Allah Rəsulunun İslamı Bəni-Amir və Bəni-Muharib qəbilələrinə təbliğ etməsi
Peyğəmbərimiz ilk-üç il gizli təbliğ edir. Dördüncü il açıq dəvətə başlayır və bu, on il davam edir. Təbliğ üçün yarmarkaları və həcc mövsümünü gözləyərdi. Hacıların Ukaz, Məcənnə və Zülməcaz yarmarkalarındakı yerlərinə gedir, təbliğin edilməsi ilə bağlı dəstəklərini istəyir və bunun əvəzində cənnətlə müjdələyirdi. Bəzən qəbilə-qəbilə gəzib düşüncələrini soruşur, amma bir nəfər də olsa, təmiz simalı insan tapa bilmirdi.
Bu vaxt Bəni-Amir qəbiləsinin də yanına gedir. Çox təəssüf ki, Fəxri-Kainat o günə qədər görmədiyi əziyyəti onlardan görür. Onları tərk edərkən Onu daşa tuturlar. Sonra Allah Rəsulu Bəni-Muharib qəbiləsinin yanına gedir. Bunlar arasında yüz iyirmi yaşında bir qoca da var idi. Allah Rəsulu onunla da danışır, İslama dəvət edir, hətta başqalarının dinə girməsi üçün ondan kömək gözləyir. Qoca Xatəmul-Ənbiya Rəsulullahın gətirdiyi dinə inanmaq bir yana qalsın, özünə yaraşmayan münasibət göstərir:
– Ey məşhur adam! Qövmün sənin dediklərini çox yaxşı bilir. Sənə sahib çıxıb (qəbul edib) tayfasının yanına qayıdan bir adam hacılar arasında ən pis bir iş görüb dönmüş olar. Başqa bir şey demirəm, məndən uzaq ol!
Bu adam Allah Rəsuluna bu cür çirkin münasibət göstərərkən arxadan qırmızı saçlı küfr təəssübkeşi Əbu Ləhəb dərhal peyda olur. Onsuz da həmişə Rəsulullahın yan-yörəsində gəzib-dolaşar və Ona mane olmağa çalışardı. Əbu Ləhəb yaşlı adamı bu çirkin hərəkətinə görə təbrik edir və: “Bu həcc zamanı burada toplananların hamısı sənin kimi etsəydi, o da dinini tərk edərdi. O, babalarının dinini tərk etmişdir, yalançıdır,” – deyir.
Yaşlı adam: “Sən onu daha yaxşı tanıyırsan, çünki sənin qardaşın oğlu və qohumundur. Ey Əbu Ləhəb! Yəqin o, bir məcnundur. Bizdə belələrini müalicə edən bir nəfər var,” – deyir. Əbu Ləhəb cavab vermir.[1]