Səhabələr

Gözlənilən hadisələr və Uhud

Hz. Abbasın məktubu    

Hicrətdən üç il keçmiş, şəvval ayı, bir çərşənbə axşamı idi. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Qubada ikən Hz. Abbasın göndərdiyi məktubu alır,[1] Məktubu oxuyan Übeyy ibn Kabı dinlədikdən sonra bunun gizli saxlanılmasını tapşırıb Sad ibn Rəbinin yanına gedir.

Demə, ətraf qəbilələrdən də dəstək alan Qureyş Bədrin ağır yarasını sarıyıb müsəlmanlardan intiqam almaq və  bir həmlə ilə məsələni qəti həll etmək üçün ordu ilə Məkkədən çıxıb Mədinəyə doğru hərəkət etməyə başlamışdı. Hətta Qureyş Bədirdən əvvəl Şama gedib-gələn Əbu Sufyanın karvanını bu ordunun təşkilinə sərf etməklə yanaşı, başqa vəsaitlər də cəlb etmişdi. Rəsulullahı hadisələrdən xəbərdar edən Cəbrailin gətirdiyi ayədə buyurulurdu: "Küfr edənlər öz mallarını insanları Allah yolundan döndərmək üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra məqsədlərinə çata bilmədiklərinə görə peşman olacaq, axırda da məğlub ediləcəklər".[2] Bununla əlaqədar Allah Rəsulu (s.ə.s.) bir neçə səhabəni müxtəlif istiqamətlərdə göndərib Məkkə ordusuna aid məlumatların təcili surətdə Ona çatdırılmasını istəyir.

Vəziyyətin həssaslığına binaən Sad ibn Muaz, Üseyd ibn Hudayr və Sad ibn Ubadə kimi səhabələr silaha qurşanıb Peyğəmbərimizin ətrafında toplanır, hətta namaz qılarkən belə silahları yerə qoymadan keşik çəkirlər.