Səhabələr

Süd anası ilə keçən illər

− Ağ paltarlı iki nəfər gəldi. Birinin əlində qarla dolu qızıl bir tas var idi. Sonra məni götürüb yerə uzatdılar. Sinəmi açaraq ürəyimi çıxarıb iki yerə ayırdılar. İçindən qara bir şey çıxarıb tulladılar və ürəyim tərtəmiz olana qədər qarnımı buzlu qarla yudular. Sonra onlardan biri digərinə: “Bunu ümmətindən on nəfərlə çək,” − dedi. On nəfərlə məni çəkdilər və mən ağır gəldim. Sonra: “Yüz nəfərlə çək,” − deyə təkrar etdi. Yüz nəfərlə çəkdilər, yenə mən onlardan ağır gəldim. Bu dəfə də: “Onu ümmətindən min nəfərlə çək,” − dedi. Min nəfərlə də çəkildim və yenə ağır gəldim. Bunu görəndən sonra həmin şəxs: “Onu olduğu kimi burax! Allaha and olsun ki, əgər Onu bütün ümməti ilə çəksən, yenə O, hamısından ağır gələr,” − dedi.[4]

Ər-arvad bu hadisədən çox əndişələnmişdi. Evə qayıdar-qayıtmaz Haris:

− Ey Həlimə! Mən bu uşağın başına bir iş gəlməsindən qorxuram. İstəyirsən, sağ-salamatkən apar ailəsinə təslim et, − dedi.

Həlimə də başqa cür fikirləşmirdi. Bəli, bəlkə də, Onun səbəbi ilə evlərinə görünməmiş bərəkət havası hakim olmuşdu, amma indi iş gözləmədikləri bir nöqtəyə çatmış və tanımadıqları kimsələr Onunla maraqlanmağa başlamışdı. İşin hara gedib çıxacağını bilmək mümkün deyildi. Ən yaxşısı, heç bir riskə getmədən əmanəti öz sahibinə təhvil vermək idi.

Buna görə də dərhal hazırlaşıb yola düzəlirlər. Qapısı döyülən Hz. Əminə qarşısında Həliməni görüb:

− Əcəba, səni bura gətirən səbəb nədir? Dünənə kimi Onu aparıb “yanımda qalsın” deyə təkid edən sən deyildinmi? İndi nə oldu? − deyə təəccüblü baxışlarla soruşur.

Davamı: 1 2 3 4 5 6 7