Rəsulullahın vəfatı
Gün gəlib dövran keçəcək, Sonsuz Nur Rəsulullah da qürub edəcəkdi. O da bir bəşər övladı idi və vəzifəsini yerinə yetirəndən sonra ayrılmaq çətin olsa da, “Uca Dostluğa” pərvaz edəcəkdi. Məhz o gün yetişmiş və Allah Rəsulu (s.ə.s.) axirətə köç etmişdi.
Günəşin qürubu Əlini şam kimi əritmişdi. Ta uşaqlığından arxa-dayağı, iman yolunda rəhbəri olan Rəsulullahın gedişi onu hüznə qərq etmişdi. Tutulmuşdu buludlar kimi.. polad kimi imanı olmasaydı, heç kim onu saxlaya bilməzdi – ən sadiq yarı ilə birlikdə gedərdi… Ancaq onu gözləyən vacib vəzifələr vardı. O, gələcək ağır günlər üçün əvvəlcədən hazırlanmış bir insan idi.
***
Bir də Allah Rəsulu vəsiyyət etmişdi, son mənzilə yola salınmasını o təşkil etməli idi. Peyğəmbərimizin mübarək vücudunu yuyarkən, Allah bilir, nə qədər hüznlənmişdi: sel olub axan göz yaşları ilə yumuşdu Onu (s.ə.s.). Kəfən və dəfn işlərini də o gördü. Bu əsnada qızı Fatimə kədərdən özünü saxlaya bilməyib mərhumun üstünü torpaqla örtənlərə qışqırdı:
– Ürəyiniz necə razı olur Rəsulullahın üstünə torpaq atmağa?
Yenə Əli təsəlli verdi ona. Günlər keçdikcə Əli və Fatimənin bir-birinə ilişən baxışları xatirələri təzələyir və hğnkür-hönkür ağladırdı onları. Belə ki, hər şey, hər şey Onu xatırladırdı.
Allah Rəsulu Hz. Əlin mükəmməl yetişdirmiş və təkbaşına mücadilə aparmağa hazırlamışdı. Artıq yanında deyildi, amma Ondan öyrəndikləri bütün həyatı boyu önünü aydınladacaq və müşkül işləri həll etməkdə ən böyük köməyi olacaqdı.