Səhabələr

Xədicə ilə ilk görüş

− Sizin də qeyd etdiyiniz məsələlərdə bizi insanlara üstün edən Allaha həmd olsun. Əlbəttə, heç şübhə yoxdur ki, biz ərəblərin  böyükləri və rəhbərləriyik. Sizlər də həmçinin... Heç bir ərəb sizin fəzilətinizi inkar edib şərəf  və iftixarınızı yox saya bilməz. Sizinlə eyni kökdən gəlməyimizin və müştərək şərəfimizin adına siz də şahid olun ki, mən, ey Qureyş camaatı, Hüveylidin qızı Xədicəni qeyd edilən mehr müqabilində Abdullahın oğlu Məhəmmədə nikahladım.

İşin məsuliyyətini çiyinlərində hiss edən Əbu Talib məclisdəki başqa qohumlarından da eyni qənaəti eşitmək istəyirdi. Bu məqsədlə:

− İstəyirəm ki, bu razılıqla bağlı digər əmilər də söz desin, − söyləyir.

Bundan sonra orada olan bir əmisi ayağa qalxır və eyni sözləri təkrar edir:

− Ey  Qureyş, siz də şahid olun ki, biz Abdullahın oğlu Məhəmmə­də Hüveylidin qızı Xədicəni nikahladıq.[19]

Ənənəvi elçilik mərasimi qurtarmışdı və artıq iş toy ziyafətinə qalmışdı. Nəhayət, o da təşkil edilir. Qoyunlar, dəvələr kəsilir və toy-düyün  üçün məclis qurulur. Beləliklə, 25 il davam edəcək çətin, amma səadət dolu ailə yuvasının təməlləri atılırdı.

Digər tərəfdən, o gün ağır günlər yaşayan Əbu Talibin sevincinin həddi-hüdudu yox idi. Bir kənara çəkilmiş, qardaşı oğluna belə bir qapı açan Allaha səmimi hislərlə şükür edirdi.

Əlbəttə, sevinən yalnız Əbu Talib deyildi. Məkkəlilər bu izdivacı təqdir edir, hisslərini şeirin zərif misralarına çevirərək bu nikahın doğruluğunu  bir-birlərinə hayqırırdılar.