Səhabələr

Yeni Mərhələ

Təhvili-qiblə (qiblənin dəyişdirilməsi) 

İstər ilk günlərdən etibarən qılınan nafilə namazlarda, istərsə də İsra və Meracdan sonra qılınan fərz namazlarda Qüds itiqamətinə yönəlirdilər.[14] Əlbəttə, bura da içində Beytül-Müqəddəs olan Allahın mübarək məkanı idi, ancaq Allah Rəsulunun könlü Kəbədə və qəlbi intizarda idi. Mübarək başını səmaya qaldırıb üzünü Kəbəyə çevirəcəyi anın həsrətini çəkirdi. Bu intizarı yalnız O yaşamırdı, Hz. Ömər kimi bəzi səhabələr də eyni hisləri keçirir və namaz qılarkən üzlərini Kəbəyə çevirmək istəyirdilər.

Çünki qiblə ilk insan Hz. Adəmdən bu yana Kəbə istiqamətində idi. Hz. İbrahim və Hz. İsmayıl da Kəbəyə dönüb namazlarını qılmış, Hz. Musadan tutmuş Hz. Salehə qədər bir çox peyğəmbər o istiqamətdə namaza durmuşdu. Elə isə Kəbə son Nəbinin də qibləsi olacaqdı. Ancaq ilahi təqdir qiblənin müəyyən müddətə Qüdsə tərəf olmasını murad etmişdi və onlar da buna əməl edirdi. Bəlkə də, bu, Mədinədəki ən nüfuzlu yerli əhalisi ilə bir ortaq məxrəcə gəlməyin əsasını hazırlayırdı. Ancaq Mədinə yəhudiləri bunu dedi-qodu etmiş, müsəlmanların onların qibləsinə dönməsini  bir üstünlük kimi hesab etməyə başlamışdılar. Bu da bəs deyilmiş kimi, işi bir qədər də böyütmüş və məsələni həqarət dərəcəsinə çatdırmışdılar.

Rəsulullah (s.ə.s.) Cəbraillə  görüşərkən:

– Ya Cəbrail, – deyirdi, – Rəbbimdən diləyim budur ki, üzümü İsrail oğullarının qibləsindən Kəbəyə doğru çevirsin!

– Şübhə yoxdur ki, Mən də bir qulam, Sən bunu Rəbbindən istə, – deyir Cəbrail. Allah (c.c.), əlbəttə, Rəsulunun istəyinə cavab verəcək və Ona arzu etdiyi qibləni müyəssər edəcəkdi.

Yenə bir bazar ertəsi idi. Cəbrail hicrətdən on altı ay keçmiş namazlarda Beytül-Müqəddəsin yerinə Kəbəyə yönəlmək haqqında ayələrlə gəlir: "Ya Rəsulum! Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də, səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! Ey müsəlmanlar! Harada olsanız, (namaz vaxtı) üzünüzü oraya döndərin!"[15]

Artıq gözləntiyə cavab gəlmiş və söz-söhbətin qaşısı da alınmışdı. Bundan sonra daimi qiblə təyin edilmişdi. Artıq namazlar da ancaq Kəbə istiqamətində qılınacaqdı.[16] Ancaq fitnənin ardı-arası kəsilmirdi. Bu dəfə də bəzi yəhudilər bu dəyişikliyi dilə-dişə salmışdılar. Səma ilə əlaqə davamlı idi və yenə köməyə Cəbrail yetişir. Allah-taala "Bu müsəlmanlar hansı səbəbdən əvvəlki qibləni dəyişdirirlər?" – deyib ara qarışdırmaq istəyən ağılsızlara cavab olaraq bu ayələri endirir:

"De ki: "Şərq də, Qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldər". Beləliklə də, sizi ədalətli və seçilmiş bir ümmət etdik ki, insanların əməllərinə qiyamətdə şahid olasınız, Peyğəmbər də sizə şahid olsun. Ya Rəsulum! İndi yönəldiyin qibləni (Kəbəni) yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün (qiblə) təyin etdik. Bu, (qibləni Beytülmüqəddəsdən Kəbəyə tərəf çevirmək) ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı (bundan əvvəl Beytülmüqəddəsə üz tutaraq qıldığınız namazlarınızı) əvəzsiz buraxmaz. Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir."[17]

Bu hadisə Mədinədə olan hər bir zümrə üçün əhəmiyyət kəsb edir, hər kəs bu məsələni öz dünyagörüşü ilə izah etməyə çalışırdı. Yəhudilər:

– Həqiqətən, Peyğəmbər olsa idi, özündən əvvəlki nəbilərin qibləsindən ayrılmazdı, – deyə narahatlıqlarını dilə gətirir, müşriklər:

– Onun geri addım atmaqla dəyişdirdiyi qərarlar isabətlidir; baxarsınız, qibləsini dəyişdirib bizim qibləmizə üz tutduğu kimi mütləq dinini də dəyişib bizim sıralarımıza qoşulacaq! – deyirdilər.

Bu müddət ərzində yavaş-yavaş özlərini göstərən bir dəstə yeni münafiqlər də:

– Məhəmməd də haraya üz tutacağını bilmir! Əvvəlki haqq idisə, niyə ondan vaz keçdi və ya ikincisi doğru idisə, deməli, bu günə qədər batilin arxası ilə gedib! – deyə dedi-qodu etməyə başlamışdılar.

Bütün bunlara baxmayaraq, nazil olan ayələrdə qiblənin dəyişdirilməsi kimi əhəmiyyətli bir hadisənin Allahın əmri ilə cərəyan etdiyini bildikləri halda, məsələni başqa səmtə yönəltmək istəyən şəxslərin ola biləcəyi də nəzərə alınır və buyrulurdu: "Ya Rəsulum! Sən kitab əhlinə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə tabe olmazlar. Sən də onların qibləsinə tabe olan deyilsən. Hətta onlar özləri də bir-birinin qibləsinə üz tutmazlar. Əgər sənə gələn bu qədər elmdən sonra onların istədiyinə uysan, o zaman sən də, şübhəsiz ki, zalımlardan sayılarsan!"[18]

Belə ki, Allah (c.c.) hələ başlanğıcda bütün bunların olacağını xəbər vermiş və səfehlərin belə davranacağından bəhs etmişdi. Buna görə də bu cür insanların hərəkət və sözlərinə fikir vermədən yola davam edilməli idi.

Möminlərin dünyasında yaşanan problem, narahatlıq fərqli idi; onlar qiblə dəyişməmişdən əvvəl vəfat edən və təbii ki, Kəbə istiqamətində namaz qılmayan mömin qardaşlarının aqibətindən narahat idilər.

Bu barədə Allah Rəsuluna (s.ə.s.) müraciət edirlər. O da səhabələrinin diqqətini ayələrə yönəldir. Bəli, Allah (c.c.) həmin ayələrdə bu sualı əvvəlcədən açıq şəkildə cavablandırır və heç kimin imanının hədər getməyəcəyini bəyan edirdi.

Davamı: 1 2 3 4 5 6 7 8