Səhabələr

Uhuddan sonraki hadisələr

– Xəbərlər pisdi, – deyə cavab verir Cüdeyy. Ardınca da:

– Göndərdiyin ismarışı çatdıran kimi Məhəmməd təkbir gətirdi və ardınca da: "Yəhudilər müharibə elan etmişlər," – deyə səsləndi. Sonra İbn Übeyyin yanına getdim və vəziyyəti ona çatdırdım. Bu vaxt Məhəmməddin carçısı müsəlmanları Bəni-Nadirlə döyüşə səsləməyə başladı.

– Yaxşı, bəs İbn Übeyyin cavabı nə oldu? – deyə soruşur Huyey.

– Ondan bir xeyir gələcəyini heç sanmıram, – deyir qardaşı Cüdeyy. Hərəkətləri ilə sözünün üstündə durmayacağını bəlli etmişdi. Bir də İbn Übeyyin: "Mən qatafanlı dostlarıma xəbər verim, gəlib sizinlə birlikdə qalalarınıza girsinlər və sizə dəstək olsunlar," – dediyini də ona çatdırır.

Hər şey aydın idi: yenə Səlləm haqlı çıxmışdı. İllər ötsə də, xasiyyət dəyişmir, İbn Übeyy  yenə xarakterinə uyğun hərəkət edir, ümid və vəd verdiyi insanları tək qoyurdu.

Bəni-Nadir yurduna doğru

Artıq həddini aşıb müqaviləni pozan və Rəsulullaha qarşı çıxıb meydan oxuyan Bəni-Nadirə yürüş zamanı idi. Allah Rəsulu (s.ə.s.) da Mədinədə Abdullah ibn Ümmi Məktumu vəkil təyin edərək əshabı ilə birlikdə Bəni-Nadir yurduna yollanır. İkindi  namazını Bəni-Nadir yurdunda qılacaqdı.

Rəsulullahın əshabı ilə birlikdə gəldiyini görüncə təlaşlanan Bəni-Nadir bir tərəfdən daş və oxlarla cavab verməyə çalışır, digər tərəfdən də qalalarına doğru qaçır. Bu vəziyyət o gün axşamadək davam edir.

Rəsulullah üçün ağacdan bir çadır qurur, üzərinə də Sad ibn Ubadənin göndərdiyi çulları örtürlər. Müsəlmanlara xurma daşımaq işini də Hz.Sad öz boynuna götürmüşdü.

Bəni-Nadirin dəstək gözlədiyi başqa bir Yəhudi qəbiləsi olan Bəni-Qureyzə baş verənləri kənardan izləyir, bu hadisələrə qarışmaq istəmirdi. Kab ibn Əsəd sözünün üstündə durmuş və Allah Rəsulu ilə olan sazişə sadiq qalaraq Huyey ibn Ahtabın tələblərinə razılıq verməmişdi. Ümid etdikləri kimi nə silah, nə də əsgər yardımı göstərmişdi.

Artıq mühasirə başlanmış, gün də bitmişdi. İşa namazından sonra Allah Rəsulu (s.ə.s.) orduya başçılığı Hz. Əliyə tapşırıb[26] on səhabə ilə birlikdə atına minib Mədinəyə gəlir. Əynində zirehi də var idi.

Sübh namazını yenidən Bəni-Nadir yurdunda qılan Allah Rəsulu (s.ə.s.) çadırını namaz qıldığı yerdə – Hatmədə qurdurur və özü də çadıra girir. Çox keçmədən çadırın üstünə bir ox dəyir.[27] Deməli, çadır ox məsafəsində idi və buna görə də yeri dəyişdirilib Fadih adlı yerdə qururlar.

Artıq axşam olmuş, iki min nəfərlik qüvvə ilə onlara dəstək olacağına söz verən nə Abdullah ibn Übeyydən, nə də onun digər müttəfiqilərindən səs-soraq yox idi. Bəni-Nadir döyüşlə üz-üzə qalsa da, Übeyy həmişəki kimi evində oturmağa üstünlük vermişdi. Ümidlər get-gedə azalırdı. Vəziyyəti qiymətləndirən Səlləm ibn Mişkəm və Kinanə ibn Suveyra Huyey ibn Ahtaba yaxınlaşıb:

– Gələcəyini sandığın İbn Übeyyin dəstəyi haradadır? – deyə onu sıxışdırmağa başlayır.

O da vəziyyətin ağırlığını hiss edirdi, lakin çarəsiz idi. Bir inadkarlıq üzündən başını bəlaya salmış və etibarsız insanların boş vədlərinə aldanaraq hamını çıxılmaz vəziyyətdə qoymuşdu. Boynunu bükərək:

– Mən nə edim?! – deyir əvvəlcə. Bir lider çarəsizliyinin ifadəsi idi bu cümlə. Ardınca da:

– Deməli, başımıza bir müsibət yazılmış, çəkəcəyik, – deyir.