlarında bunu Quran ayəsi olaraq oxuyurdu.[8] Deməli, burada məqsəd başqa idi. Əslində Allah Rəsulu (s.ə.s.) digər insanlar üçün bir yol göstərici  rəhbər, bir model idi. Hz. Ömər kimi hicrət etsəydi, bütün ümməti də eyni yolu tutmaq məcburiyyətində qalardı. Belə bir hərəkət isə insanları öhdəsindən gəlinməz imtahanların ağuşuna atmaq demək idi. Elə isə O, ümmətinin ən ağır yeriyənini, axsağını da nəzərə alacaq və işlərini qış fəslinin tələblərinə uyğun planlaşdıracaqdı. Buna görə də, tədbir görərkən heç bir qüsura yol vermir və şərtlərə, səbəblərə riayət məsələsində ümmətinə ən təsirli ibrət dərsi verirdi. Digər tərəfdə isə Qureyş artıq qəti nəticə əldə etmək üzrə idi − təbii ki, öz qənaətlərinə görə − öz aralarından seçdikləri Əbu Cəhil, Hakəm ibn Əbil-As, Ukbə ibn Əbi Muayt, Nadr ibn Haris, Ümeyyə ibn Haləf, Zəma ibn Əsəd, Tuaymə ibn Adiy, Əbu Ləhəb, Übey ibn Haləflə Nübeyh və Münəbbih ibn Həccac qardaşları bir araya gəlmiş, Rəsulullahın  (sallallahu əleyhi və səlləm), evini mühasirəyə almışdılar. Beləliklə,  hər qəbilədən bir təmsilçi meydana atılmış, digərləri də bir kənara çəkilib qələbə nərələri çəkməyi səbirsizliklə gözləyirdilər. Gözlərini qan tutmuş bu bədbəxtlər Peyğəmbərimizin evini əhatə edib son zərbəni vurmaq üçün artıq dəqiqələri sayırdılar. Hətta Əbu Cəhil  Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) Allahın yoluna  dəvət edərkən işlətdiyi  kəlmələri məsxərəyə qoyur və istehzalı əda ilə ətrafdakılara belə söyləyirdi: − Nə oldu, Məhəmməd Ona tabe olduğunuz təqdirdə Ərəb və Əcəm məliklərinə hökm edəcəyinizi söyləyirdi? Nə oldu, Ona tabe olmasanız, həyatınız təhlükəyə düşəcək, canınızdan olacaqdınız? Və öldükdən sonra da yenidən ayağa qalxacaq və cəhənnəm alovları içində çırthaçırtla yanacaqdınız![9]