Xəndək qəzvəsinin qəhramanı
“Qəhrəman” deyiləndə birinci Əli gəlirdi çoxunun ağlına və Xəndəyin qəhrəmanı da o idi. Başqa döyüşlərdən fərqli olaraq, Allah Rəsulu (s.ə.s.) burada döyüş üsulunu dəyişmiş, düşməni qarşısını xəndəklərlə kəsmişdi. Ancaq xəndəyi aşıb Müsəlmanlara hücum edənlər də vardı. O dövrdə ərəblərin min adama bərabər saydıqları Amr ibn Abdivüd də xəndəyi keçmiş, nərə çəkərək səhabələrə meydan oxuyurdu:
– Qarşıma çıxacaq igid varmı?
Əli dayana bilməyib:
– Mən varam, ya Rəsulallah! – dedi.
Allah Rəsulu isə Amrı tanıdığı üçün dedi:
– Bu, Amrdır, otur.
Görünür ki, onun qarşısına daha güclü və təcrübəli adamın çıxmasını gözləyirdi. Ancaq Amr susmurdu ki, susmurdu.
– Qarşıma çıxacaq adam yoxdur? – deyə hayqırdı və yenidən əlavə etdi, – şəhid olandan sonra gedəcəyiniz cənnət haradadır? Qarşıma bir adam çıxmayacaq?
Məqsədi möminləri qızışdırıb əhvali-ruhiyyəni yerlə-yeksan etmək idi.
Hz. Əli dayana bilmədi və təkrar qalxaraq:
– Mən, ya Rəsulullah! – dedi. Allahın Rəsulu yenə oturmasını söylədi.
Amrı susdurmağa tələsirdi; yerində dura bilməyib yenə cəhd edərək:
– İzin ver, ya Rəsulallah, mən vuruşum. Mən iki gözəlliklə qarşı-qarşıyayam; ya onu öldürüb Cəhənnəmə göndərərəm, ya da o, məni öldürər, Cənnətə gedərəm, – dedi.
Amr isə bundan ləzzət alırdı və özünə o qədər güvənirdi ki, şeirlərlə coşur, qarşısına heç kimin çıxmadığını söyləyir, istehzalı sözlərlə meydan oxuyurdu. Əli təkrar izn istəyəndə:
– O, Amrdır, – deyə Allah Rəsulu rəqibin kim olduğunu təkrar xatırlatdı. Qərarı qəti idi və heç kəs Allah Rəsulu olan yerdə meydan oxumamalı idi. Belə qafillik edənə gərəkli dərs vermək lazım idi ki, başqalarına yaxşı ibrət olsun. Ayağa qalxdı və Allah Rəsuluna:
– O, Amrdırsa, mənə izin ver!.. – dedi. Əlinin imanı Amrın öhdəsindən gələcək qədər güclü idi və Allah Rəsulu (s.ə.s.) izin verdi. Hz. Əli vaxt itirmədən Amrın qarşısına çıxdı. Amr Əlinin kim olduğunu soruşdu. Öyrəndikdə alçaldıcı əda ilə:
– Ey, Manafoğulları! Səndən başqa və daha yaşlı əmilərin yoxdur ki, qabağıma çıxsın? Mən sənin qanını axıtmaqdan zövq almaram, – dedi və onun hövsələdən çıxarmağa çalışdı. Hz. Əlinin cavabı gecikmədi:
– Ancaq vallah, mən sənin qanını axıtmaqdan zövq alacağam.
Sözün bir sehri vardı və Əli bu sehri dəyərləndirib birinci hücuma keçdi. Artıq Amrın gözünə heç nə görünmürdü: hiddətlə hücum etdi, dalbadal qılınc zərbələri endirdi. Qılıncı elə sürətlə işlədirdi ki, vurduğu yerdən şimşək kimi od çıxırdı.
Ancaq bu dəfə qarşısında Heydəri-Kərrar dayanmışdı və bir neçə həmlə ilə Amrın işini bitirdi. Heç kim bunu gözləmirdi. Hər kəs təəccüb və heyrətlə bir-birinə baxırdı: əfsanəvi Amr da yerə sərilərmiş…!? Demək, onu yerə sərənin qarşısında durmaq olmazdı, olmayacaqdı da..
Döyüş meydanından gur təkbir səsi yüksələndə Allah Rəsulu Əlinin Amrı dizə gətirdiyini anlamışdı. Əks səda verən təkbir Onun gözlədiyi nəticədən xəbər verirdi. Gələrkən üzü gülürdü Peyğəmbər kürəkəninin. Yaxınlaşdığını görən Ömər:
– Zirehini götürəydin gərək! Ərəblərdə ən keyfiyyətli zireh onundur, – deyəndə Əli:
– Onu soyundurub götürməkdən həya etdim, – cavabını verdi.