Xalid ibn Vəlid Rəsulullahla qarşılaşmamaq üçün gizləndi. Xalidin daha əvvəl müsəlman olmuş qardaşı Vəlid ibn Vəlid də bu heyətdəydi. Qardaşı Xalidi nə qədər axtarsa da tapa bilmədi və ona belə bir məktub yazdı:
“Bismilləhirrəhmanirrəhim
Ağıllı olduğun halda, İslama girməkdən qaçmağın qədər qəribə bir şey görmədim. İslam kimi bir dindən kim uzaq qala bilər? Rəsulullah məndən Xalid haradadır deyə soruşdu. Mən də: “Allah onun qəlbinə hidayət salar,” ‒ deyə cavab verdim. O da mənə dedi ki: “Onun kimilər İslamdan uzaq qala bilməz. Əzm və gücünü İslam üçün istifadə etsəydi onun üçün daha xeyirli olardı”. Qardaşım, sənə son sözüm budur ki, bu fürsətləri qaçırma!”
Xalidin İslama olan marağı bu məktubdan sonra daha da artmışdı. Xüsusilə Peyğəmbərin onu soruşması onu çox sevindirmişdir. Yuxusunda çox dar və quraqlıq bir yerdən geniş və yaşıl bir ölkəyə gəldiyini görür. Yuxunun tam mənasını bilməsə də, bu yuxu onun müsəlman olmağına təşviq oldu.
Xalid artıq Rəsulullahın yanına getməyə qərar vermişdi. Ancaq özünə bir yoldaş axtarırdı. Yolda Safvan ibn Ümeyyəyə rast gəldi:
“Ey Əbu Vəhb! Düşdüyümüz vəziyyəti görürsənmi? Bizim sayımız çox azaldı. Məhəmməd isə həm ərəblərə həm də əcəmlərə qalib gəlir“ – dedi. Safvan, Xalidin dediklərinə şiddətlə qarşılıq verdi:
“Özümdən başqa heç kimsə qalmasa belə yenə ona tabe olmaram “
Xalid onun bu kininin və qəzəbinin səbəbini qardaşının və atasının Bədirdə öldürülməsi olduğunu düşündü. Safvan o qədər kin və nifrət içində idi ki, Peyğəmbərimizin qəza ümrəsində Həzrət Bilal Həbəşinin oxuduğu azanı eşidəndə belə demişdi: “Şükür ki, atam bu səsi eşitmədən öldü”.
Xalid daha sonra Əbu Cəhlin oğlu İkrimə ilə rastlaşdı və Safvana dediklərini bircə-bircə ona da təkrar etdi. İkrimənin də razı düşmədiyini görüncə, xahiş etdi ki, bu sirri başqalarına açmasın.
Xalid ibn Vəlid tək başına Rəsulullahın yanına getməyə qərar verdi. Evə gedib hazırlıq gördü və yola düşdü. Bu dəfə yolda Osman ibn Talhaya rastlaşdı. Safvana və İkriməyə dediklərini Osman da dedi . Osman isə bu təklifi qəbul etdi və bərabər yola düşdülər . Hiddədə Həbəşistandan qayıdan Amr ibn As da onlara qoşuldu.[2]