Səhabələr

Yeni Mərhələ

Təhlükəsizlik tədbirləri    

Artıq hadisələr başqa bir məna kəsb etməyə başlamış, başqa bir istiqamətə yönəlmişdi. Rəsulullah (s.ə.s.) eyni zamanda yeni dövlətə rəhbərlik edən lider idi. Məkkədən hicrət edənlərlə yanaşı Mədinədə Ona güvənib ətrafında birləşən insanları qorumaq kimi bir vəzifəsi var idi. Üstəlik Məkkə Mədinəyə hicrət edib burada məskunlaşan mühacirləri və onlara yardım edən ənsarı daim narahat edir və "sabah başınıza nələr gələcək" deyə təhdid yağdırırdı.

"Elə bilməyin ki, qaçmaqla canınızı qurtarmısınız! Evlərinizə qədər gələcək və işinizi bitirəcəyik!" kimi  xəbərdarlıqlar artıq adi hal almışdı.

Peyğəmbərimiz (s.ə.s.) isə heç kimə bir xətər toxunmasını istəmir və həmişə olduğu kimi, əshabı üçün çox narahat olurdu. Ən kiçik təhlükə belə Onu əndişələndirir və məsələ həll olunmayana qədər rahatlıq tapmırdı. Hətta bəzi gecələr gözlərini də yummurdu.

Bir gecə Aişə anamıza səssizcə:

– Kaş ki bu gecə saleh bir səhabə gəlib Məni qoruya idi, – deyir. Sözlərini bitirməmiş bayırdan ayaq səsləri eşidilir:

– Orada kim var? – deyə səslənir Rəsulullah (s.ə.s.).

– Sad ibn Vəqqas! – cavabını alır. Deməli, eyni əndişəni, narahatlığı yaşayan başqa insanlar da vardı. Buna görə Alllah Rəsulu (sallallahu əleyhi və səlləm) soruşur:

– Gecənin bu vaxtında səni bura gətirən nədir?

Sad ibn Vəqqas belə cavab verir:

– Bu gecə Rəsulallahın təhlükəsizliyi ilə bağlı qəlbimə qorxu düşdü və Onu qorumaq üçün gəldim!

Bu, imanı ilə bütünləşmiş bir camaatın – əshabın həssaslığı idi! Rəsulullah əvvəlcə Sad ibn Əbu Vəqqasa dua edir və istirahət etmək üçün otağına çəkilir.

Əndişə dözülməz həddə çatanda isə: "Şübhəsiz ki, Allah Səni insanların təhlükəsindən  qoruyacaqdır,"[1]məallı ayə nazil olur. Bu səbəbdən mübarək başını çölə çıxarıb:

– Ey insanlar, – deyə səslənir. Artıq gedə bilərsiniz, çünki Allah (c.c.) Məni qoruyacaqdır!

Ancaq təhlükə davam edirdi. Qarşı tərəf yumruq kimi birləşmiş, müsəlmanların üzərinə birgə hücum planları qururdu. Əslində parçalanmış və dağınıq bir sistemə malik olan ərəblər ortaq düşmən hesab etdiyi İslama qarşı birləşir, bir-birindən dəstək alıb Rəsulullaha (s.ə.s.) hücum edirdi. Hər an gözlənilən təhlükəyə qarşı səhabələr silahları ilə yatır və xırda bir hərəkətlilikdə daha həssas davranırdılar.

Bir gecə Mədinədə böyük bir gurultu eşidilir. Hərə özünə görə hazırlıq görüb səsin gəldiyi tərəfə gedərkən bir nəfərin qarşıdan gəldiyini görürlər. Bu, Rəsulallah idi.

– Mən baxdım, ciddi bir şey yoxdur, − deyirdi.[2]

Görünür, Rəsulullah (s.ə.s.) yüz illər boyu dinclik və əmin-amanlığa həsrət qalmış Mədinədə sadəcə möminlərin deyil, eyni zamanda əksəriyyəti yəhudi və müşrik ərəblərdən ibarət olan yerli xalqın da təhlükəsizliyini düşünür və addımlarını buna müvafiq atırdı. Çünki onlar belə bir təhlükəsiz şəraitin təminatında Allah Rəsuluna səlahiyyət vermişdilər. Mədinə müqaviləsi buna ən yaxşı sübut idi. Belə olan halda, məsələ sadəcə din ilə deyil, eyni zamanda özündə müxtəlif ünsürləri birləşdirən dövlət quruluşunun aktiv hala gətirilməsi ilə yaxından bağlı idi. Və bu vəzifə ilk növbədə Allah Rəsulunun (sallallahu əleyhi və səlləm ) üzərinə düşürdü.

Davamı: 1 2 3 4 5 6 7 8