Səhabələr

Uhuddan sonraki hadisələr

Bunun ardınca Allah Rəsulu (s.ə.s.) Cabir ibn Abdullahı göndərib Sad ibn Rəbinin xanımını və qardaşını hüzuruna çağırır. Bu arada Bəlharis ibn Xazrəclilər arasında olan və Rəsulullahın əmrini alıb qaça-qaça gələn yorğun qardaşa üz tutub:

– Sadın iki qızına malın üçdə ikisini, qızların anasına da səkkizdə birini ver, yerdə qalanı sənindir, – buyurur. İlk dəfə idi ki, bir miras bölüşdürülürdü və bunu eşidən Sadın xanımı Amrə özünü saxlaya bilməyib:

–Allahu Əkbər! – deyə təkbir gətirir.

İlahi ədalət təcəlli edirdi. İslamiyyət qadına da mirasdan pay ayırırdı. Deməli, miras məsələsində də artıq güclülərin dediyi deyil, Allahın ədaləti təcəlli edəcək, insanlar ədalətsizliyə qurban getməkdən, əzilməkdən  qurtulacaqdı. O qədər sevinirdi ki, təkbiri məscidin digər tərəfində də eşidilmişdi.[4]

Eyni zamanda bu, ilahi hökmlər əsasında gerçəkləşmiş ilk miras bölgüsü idi. Mədinə üçün bir yenilik demək idi və bəzi insanlar o günə qədərki adətlərə son qoyan bu hökmləri eşidər-eşitməz hüzura gəlib:

– Ya Rəsulullah! Bu miras məsələsinin əsasında nə durur? – deyə işin əslini öyrəndikdən sonra yenə də etirazlarını bildirir:

– Ya Rəsulullah! Yəni indi biz atadan qalan mirasdan qızlara hissə verəcəyik? Halbuki onlar nə at minə, nə də döyüşə gedə bilir. Həm də onlar əldə etdikləri bu mirasla ərə gedəcəklər. Biz həm də əli qılınc tutmayan kiçik uşaqlara da pay böləcəyik? Halbuki onların bizə heç bir faydası yoxdur!

Bunun cavabında Peyğəmbərimiz yeni qaydaları qəribə qarşılayan bu insanlara Quran ayələrini oxuyur və Allahın bu xüsusdakı son hökmlərini təbliğ edir.[5] Əmr edən Rəsulullahdı, həm də Allahın hökmləri ilə! Kim nə deyəcəkdi ki?! Hökmün qətiliyi aydınlaşdıqdan səhabə səhabə fitrətni  ortaya qoyacaq və bundan sonra heç kim öz arzu və istəyinə görə mal (miras) bölgüsü aparmayacaqdı.

Yetim haqqı və çoxarvadlılığa gələn məhdudiyyət

İnsanlar arasında ümumi mənada ədalət güclünün təyin etdiyi əsaslar üzərində qurulan bir sistem idi. Bu sistemdə bir insanın güclü arxası yox idisə, işi bitmiş sayılırdı. Yetim uşaqlar da həmin vəziyyətdə idi. Tez-tez baş verən müharibələrdə və səbəbi belə aydın olmayan döyüşlərdə boş yerə ölən insanların uşaqları, əsasən, öz yaxınları tərəfindən himayə altına alınır və onlara miras qalan malların da himayəçilərin  ixtiyarına keçməsi bir qayda kimi qəbul olunurdu. Əgər bu uşaq qız idisə, vəziyyət daha acınacaqlı xarakter alırdı. Çünki bu malın başqalarına verilməməsi və başqa insanların bu mallar üzərində haqq (pay) iddia etməməsi üçün qızları ərə vermir, yaxud da himayədarlıq edən qohumlara ərə verirdilər. Bütün mallarını müsadirə etdikləri yetmirmiş kimi eyni zamanda bu evlilik əvəzində onlara mehr kimi heç nə vermirdilər.