Səhabələr

Xədicə ilə ilk görüş

Yola düşmək vaxtı gəlib çatır,  Peyğəmbərimiz karvanla Məkkədən uzaqlaşır. Bu səfər ərzində heç bir məqam gözdən qaçmayacaqdı. Meysərə[3] adlı bir adam Məhəmmədül-Əmini addımbaaddım izləyir, demək olar ki, yanından ayrılmadan bütün hərəkətlərinə göz qoyurdu. Bu səfər üç ay çəkəcəkdi. Səfər əsnasında karvan əhli  bir-biri  ilə qaynayıb-qarışmış və Peyğəmbərimizi daha yaxından tanımaq imkanı əldə etmişdi.

And

Uzun sürən məşəqqətli bir səfərin sonunda, nəhayət, Şama gəlib çatırlar. Hər kəs gətirdiyini yaxşı qiymətə satıb yeni yüklər almaq üçün səy göstərirdi. Məhəmmədül-Əmin də bu məqsədlə bazara yollanmışdı. Beləcə bir nəfərlə alış-veriş etmiş, ticarət məsələlərində razılaşmış və məsələ artıq sonuncu nöqtənin qoyulmasına gəlib çıxmışdı. İşin bu məqamında adam inadkarlıq edir, Məhəmmədül-Əminin and içməsini istəyir. Həm də o dövrün ən böyük bütləri hesab edilən Lat və Uzzanın adına... Həyatı boyu əl açmadığı bu əldədüzəlmə zavallıların adına heç and içilərdimi?! Əlbəttə, Allah Rəsulu (s.ə.s.) belə mənasız bir tələbə etiraz edir və: