Səhabələr

Müqəddəs Köç Hicrət

Hz. Əbu Bəkir belə bir vəziyyətdə də “Siddiq” vəsfinə uyğun hərəkət edir: − Atam-anam Sənə fəda olsun! Ey Allahın Rəsulu, o, Sənin dəvəndir! − deyir. Lakin bu da məsələni həll etməmişdi. Allah Rəsulu (s.ə.s.) təkidlə: −  Xeyr, yalnız dəvəni aldığın qiyməti sənə ödəmək şərtilə! − deyir. Məcbur qalan Hz. Əbu Bəkir dəvəni neçəyə aldığını Rəsulullaha (sallallahu əleyhi və səlləm) deyir. Bunun ardınca Allah Rəsulu: − Mən də bu dəvəni həmin qiymətə səndən aldım, − buyurur. Beləliklə, hicrət kimi əhəmiyyətli dönüş nöqtəsində ümmətə əbədi bir örnək təqdim edilirdi. Məkkədən gələn xəbərlər Qureyşin axtarış səylərinin ilk günə nisbətən azaldığını bildirirdi. Demək, ayrılıq vaxtı çatmışdı. Rəbiüləvvəl ayının ilk günləri idi. Bir bazar ertəsi səhər erkəndən mağaranı tərk edəcək, əvvəlcə sahil yolu tərəfindən qərbə, sonra da Qırmızı dəniz tərəfdən əsas hədəflərinə − Mədinəyə doğru gedəcəkdilər. Adətən heç kəs Məkkə və Mədinə arasında bu yollardan istifadə etməzdi. Sevrdən başlayaraq Ufsan, Əməc, Qudeyd, Harrar, Səneyyə, Mərcah, Ziludayveyn, Zikəşər, Cədacid, Əcrəd, Abayid, Facə, Arc, Air, Rism və Quba güzərgahında[21] düz bir həftə çəkən bu əziyyətli yolda Allah Rəsulunun yanında Abdullah ibn Uraykıt, Amir ibn Füxeyrə və bir də sadiq dostu Hz. Əbu Bəkir vardı. Məkkəyə dikilən son nəzər Bu vaxt Allah Rəsulu (sallallahu əleyhi və səlləm) son dəfə Məkkəyə tərəf dönür. Aydın idi ki, peyğəmbərlərin ünvanı, dünyadakı ilk binanın sahibi və özünün də əkizi sayılan bu məkandan ayrılığın hüznü çökmüşdü qəlbinə. Sanki ürəyini burada qoyub gedirdi. Vəhy gələnədək qırx il gözləmiş və bu müddətdə tez-tez Hiraya qalxıb oradan Kəbənin özünə yaraşan şəkildə ibadət və itaətlə bütünləşməsi üçün dualar etmiş, istiqbalın seyrinə dalmışdı. Asan deyildi. Allahın ən sevgili qulu və peyğəmbərlik zəncirinin son halqası şanı uca Peyğəmbər Allahın evindən ayrılmaq məcburiyyətində qalır və başqa bir məkana üz tuturdu. Bunlar Məkkəyə yönələn son baxışlar idi və Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Məkkə ilə sanki həsb-hal (söhbət) edirdi. Hz. Əbu Bəkir də sakitcə dinləyirdi bu söhbəti. Allah Rəsulunun (s.ə.s.) mübarək dodaqlarından bu sözlər töküləcəkdi: − Ey Məkkə! Allaha and olsun ki, Mən səndən ayrılmaq məcburiyyətində qaldım. Şübhəsiz ki, sən yer üzündə Allah üçün ən sevimli məkansan. Allahın sənə nemətləri var. Allaha and olsun ki, sənin əhlin Məni buradan çıxmağa məcbur etməsəydi, qətiyyən səni tərk edib kənara addım atmazdım![22]