Səhabələr

Süd anası ilə keçən illər

Artıq Həlimeyi-Sadiyə yaşadıqları bərəkət və ehsana görə yoldaşlarının qibtə və heyranlıqla baxdıqları bir qadına çevrilmişdi.

İki il beləcə, altı aydan bir Məkkəyə − ana yurda baş çəkməklə gəlib keçmişdi. Artıq Kainatın Fəxri böyümüşdü. Daha süddən də kəsilmiş, razılaşdırılmış müddət qurtarmış, ayrılıq vaxtı çatmışdı. Buna könüldən razı olmasalar da, verdikləri sözə əməl etməli idilər və balaca Məhəmmədi anasına təhvil vermək üçün Məkkəyə gətirdilər.

Bir tərəfdən də Ona öz anası kimi yaxın olan Həlimeyi-Sadiyənin ürəyi, sanki, yerindən oynayır, qəlbi sıxılır, ayrılığı fikirləşdikcə bədəninin bir hissəsi qopurmuş kimi iztirab çəkirdi. Kainatın İftixarı bir müddət də yanında qalsa, nə olardı? Bəli, beynində şimşəklər kimi çaxan bu fikir və hisslərin təsiri ilə bir ümid içində  Hz. Əminəyə:

− Məkkə vəbasının Ona da keçməsindən qorxuram. Nə olar, icazə verin, bu oğulcuğum bir müddət də bizimlə qalsın, − deyə cani-könüldən bir təklif verir.

Bu, ana üçün qəbul edilməsi çətin bir təklif idi. Buna görə də Hz. Əminə əvvəlcə məsələyə müsbət yanaşmır. Ancaq digər tərəfdən də şəhərdə yoluxucu xəstəlik hökm sürürdü və yeganə övladının bundan zərər görməməsi üçün bağrına bir daş da basmağa razı olub təklifi könülsüz qəbul edir. Balaca Məhəmmədlə   yenidən Sadoğulları yurduna qayıdan Haris ailəsində  sevinc və nəşənin həddi-hüdudu yox idi.

Şaqqı-Sadr hadisəsi

Aradan bir müddət də keçmişdi. Fəxri-Kainat süd qardaşları və Sadoğullarının uşaqları ilə birlikdə oynayır, quzuları otarırdı. Yenə belə günlərin birində evin arxa tərəfində quzularla birlikdə oynayarkən süd qardaşı Abdullah təngnəfəs qaçaraq anası Həlimənin yanına gəlir. Həyəcanla:

−Ana, bu qureyşli qardaşım var ha! Onu iki ağ paltarlı adam götürdü və yerə uzadaraq qarnını yardı, sonra da üst-üstə qoyaraq örtdülər,[3] − deyir.

Gələnlər, biri Cəbrail olmaqla iki mələk idi. Bəyanı bütün bəşəriyyəti qucaqlayacaq Allah Rəsulunun ürəyini açıb onu zəmzəm suyu ilə yumuş və içində hikmət şəlalələrinin coşub-daşacağı bir əməliyyat həyata keçirmişdilər.

Həliməni və Harisi qorxu bürümüşdü. Tələsik qaça-qaça həmin yerə gəlirlər. Həqiqətən də, balaca Məhəmməd rəngi solmuş halda ayaq üstə dayanıb gözləyirdi. Həlimənin və Harisin ürəyi ağızlarına gəlmişdi. Əvvəl Həlimə, ardınca da  Haris onu qucaqlayıb bağrına basır:

− Ey oğlum, sənə nə oldu? − deyə soruşurlar.

Davamı: 1 2 3 4 5 6 7