Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Tövbə Qəhrəmanı Kab ibn Malik (r.a.)

Tarix: 18.05.2013 | Bu məqalə 1. 590 dəfə oxunub.

Məsləhət verənin çox idi, ancaq sən…

Belə vaxtlarda məsləhət verən çox olar. O vaxt sənin də ətrafına toplananlar oldu. Heç kəsə bir pislik etmədiyini deyir və bir bəhanə uydurub vəziyyətdən xilas olmağı tövsiyə edirdilər. Üstünə o qədər düşdülər ki, az qala gedib dediklərini edəcəkdin. Allah üçün başını qoymuşdun deyə, O da səni tək buraxmayacaq, yanlışa yönəlməyinə izin verməyəcəkdi. Birdən ağlında şimşəklər çaxdı və sənin vəziyyətində olan varmı deyə soruşdun öz-özünə. İki nəfər vardı, Hilal ibn Umeyyə, Mürarə ibn Rəbi. Hər ikisi də Bədrin qaziləri, saleh və fəzilətli şəxslər idi. Qərarından dönməməkdə israrlı oldun, ətrafdakılara və bəzəkli sözlərinə fikir vermədin… Təbükdə iştirak etməyənlərdən yalnız üçünüzə belə davranılmış və “danışmamaq cəzası” verilmişdi.

Mükafat kimi cəza da hər kəsə verilmirdi.

İnsanların arasında tənha qalmışdınız. Sanki, dünya tanıdığınız dünya, insanlar da tanıdığınız insanlar deyildi. Bütün genişliyinə baxmayaraq, dünya daralmış, qanlı süngər kimi beyninizi soran bir zindana çevrilmişdi. Və bu müddət az deyildi, sizə əlli il kimi görünən əlli gün davam edəcəkdi.

Yalnızlıq…

Digər iki dostun yaşca səndən böyük idilər, evlərinə qapanmış, günlərini ağlamaqla keçirirdilər. Sən isə gənc idin, gümrah idin və özünə sığmırdın. Məsciddən, camaatdan qopmadın. İnsanlar səninlə danışmasa da, çıxıb bazarda gəzdin. Gözün Allah Rəsulunun üzündə idi. Salam verir, “salamını alar” ümidi ilə gözucu dodaqlarının hərəkətini yoxlayardın. Namazını yaxınında qılmağa çalışır, nəzərlərindəki hərarəti tutmaq üçün gözlərini izləyirdin. Dodaqlarının hərəkətini görüb salamını aldığını, gözləri ilə səni süzdüyünü görəndə dünyalar sənin olmuş və rahat nəfəs almışdın.

Cəmiyyətdə tanınan və sevilən insanlar olsanız da, əmr uca məqamdan gəldiyinə görə hər kəs ona riayət edirdi, bunda istisna da yox idi. Can-ciyər dostların, yaxın yoldaşların da. Müddətin uzanması məşəqqətini çoxaltmışdı. Bir təsəlli ümidi ilə əmin oğlu  və ən sevdiyin can dostun Əbu Qatadənin bağına girib ona salam verdin. Bu necə itaət idi ki, salamını belə almadı. And verərək salamını təkrarladın, yenə səs yox idi. “Ey Əbu Qatadə! Mənim Allah və Rəsulunu nə qədər çox sevdiyimi bilmirsənmi?!” – dedin, Yavaş səslə: “Allah və Rəsulu daha yaxşı bilir” cümləsini eşidə bildin. Bu, sənin üçün ayrı bir zərbə idi. Ağlamaqdan gözlərin qan çanağına dönmüşdü. Çarəsiz və hüznlü geri qayıtdın.

Bu da ayrı bir sınaq

Bazarda gəzərkən izdiham içində birinin səni soruşduğunu eşitdin. Camaat soruşana səni işarə etmişdilər. Gələn Şam tərəfdən Nəbatlı bir tacir idi. Əlində bir məktub vardı və sənə uzatdı. Qassan məlikindən salam gətirmişdi. Məktubu açdın və oxumağa başladın:

– Eşitdim ki, sahibin sənə cəfa edir, zülm edir. Allah səni hədər getmək, təhqir edilmək üçün yaratmadı. Bizim yanımıza gəl, bütün imkanlarımızı sənin üçün səfərbər edək, – deyir, dünyanı vəd edirdi Qassan məliki.

– Bu da ayrı bir sınaq və bəla, – dedin və tərəddüd etmədən mək­­tubu cırıb oda atdın. Haqlı idin. Belə ki, xeyirli işlərin çox zə­rər­­li maneələri olur. Şeytan xeyir iş görənlərlə çox məşğul olur. Belə vəziyyətlərdə hədər yerə ova çıxan neçə-neçə fürsət ovçusu var­dı. Tənha və kimsəsiz nəhrlərdə yırtıcı balıqlar kimidirlər. Onların rüzgarına aldanmamaq lazımdır!

Zövcəndən də ayrıl

Qırx gün keçmişdi ki, Rəsulullahın elçisi yanına gəlib zövcəndən də ayrılmalı olduğunu söylədi. O qədər itaətkar idin ki, “Boşayım? Nə edim?” dedin. Sadəcə ayrı qalmalı, yaxınlaşmamalı idin. Tərəddüd etmədin və neçə illik həyat yoldaşına “Allah haqqında hökm verənə qədər atası evinə getsin” söylədin.

On gün də keçmiş, müddət əlli günü olmuşdu. Və əllinci günün səhərində namazını qılmış, evinin həyətində peşman və kədərli oturmuşdun. Birdən gözünə bir toz buludu sataşdı. Sel dağı tərəfdən bir atlı toz-duman içində gəlir, atını çapa-çapa gur səsi ilə:  “Müjdələr olsun sənə, ey Kab ibn Malik! Müjdələr olsun!” – deyə qışqırırdı. Əlbəttə, səs sənə müjdəçidən əvvəl çatmışdı. Aydın idi ki, nəsə xoş bir şey baş verib.

Davamı: 1 2 3 4 5

Bənzər məqalələr