Səhabələr

Müqəddəs Köç Hicrət

Adam hiddətlənmişdi. Onu öldürmək üçün seçdikləri ən cəsur adamlar qapı ağzında ev pişiyinə dönmüş, üstlərinə atılan torpağı da hiss etməmişdilər. Artıq Muhəmmədul-Əmin dostu ilə birlikdə dəvələri sürə-sürə Məkkədən uzaqlaşır, bunlar isə burada − Məkkədə, Rəsulullahın qapısında miskin-miskin oturub Onu öldürmək planı qururdular. Bu, açıq-aşkar axmaqlıq idi. Onları danlayarkən: − Vay bədbəxtlər! Ax, sizi qabiliyyətsizlər! And olsun ki, O, başınıza torpaq səpmiş və aranızdan sivişib çoxdan uzaqlaşmışdır,− deyirdi. − Vallah, biz onu görmədik,− deyirdilər. Sarsılmışdılar. Sanki görmə qabiliyyəti əllərindən alınmış və gözlərini ətrafa zillədikləri halda, Allah Rəsulunu görə bilməmişdilər. Əllərini başlarına qoyub bir-birinə baxırlar, həqiqətən də, adamın dedikləri doğru idi. Dərhal üst-başlarındakı  toz-torpağı  təmizləməyə başlayırlar. Çox keçmədən məsələ Qureyşə də çatmış, ölüm “müjdəsini” gözləyən Məkkənin əyan-əşrəfi Peyğəmbərimizin (s.ə.s.) hicrət xəbəri ilə sarsılmışdı: bütün ağalar xaneyi-səadətə  (Allah Rəsulunun (s.ə.s.) evinə) hücum çəkmişdi. Qapını açıb içəri girəndə bir anlığa rahat nəfəs alırlar, çünki Onun yatağı boş deyildi. Çöldə dayanıb onları qınayıb danlayan adamlarına cavabən fısıltı ilə: − Budur Məhəmməd, örtüyünün altındadır, − deyərək bu qədər əndişənin yersiz olduğunu söyləməyə başlamışdılar. Amma bu da uzun sürmür. Çünki bu qədər adamın birdən içəri girməsi ilə ayağa qalxan Hz. Əli onların qarşısında dayanmış, sanki bu duruşu ilə meydan oxuyurdu. Bu, onlar üçün  ikinci böyük sarsıntı idi... Hiddət və qəzəblə: − Məhəmməd haradadır? − deyə soruşurlar. Hz. Əli: − Bu haqda heç nə bilmirəm, − cavabını verir. Bu dəfə də itirən onlar olmuşdu. Aldıqları cavabdan da qəzəblənmiş, hədələməyə başlamışdılar. Hz. Əlini də buraxmaq istəmirdilər: Hz. Əliyə hədə-qorxu gəlirlər, sonra da özləri ilə Kəbəyəcən gətirirlər. “Bəlkə, gedənlərin yerini deyər və onlara bir işıq ucu verər” deyə  onu bir müddət həbs edirlər.[11] Amma nə qədər məcbur etsələr də, bunun nəticəsiz olduğunu başa düşmüşdülər. Həm də Hz. Əlini azad etməmək özlərinin ziyanına idi, çünki o, onlara məxsus olan əmanətləri geri qaytarmaq üçün burada qalmış və indi bu əmanətləri sahiblərinə təhvil verəcəkdi.