Səhabələr

Süd anası ilə keçən illər

Miniyinə minən və körpəni də qucağına götürən Həlimeyi-Sadiyə həmin zəif, cılız uzunqulağın birdən-birə dəyişdiyini və çevikləşdiyini görmüş, yeyin yerişinə şahid olmuşdu. Hətta bir gün əvvəl yola düşən yoldaşlarına da çatmış və sanki, bununla bu dəfə arxada qalmadıqlarını göstərmişdilər.

Həlimə ilə Harisin belə sürətlə gəldiyini, hətta üzlərində heç bir yorğunluq nişanəsi olmadığını görən yorulub əldən düşmüş yolçular bütün bunlara bir məna verməyə çalışır, amma  məsələnin mahiyyətini anlaya bilmirdilər. Çox keçmədən yaxınlaşan Həliməyə tərəf dönüb soruşurlar:

− Ey Züeyboğullarının qızı, bu nə haldır? Sən həmişə bizdən arxada qalıb gecikmirdinmi? Yoxsa bu, sənin gələrkən mindiyin uzunqulaq deyil?

Özünə əmin olan və tutduğu işin bərəkəti ilə coşan Həlimə:

− Vallah, düz deyirsiniz. Bu, gələrkən mindiyim elə həmin uzunqulaqdır, − deyə səslənir və ardınca davam edir:

− Vallah, mən bu gün bərəkət yönü ilə ən xeyirli uşağı seçib götürmüşəm.

Dərhal soruşurlar:

− Yoxsa, O, Abdulmuttalibin nəvəsidir?

Bəli, bu işdə bir xeyir vardı. İndi bu xeyir Həlimə və əri Harisə lütf edilmişdi.[2]

Bərəkət təkcə  bundan ibarət deyildi.  Adi şəraitdə quraq və bəhrəsiz olan torpaqlarında da bambaşqa bir bərəkət özünü göstərir, qoyunları da qarnı doymuş geri dönür,  bol süd verirdi. Hətta başqa qoyun sahibləri çobanlarını çağırıb:

− Vay halınıza! Siz də qoyunları Həlimənin qoyunlarının otladığı yerlərə aparın və bizim qoyunlarımızın da qarnı doysun ki, biz də çoxlu süd sağa bilək, − deyə danlayırdı.

Davamı: 1 2 3 4 5 6 7