Bədrin aslanı
Küfrün kini bitib-tükənən deyildi və hicrət zamanı əllərindən qaçıran möminləri yox etməyin planını cızırdılar. Və yollar Bədrdə birləşdi. O günə qədər baş verməyən müharibə izni gəlmiş və müdafiəyə çəkilmə dövrü sona çatmışdı. Quyuların başında qarşı-qarşıya gələn orduların önündə ilk vuruşanlardan biri də Əli idi. Bir həmlə ilə amansız düşməni Vəlidi yerə sərdi və bu zəfərlə ilahi lütflə qüvvətlənən ordunun əhvali-ruhiyyəsini bir qədər də yüksəltdi.
Allah Rəsulu (s.ə.s.) onu o qədər sevirdi ki, uzaqlara müharibəyə göndərəndə həsrətlə:
– Allahım! Əlini mənə göstərmədən canımı alma! – deyə dua etmişdi.
Mədinə divarlarından birinin dibində oturarkən Əbu Bəkir və Ömərdən sonra gələn şəxsin də Cənnətə gedəcəyi müjdəsini vermiş və yaxınlaşan ayaq səsinə qulaq verərək:
– Allahım! Sən istəsən, bu gələni Əli edərsən! – deyə onun gəlməsini arzulamışdı. Doğrudan da, gələn Əbu Talibin oğlu Əli idi. Ona “Zülfüqar” adlı qılıncını bağışlamış və o da müqəddəs əmanət olan bu qılıncla döyüşmüş, onun bərəkəti ilə neçə-neçə zəfərlər qazanmışdı.
Uhud…
Qureyş intiqam hissi ilə Uhuda üz tutanda Əli yenə meydanda idi. Elə döyüşürdü ki, önündə durmaq mümkün deyildi. Uhudun qarışıq vaxtında keçirdiyi hisləri öz dilindən eşidək:
“Döyüş zamanı birdən Rəsulullahı görə bilmədim. Şəhidlərin arasına baxdım, orada da yox idi. O zaman öz-özümə:
– Vallah, Rəsulullah döyüşdən qaçmaz. Onu şəhidlər arasında da görə bilmədim. Hər halda xətalarımızdan ötrü Allah qəzəb edib Onu hüzuruna apardı. Artıq mənim üçün döyüşməkdən başqa xeyirli bir iş yoxdur, – dedim. Qılıncımın qınını qırıb düz düşmən səflərinə hücum etdim. Onlar mənim gəlişimi görüb iki tərəfə ayrılınca bir də nə görsəm yaxşıdır? Allah Rəsulu orada döyüşür”.
Bir tərəfdən döyüşür, digər tərəfdən də Rəsulullahı (s.ə.s.) qoruyur və başına bir iş gəlməməsi üçün bütün gücünü səfərbər edirdi. Budanan ağac kimi qolları kəsilən və yerə düşmüş döyüş bayrağını sinəsi ilə tutmağa çalışan, az sonra bir nizə zərbəsi ilə şəhid olan Musabın əlindəki bayrağı da götürmüş və Uhudda insanların toparlanmasını başlatmışdı. Bu döyüşdə 16 öldürücü zərbə alsa da, hər dəfə Allahın lütfü ilə ayağa qalxıb yenidən aslanlar kimi döyüşməsi nəql edilir. Bir ara müsəlman cərgələri arasında qarışıqlıq düşdüyünü rəvayət edirlər. Allah Rəsulunun üzü yaralanmış, dişi qırılmışdı. Əli yenə də Hz. Fatimə ilə birlikdə Onun yanında idi və mübarək üzünün qanını təmizləyirdi.