Bu vaxt Cənabı Haqq zaman və məkan pərdələrini aradan qaldırdı. Döyüş səhnəsi Peyğəmbərimizin gözləri önündə canlandı. Peyğəmbərimiz minbərə çıxıb belə dedi:
‒ Onlar düşmənlə qarşılaşdılar . Zeyd şəhid oldu. O indi Cənnətə getdi. Sonra bayrağı Cəfər aldı . O da şəhid oldu. Cəfərdən sonra bayrağı Abdullah aldı. O əlində bayraq ola-ola şəhid oldu. Abdullahdan sonra bayrağı Xalid ibn Vəlid aldı. Bax indi döyüş qızışdı.
Daha sonra Peyğəmbərimiz əllərini qaldırıb: “Allahım o, Sənin dininə xidmət edən qılınclardan bir qılıncdır, ona kömək ol” – dua etdi.
Beləcə Peyğəmbər Əfəndimizin duasına nail olan İslam ordusu özünə gəlməyə başladı. Xalidin başçılığı altında Rumların bir bölüyünü dağıtdılar. Gecə olunca iki ordu da istirahətə çəkildi.
Xalid üçün bu bir fürsət idi. Bu anı yaxşı dəyərləndirməli idi. Həzrət Xalid hərb sahəsində təcrübəli idi. Artıq təcrübəsini göstərməyin vaxtı gəlmişdi. Həm əsgərlərinin məhv olmağına imkan verməməli, həm də Bizans ordusuna ağır zərbə endirməli idi.
Həzrət Xalid qərargahda gəzib əsgərlərə mənəvi dəstək verdi. Gecə yarısından sonra fikirləşdiyi planı həyata keçirməyə başladı. Sağ cinahdakı əsgərləri sol cinaha, soldakıları sağa, arxadakıları önə, öndəkiləri də arxa sıralara yerləşdirdi. Bundan başqa bir qrup əsgəri də gecənin qaranlığında gəldikləri istiqamətə göndərdi. Az sonra göndərilən əsgərlər əllərində məşəllərlə geri qayıdırdı. Düşmən ordusu da bunu uzaqdan seyr edirdi. Beləcə əlavə qüvvə gəlib görünüşü verərək düşməni mənən sarsıtmaq istəyirdi. Səhər hücum əmri verildi. Rum əsgərləri dünən gün boyunca döyüşərkən üzündən və paltarlarından görüb-tanıdıqları əsgərlərin yerində başqa əsgərləri görüncə: “hər halda bunlara yeni qüvvə gəlib”, ‒ fikirləşərək qorxuya düşdülər. Bunu fürsət bilən müsəlmanlar ani hücumla düşməni pərən-pərən saldılar. Həzrət Xalid ön sıralarda döyüşürdü. Həmin gün onun əlində doqquz dənə qılınc qırıldı.
Beləcə müsəlmanlar Həzrət Xalidin başçılığı ilə böyük bir zəfər qazandılar və böyük qənimət ələ keçirib Mədinəyə qayıtdılar. Bu hadisədən sonra Hz. Xalidə “Seyfullah” yəni “Allahın qılıncı” ləqəbi verildi. Hz. Xalidin Peyğəmbərimizin yanında xüsusi yeri vardı. Məkkənin fəthində Hz. Xalid süvari dəstəsinin başçısı idi. Ordunun sağ qanadında yer almışdı.[3] O, Taif, Hüneyn qəzvələrinə də Peyğəmbərimizlə (s.ə.s.) birlikdə iştirak etmişdir. Hüneyn qəzvəsində Xalid böyük şücaət və qəhramanlıq sərgiləmiş,hətta bu döyüşdə yaralanmışdı. Allah Rəsulu ona baş çəkmiş, sağalması üçün şəfa duası etmişdi.[4]
Peyğəmbərimiz Məkkə fəthindən sonra Xalidə Uzza bütünü dağıtmaq vəzifəsini vermişdi. Uzzanın xidmətçisi Həzrət Xalidin bütü yıxmaq üçün gəldiyini görüncə bütün üstündən bir qılınc asıb dağa qalxdı. Həzrət Xalid bütün yanına gəldiyində orada qap-qara, lüt, saçları dağınıq, əlləri boynunda, dişlərini qıcıyan bir qadın gördü. Bu bir şeytan idi. Xalidin tükləri ürpərdi. Bu vaxt bütün xidmətçisi qadına belə qışqırırdı: “Ey Uzza nə durursan Xalidə hücum et. Əgər sən onu öldürməzsən zəlil və pərişan olacaqsan”.
Həzrət Xalid özünə gəlincə: “Ey Uzza! Daha səni qəbul etmək yoxdur. Zikr etmək yoxdur. Allahın səni alçaltdığını görürəm deyib, qılıncla qadını iki yerə böldü. [5]Qadın qara bir külə döndü. Daha sonra bütün xidmətçisini də öldürüb Peyğəmbərimizin yanına qayıtdı və Ona baş verənləri danışdı. Rəsulullah belə buyurdu:
‒ Uzza artıq bu torpaqlardan ümidini kəsmişdir. Bundan sonra ərəblər üçün Uzza yoxdur. Artıq ona heç kim sitayiş etməyəcək.
Xalid Peyğəmbərimizdən gələn hər şeyi mübarək qəbul edər, onunla şərəf hissi keçirər və iftixar edərdi. Rəsulullahın mübarək saqqalından, saçından tökülən tükləri toplayıb yanında gəzdirirdi.