Bir can qarşılığında yalnız bir can alınsın
Nəhayət, xaricilərdən Abdullah ibn Mülcəm iki dostu ilə sözü bir yerə qoymuş, “qurtuluş yolunu” onu öldürməkdə görmüşdülər. Onlar üçün sonra olacaq hadisələrin heç bir əhəmiyyəti yox idi və sadəcə nifrət və kinlərini susdurub təsəlli tapmaq üçün xilafəti təmsil edənlərin canına göz dikmişdilər.
“Allah yolunda” qardaş qanı tökməyi özlərinə mübah (caiz) görür və:
– Biz canımızı haqq yolunda vermək bahasına da olsa, haqq yolundan “çıxmış” rəhbərləri öldürsək, ölkə onlardan qurtular, biz də beləcə qardaşlarımızın intiqamını almış olarıq, – deyirdilər. Allaha şərik qoşan milyonlarla insan Cəhənnəmə yuvarlanarkən, inanan, hətta inananların piri, öndəri olan bir insanın canına qıymaq qəribə deyildimi?! Bir fikir ağıllarına bir dəfə yatdımı, əvvəlini-axırını düşünmədən hərəkət edir və bütün bu əməllərinə də “Allah üçün” donunu geyindirirdilər. Allah üçün Allahın Aslanına qıymaq olardımı..?!
Digərləri isə Hz. Müaviyə və Amr ibn Ası öldürmək üçün yola düşdü. İbn Mülcəm də zəhərli qılıncı ilə Hz Əlini şəhid etmək üçün Kufəyə gəldi. Əsl niyyətini heç kəsə deməmişdi. Təqvimlər ramazan ayının 17-sini göstərirdi. Günlərlə plan qurdu və nəhayət, bir cümə səhəri namaz üçün evindən çıxan Hz. Əlinin üstünə hücum çəkib zəhərli qılıncı ilə onu qılınclamağa başladı. Eynilə deyildiyi kimi, Hz. Əlinin saqqalı başının qanına boyanmışdı. Vəzifəsini bitirdiyinə inanan İbn Mülcəm:
– Əmr və hökm ancaq Allaha məxsusdur, ya Əli! Sənə və dostlarına deyil! – deyə qışqırırdı. Bu necə sınaq idi?! Belə bir imtahanlar zəncirinə ancaq Hz. Əli dözə bilərdi. O, özünə görə narahat deyildi. Onsuz da dünyanın bütün məşəqqətlərindən qurtulmasına çox qalmamışdı.
***
İbn Mülcəm qaça bilməmişdi. Bir işarəsi ilə başını bədənindən ayıra bilərdilər. Amma Hz. Əli böyük insan idi ki, bir yandan ağrı içində qıvrıla-qıvrıla vücudundan axan qana baxır, o biri yandan da canına qıymaq istəyən insana nəzər salıb acı-acı təbəssüm edirdi. Həyatla vidalaşıb axirətə köçərkən belə, özündən sonra qarışıqlıq salınmamasının vacibliyini tövsiyə edib insanları sabitqədəm olmağa çağırırdı. Onun yaralarından qan axa-axa canına qəsd edən İbn Mülcəm haqda son göstərişləri belə idi:
– Onu həbsdə saxlayın və orada yaxşı rəftar edin. Əgər yaşasam, nə edəcəyimi düşünərəm, bağışlayaram və ya Allahın hökmünü icra edərəm. Əgər ölsəm, bir can qarşılığında yalnız bir can alınsın və nə badə ona müslə (ölünün ağzını, burnunu, qulağını kəsib tanınmaz hala salmaq) edəsiniz.