Səhabələr

Vəhy davam edir

Çox keçmədən, Cəbrail gəlir, yeni bir vəhy vardı: “Əbəsə” surəsini oxuyurdu:

− O qəlb gözü həqiqətə qapalı və kor olan adam[6] Rəsulullah haqq bəyanla yanına gəldiyi üçün qaşqabağını töküb üzünü çevirdi.[7]

Onların zülmkar rəftarından bəhs etdikdən sonra, ayə bu dönük insanlara müraciətlə davam edir:

− Ey qəlbi haqqa qapalı olan məna koru! O gələn haqq bəyanın, Onu (s.ə.s.) pak edib  xatırlatmalarının da ona fayda verdiyini sən haradan biləcəksən? Sən Ondan uzaq dayananlarla oturub-durur və onlara etibar edirsən! Halbuki, haqq din ilə sənin yanına gələn və Rəbbindən qorxaraq sənə və başqalarına həqiqəti çatdırandan da üz çevirir, açıq qapı buraxıb sevgi göstərmirsən. Yox, yox! Belə etmə! Çünki bu dəvət Haqqın adından edilən öyüd-nəsihətdir. İstəyən bu öyüdə qulaq asar və sizə hər şeyi izah edən Peyğəmbərə tabe olar.[8]

Deməli, inad, qürur və küfr,  sözləri Haqq dərgahında təsdiqlənən Allah Rəsuluna (s.ə.s.) qarşı çıxır, dediklərinə qulaq asmaq istəmirdi. Həqiqətən, ən böyük korluq da gözün tutulması deyil, qəlbin qatılaşması və haqqı görməz hala gəlməsidir.[9] Elə isə buradan da aydın olur ki, qaşqabağını töküb məclisi tərk edənlər, lovğalanıb təkəbbür göstərənlər yenə Məkkənin öndərləri idi və bu hərəkətlər Quran tərəfindən korluq vəsfi ilə şərh edilirdi.[10]

 
[1]. İbn Əbi Kəbşə Peğəmbərimizin süd anası Həlimeyi-Sadiyənin ərinin künyəsi (ləqəbi) idi və Məkkə müşrikləri onu alçaltmaq üçün bu ifadəni işlədirdilər.
[2]. Bax: Taberi, el-Camiu’l-Beyan, 11/543
[3]. Bax: “Qəmər” surəsi, 54/1-2.
[4]. Bax: “Kəhf’ surəsi, 18/6; “Şüəra” surəsi, 26/3.
[5]. Bəzi rəvayətlərdə bu adamlar arasında Abbas ibn Abdulmuttalibin də olduğu göstərilir ki, oxşar məsələnin bir-birinə bu qədər yaxın əmi-qardaşoğlu arasında cərəyan etməsi məqbul görünmür.
[6]. Ümumiyyətlə, bu surənin enmə səbəbi ilə bağlı adı çəkilən bu şəxsin Amr ibn Ümmü Məktum kimi tanınan Hz. Xədicə validəmizin dayısı oğlu Abdullah ibn Məktum olduğundan bəhs edən rəvayət hədis meyarları baxımından düzgün olmamaqla yanaşı, eyni zamanda Peğəmbərimizin ismət keyfiyyəti ilə uyğun gəlməyən yanlışlıqlar da doğurur. Hərçənd mövzu ilə bağlı digər rəvayətlərdə bu şəxsin digər yeddi nəfərdən biri olması güman edilir, ancaq peyğəmbərlərin “ismət” vəsfi aspektindən baxılanda buradakı şəxsin səhabə olma ehtimalı olduqca zəifdir. Elə isə burada nəzərdə tutulan şəxs küfrdə inad, haqqı tanımamaqda israr edən Vəlid, Utbə və Əbu Cəhil  kimi məna gözü kor olan insanlardan biridir.
[7]. Eyni xüsusu “üzünü turşutdu” və “arxasını çevirib getdi” mənalarında gələn “əbəsə” və “təvaəlla” kəlmələrinin Quranda istifadə şəkli də təsdiq edir. Bu kəlmələrin hər biri küfründə sabit qalmağa üstünlük verən kafir və fironlar üçün işlədilmişdir. Bax: “Müdəssir” surəsi, 74/22; “Taha” surəsi, 20/48, 60; “Bəqərə” surəsi, 2/205; “Nəcm” surəsi 53/33; “Məaric” surəsi, 70/17; “Ğaşiyə” surəsi, 88/23; “Leyl” surəsi, 92/16; “Ələq” surəsi, 96/13
[8]. Bax: “Əbəsə” surəsi, 80/1-12.  Ayələrə xüsusən Peğəmbərimiz (s.ə.s.) və ümumi mənada bütün peyğəmbərlərin “ismət”  anlayışını düşünərək məna verilməyə çalışılmış və məqsədin daha yaxşı başa düşülməsi üçün bu məna təfsirlə zənginləşdirilmişdir. Bax: Ahmed et-Taci, Vahyüs-Sire s. 240)
[9]. Bax: “Həcc” surəsi, 22/46.
[10]. Mövzu ilə bağlı daha ətraflı məlumat üçün Bax: Ahmed et-Taci, Vahyu’s-Sire, s. 222 və b.
Davamı: 1 2 3