Əhli-Beyt
Bu nə böyük şərəf idi ki, Rəsulullahın ailəsi deyiləndə Əli ağıla gəlirdi. O, Əhli-Beytin mayası idi. Bir gün Allah Rəsulu (s.ə.s.) əbasını tutub, Hz. Əli, Fatimə, Həsən və Hüseynin üstünə örtərək: “Şübhəsiz ki, Allah-Təala Əhli-Beyt olaraq hər cür kiri sizdən uzaqlaşdırıb sizi tərtəmiz etmək istəyir” məalındakı ayəni oxumuşdu.
Başqa bir vaxt nəcranlılar inad etmiş, məsələ “haqsız olana Allah lənət etsin” mənasında “mübahələ” səviyyəsinə çatmiş, Allah Rəsulu (s.ə.s.) da yanına Hz. Əli, Fatimə, Həsən və Hüseyni alaraq:
– Allahım! Bunlar mənim ailəmdir, – buyurmuşdu. Belə ki, Allah:
– Artıq sənə bu elm gəldikdən sonra kim sənlə İsa haqqında mübahisəyə girərsə de ki: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra da ürəkdən Allaha yalvaraq ki, bu məsələdə kim yalançıdırsa, Allah ona lənət etsin,” – buyurmuş və onları, doğrudan da, dəlillərində haqlı və mübarizələrinə sadiqdirlərsə, mübahələyə dəvət etmişdi. Nəcranlılar Allah Rəsulunu Hüseyni qucağına alıb və Həsənin əlindən tutduğunu, Hz. Əli və Fatiməni də özü ilə gətirdiyini gördükdə iddialarından əl çəkmiş və cizyə verərək İslamın hakimiyyəti altında yaşamağı qəbul etmişdilər. Çünki Allah Rəsulunun qərarlı olduğunu görmüş və Əhli-Beytinə:
– Mən dua edəndə siz də “Amin” deyin, – söyləməsinə şahid olmuşdular.
Yenə Allah Rəsulu (s.ə.s.) bir gün ona:
– Sən məndənsən, mən də səndənəm, – deyərək onun öz yanında uca məqamını dilə gətirmişdi.