Məşəqqətli illər
İnananların sayı gündən-günə artırdı, amma Əlinin solğun üzündə heç cür təbəssümdən əsər görünmürdü. Başqalarının imana gəlməsinə şahid olsa da, hələ də ana və atasının müsəlman olmasını görməmişdi. Ən yaxınlarına bir şey çatdıra bilməmək onun yuxularını qaçırırdı, amma əlindən heç nə gəlmirdi. Belə ki, Allah Rəsulu (s.ə.s.) da dəfələrlə Əbu Talibə Haqdan bəhs etmiş, amma qəbul etdirə bilməmişdi.
Artıq Məkkədə yaşamaq mümkün deyildi. Taifə üz tutmuşdular, amma oradan da gözlənilən nəticəni əldə etmək mümkün olmamışdı.
Məşəqqətlər gün-gündən artırdı. Qureyş Məkkənin qapılarını bağlayır və bütün inananları şəhərdən çıxarırıdı. Üç il sürən bir sürgün həyatı idi bu… Cəhalətlə oturub-duran, cahilliklə nəfəs alan Qureyş insanlıq tarixinin ən çirkin əməllərindən birinə “imza atır”, ən məsum, günahsız insanları əzab-əziyyətlərlə, aclıqla, yoxsulluqla, hər cür işgəncə və çilələrlə üz-üzə qoyurdu. Bir də bütün yolları kəsir, heç kimin kömək etməsinə imkan vermirdi.
***
Çətinliklərə yaxınların ayrılığından doğan ağrı-acılar da əlavə olunmuşdu. Əvvəlcə Hz. Əlinin atası Əbu Talib vəfat etdi. Üstəlik Allah Rəsulunun bütün təkidlərinə baxmayaraq, iman qapısını açmadan, imana gəlməklə oğlu Əliyə təsəlli olmadan getmişdi. İman yolunda hər şeyini fəda edən Heydəri-Kərrar üçün dözülməz ağrı idi bu.
Heç üç gün keçməmişdi ki, anası kimi əziz bildiyi və canından çox sevdiyi, ağır günlərin ən böyük təsəlli yeri Hz. Xədicə də dünyaya əlvida dedi. Sadəcə atasının ölümündən sonra yumşalıb iman edən anası Fatimənin müsəlman olması ilə təsəlli tapırdı. Məkkədə həyat nişanələri yox olmaq üzrə idi.
Ancaq o, bütün çətinliklərə səbir etməli olduğunu çox gözəl bilirdi. Çünki imanda səbir bədəndə baş deməkdi, səbri olmayanın imanı da təhlükə ilə üz-üzə sayılırdı. Bu gün çalışıb-çabalama günü idi, hesab yox idi. Amma sabah hesab günü gələcəkdi, o vaxt da çalışıb-çabalamağın bir faydası olmayacaqdı. Bir də ətrafında olan hər kəsin bənizi solğun, saçı-başı dağınıq idi. Demək ki, hər kəs gələn müsibətlərə, dərdlərə ortaq olur və bir iztirabı çəkirdilər. Bu əzab-əziyyətli, ağrılı-acılı günlərdə yetişib polad kimi imana sahib olan Hz. Əli, sonralar qismən rahatlığı, firavanlığı gördükcə həmişə o günləri xatırlayar və paltarları islanana qədər ağlayan o ilk günün səhabələrinin həsrəti ilə göz yaşları içində nəsihətlər edərdi. Bu nəsihətlərindən birində:
– Elmin bulaqları, gecənin işıqları olun və libasınız köhnə, qəlbiniz də təzə, təravətli olsun. Ancaq belə olmaqla göylərin fövqündə bilinər, yer üzündə xatirələrdə yad edilərsiniz, – deyirdi.