Səhabələr

Müqəddəs Köç Hicrət

Hz. Əbu Bəkirin həssaslığına və səylərinə söz ola bilməzdi: başına bir iş gələr deyə Peyğəmbərimizin üstündə tir-tir əsir, bəzən qabağında gedir, bəzən də arxada qalaraq Onu təqib edirdi. Onun bu hərəkətlərinin fərqinə varan Allah Rəsulu (s.ə.s.) soruşur: − Ey Əbu Bəkir! Nə olub ki, bəzən qabaqda gedirsən, bəzən də arxamca gəlirsən? − Ey Allahın Rəsulu! Arxadan bir təhlükənin olub-olmadığına əmin olmaq üçün arxanızca yürüyür, qabaqda da gözətçi olar əndişəsi ilə önünüzə keçirəm. Belə bir həssaslığın müqabilində Hz. Məhəmməd (sallallahu əleyhi və səlləm): − Ey Əbu Bəkir! Nə deyirsən? Sənin yanında Məndən daha sevimli başqa bir şey varmı? Siddiqi-Əkbərə yaraşan bir cavab heç də gecikmir: − Xeyr, ya Rəsulallah! Səni haqla göndərənə and olsun ki, Sənin başına bir müsibət gəlməyindənsə, mən Sənin uğrunda canımı verər, həmin fəlakətin mənim başıma gəlməsini istəyərəm![15] Mağarada Əbu Bəkir həssaslığı Dağın zirvəsində yerləşən mağaraya birinci Əbu Bəkir girməli idi. Çünki hər cür xoşagəlməz hadisəni özü dəf etməli, Allah Rəsuluna (s.ə.s.) bir zərər toxunmasına mane olmalı idi. Bu, Hz. Əbu Bəkir həssaslığı idi. Onun təlaşının bir səbəbi vardı: Rəsulullahın ayağına tikan batmasını belə istəmirdi. Buna görə də üst paltarını cırmış, Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) bir xətər toxunmasın deyə zərərli heyvanların yuvalarını tıxayırdı. İki deşiyi tuta bilmir, ancaq bunun da bir çarəsini tapır. Belə ki, hər ayağı ilə bir deşiyi örtüb Rəsulullaha (s.ə.s.) “Buyur” deyir. Hz. Ömərin sonralar “Mağaradakı o gecəsinə bütün əməllərimi verərdim” deyə qibtə ilə baxdığı Hz. Əbu Bəkiri ayağı ilə tutduğu deşikdən ilan sancmış, amma o, Allah Rəsulunu (sallallahu əleyhi və səlləm) narahat etməmək üçün dişini dişinə sıxıb bir dəfə də “uf” deməmişdi. Nəhayət, gözündən tökülən yaş və alnındakı soyuq tər Peyğəmbərimizin diqqətini cəlb edir: −  Sənə nə olur, ey Əbu Bəkir?− deyə onun halını soruşur.