Peyğəmbərimizin Əvs və Xazrəc qəbilələrini İslama dəvət etməsi
Həzrəti Əli bir gün ənsardan, onların üstünlüklərindən, keçmiş xidmətlərindən danışarkən belə buyurur:
“Ənsarı sevməyən və onlara dəyər verməyən həqiqi mömin ola bilməz. Vallah, onlar İslamı mal və qılıncları, gözəl söz və səxavətləri ilə bu günlərə, bu səviyyəyə gətirib çıxardılar. Allaha and içirəm ki, Allah Rəsulu (s.ə.s.) bazarlara çıxar, qəbilələri İslama çağırardı, heç kəs onun çağırışını qəbul etməz, dəvətinə müsbət yanaşmazdı. Məcənnədə, Uqazda, Minada qəbilələrin yanına gedər, dəvətini hər il təkrarlayardı. Hətta bəzi qəbilələr: “Hələ də bizdən ümidini kəsmədinmi?” – deyərdi. Nəhayət, Allah-taala ənsar haqqında öz hökmünü verdi; Allah Rəsulu onları İslama dəvət etdi, onlar da dərhal qəbul etdilər. Onu qorudular, himayə və kömək etdilər. Allah ənsarı xeyirlərlə mükafatlandırsın!
Yanlarına gəldik, evlərində qaldıq. Bizi fədakarlıqla qarşılayıb hər şeydən üstün tutdular. Vallah, bizi öz yanlarında saxlamaq üçün biri-biri ilə yarışır və hətta püşk atırdılar. Mal-mülklərində özlərindən daha çox haqq sahibi olmağımızı da könül rahatlığı ilə qəbul edirdilər. Onlar canlarını peyğəmbərləri uğrunda fəda etdilər. Allahın salat və salamı Rəsuluna və onların cümləsinə olsun”.
Sad b. Rəbinin anası Ümmü Sad (r.a.) rəvayət edir: “Allah Rəsulu (s.ə.s.) Məkkədə olduğu müddətdə dayanmaq bilmədən qəbilələri, bizi Allaha iman etməyə çağırırdı. Çağırırdı, amma həmişə zülm görür, təhqirlərə məruz qalırdı. Nəhayət, Allah-taala ənsarı şərəfləndirdi; Allah Rəsulu Əqabə mövqeyində bir dəstə ənsarın yanına getdi. O əsnada onlar saçlarını qırxdırırdılar”.
Sad b. Rəbi nəql edir: “Ana, onlar kim idi?” – deyə soruşdum.
“Altı və ya yeddi nəfər idilər. Üçü Bəni-Nəccardan idi. Bunlar Əsad b. Zürarə ilə Afranın iki oğlu idi (digərlərinin adlarını demədi). Rəsulullah bu dəstənin yanında oturdu, onları Əziz və Cəlil olan tək Allaha iman etməyə çağırdı, Quran oxudu. Onlar da Allah və Rəsulunun dəvətinə razılıq verdilər və növbəti il görüşmək üzrə razılaşdılar. Bu, birinci Əqabədir. İkinci Əqabə daha sonradır”.
Ümmü Sada:
– Rəsulullah Məkkədə nə qədər qaldı? – dedi.
– Əbu Sırma Qays b. Əbi Ənəsin sözünü eşitmədinmi? – dedi.
– Nə dediyini bilmirəm, – cavabını verdim. Bunun qarşılığında Əbu Sırmanın bu misrasını oxudu:
“Qureyş içində on ildən çox qaldı
Nə vaxt vəfalı bir dost tapsa, məfkurəsini təbliğ edirdi”.[8]
Zühriz rəvayət edir: “Müşriklər Rəsulullaha (s.ə.s.) təzyiqlərini artırınca Allah Rəsulu əmisi Abbas b. Abdulmüttəlibə:
– Əmi, Əziz və Cəlil olan Allah dininə elə bir qövmlə kömək edəcək ki, bu qövm üçün Qureyşin burnunu yerə sürtmək çox asan olacaq. Gəl Uqaz bazarına gedək, mənə ərəb qəbilələrinin düşərgə saldığı yerləri göstər, onları Allaha iman etməyə, Allahın əmlərini təbliğ edənə qədər mənə dəstək verməyə, məni himayə etməyə çağırım, – buyurdu.
Abbas: “Çox yaxşı, qardaşoğlu! Sən Uqaza get, mən də səninlə gəlirəm. Sənə qəbilələrin qaldığı yerləri göstərəcəyəm,” – dedi.
Allah Rəsulu əvvəl Saqif qəbiləsinin yanına getdi. Sonra bir-bir digər qəbilələri gəzdi. Növbəti, yəni ümumi dəvətin əmr olunduğu ildə Əvs və Xazrəc qəbilələrindən altı nəfərlə tanış oldu. Bunlar Əsad b. Zürarə, Əbul-Heysəm b. ət-Teyyihan, Abdullah b. Rəvaha, Sad b. Rəbi, Numan b. Harisə və Ubadə b. Samit idi. Peyğəmbərimiz (s.ə.s.) bu qrupa Minada ikən gecə Cəmreyi-Əqabə ətrafında rast gəlmişdi. Yanlarında oturdu və onları Allaha, Ona ibadət etməyə, nəbilər və rəsullar vasitəsilə göndərdiyi dinə dəstək olmağa çağırdı. Onlar da Allahın vəhy etdiyi bəzi ayələri oxumağı xahiş etdilər. Rəsulullah da “İbrahim” surəsini otuz beşinci ayədən sona qədər oxudu. Bu ayələrin məalı belədir:
“(Ya Rəsulum!) Xatırla ki, bir zaman İbrahim belə demişdi: “Ey Rəbbim! Bu diyarı (Məkkəni) əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə! Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə) Sən (günahları) bağışlayansan, (bəndələrinə) rəhm edənsən! Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Həcəri) Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kəbənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə) şükür edə bilsinlər! Ey Rəbbimiz! Sən bizim gizli saxladığımız və aşkar etdiyimiz hər şeyi (bütün gizli və aşkar əməllərimizi) bilirsən. Yerdə də, göydə də Allahdan gizli heç bir şey qalmaz! İxtiyar çağımda mənə İsmail və İshaqı bəxş etmiş Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir! Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur! Ey Rəbbim! Haqq-hesab çəkilən gün (qiyamət günü) məni, ata-anamı və möminləri bağışla!” (Ya Rəsulum!) Allahı zalımların etdikləri əməllərdən əsla qafil sanma! (Allah) onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözləri hədəqəsindən çıxar; Belə ki, onlar başlarını yuxarı qaldırıb durar, gözlərini də qırpa bilməzlər. Onların qəlbləri də bomboşdur. (Ürəkləri duyğusuzdur, orada xeyirdən heç bir əsər-əlamət yoxdur). İnsanları onlara əzab gələcəyi günlə qorxut. O gün zalımlar: “Ey Rəbbimiz! Bizə bir az möhlət ver. Biz Sənin dəvətini qəbul edər (iman gətirər) və peyğəmbərlərə tabe olarıq!” – deyərlər. Bəs əvvəlcə sizə heç bir zaval toxunmayacağı barədə and içməmişdiniz?! Siz özlərinə zülm edənlərin yurdlarında da sakin oldunuz, onların başına nələr gətirdiyimiz də sizə bəlli oldu. Üstəlik sizin üçün (ibrətamiz) məsəllər də çəkdik. (Kafirlər Peyğəmbərə və islam dininə qarşı bacardıqları qədər) hiylə qurdular. Onların hiyləsi Allah dərgahında məlumdur (və buna görə də cəzalarını da alacaqlar). Onların hiyləsi ilə dağlar (islam dini, onun hökmləri) yerindən oynayan deyildir! (Və ya onların hiyləsi dağları yerindən oynatsa belə, yenə də Allahın dini qarşısında acizdir!) (Ya Rəsulum!) Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir! (Yadda saxla! Qiyamət günü) elə bir gündür ki, Yer (yer kürəsi) başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq (Yer dəyişib başqa cür yer, göylər də başqa cür göylər olacaq; onların mahiyyəti, şəkli o qədər dəyişəcək ki, tanınmaz hala düşəcəklər) və onlar (bütün insanlar qəbirlərindən çıxıb haqq-hesab üçün) bir olan, (hər şeyə) qalib olan Allahın hüzurunda duracaqlar! O gün günahkarları qandallanmış (zəncirlə bir-birinə bağlanmış) görəcəksən! Köynəkləri qətrandan olacaq, üz-gözlərini də atəş bürüyəcəkdir! Allah hər kəsə (dünyada) etdiyi əməllərin cəzasını vermək üçün belə edəcəkdir! Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir! Bu (Quran), insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm də Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar! (“İbrahim” surəsi, 4/35-52)
Allah Rəsulunu dinləyincə özlərini itirdilər və dərhal dəvətə razılıq verdilər. Rəsulullah onlarla danışarkən əmisi Abbas da oradan keçirdi. Peyğəmbərimizi səsindən tanıdı və:
– Qardaşoğlu, yanındakılar kimlərdir? – deyə soruşdu. Bunun cavabında Peyğəmbərimiz:
– Əmi, bunlar Mədinə sakinlərindən Əvs və Xazrəclilərdir. Qəbilələri çağırdığım həqiqətlərə onları da dəvət etdim. Məni təsdiq etdilər, hətta məni öz diyarlarına aparacaqlarını söylədilər, – buyurdu.
Həzrəti Abbas atından endi və: “Ey Əvs və Xazrəc camaatı! Bu, mənim qardaşım oğludur. Ən çox sevdiyim adamdır. Onu təsdiq etdiniz, Ona inandınız və özünüzlə birlikdə aparmağa qərar verdinizsə, sizdən rica edirəm ki, Onu pərişan etməyəcəyinizə və aldatmayacağınıza söz verəsiniz. Qonşularınız yəhudidir və onların düşmənçilikləri məlumdur. Ona tələ qurmayacaqlarından əmin deyiləm,” – dedi.
Həzrəti Abbasın (r.a.) sözlərindən inciyən Əsad b. Zürarə (r.a.): “Ya Rəsulullah, icazə ver, səni incitmədən, xoşlamadığın bir şeyi demədən sənə inandığımızı təsdiq mahiyyətində ona cavab verək! Sadəcə sənə həqiqətən inanıb iman gətirdiyimizi deyəcəyik,” – dedi.
Rəsulullah: “Yaxşı, heç kimə töhmət etmədən cavab verin,” – buyurdu. Bu icazənin ardınca Əsad b. Zürarə üzünü Peyğəmbərimizə (s.ə.s.) tutdu və:
“Ya Rəsulullah, hər dəvətin həm yumşaq, həm də sərt bir yolu vardır. Bu gün sən insanları onlara çox çətin və məşəqqətli gələn bir yola çağırırsan. Bizi dinimizi tərk etməyə, təbliğ etdiyinə tabe olmağa çağırdın. Bu, ağır təklifdir, amma biz bu barədə sənə razılıq verdik. Bizi insanlarla qonşuluq əlaqələrini, yaxın-uzaq qohumluq münasibətlərini kəsməyə çağırdın. Bu ağır təklifini də qəbul etdik. Biz heç kəsin göz dikə bilməyəcəyi bir yurdda güclü bir qövmük. Bununla yanaşı bizdən tələb etdin ki, öz qövmünün qəbul etmədiyi, hətta əmiləri belə himayəsiz buraxdığı və bizdən olmayan bir insanı özümüzə rəhbər seçək. Baxmayaraq ki, bu çox ağır təklifdir, amma yenə də müsbət cavab verdik. İnsanlar bunların heç birini xoşlamır. Bundan ancaq o insanlar razı olar ki, Allah onların kamilliyini diləmiş, aqibətlərini xeyrə murad etmişdir. Bütün bunlara dilimizlə, könlümüzlə, varlığımızla iman edərək və onları qəlbən təsdiq edərək sənə razılıq verdik. Sənə bu təkliflərdə beyət edirik, Rəbbimizə və Rəbbinə bağlılığımızı bildiririk. Allahın əli əllərimiz üzərindədir! Qanlarımız sənin qanınla, əllərimiz sənin əllərinlə bərabərdir. Öz canımızı, oğullarımızı, qadınlarımızı qoruduğumuz təhlükələrdən səni də qoruyacağıq. Bununla əlaqədar sözümüzü yerinə yetirəriksə, Allah üçün edərik. Sözümüzdə durmasaq, Allaha qarşı xəyanət etmiş olarıq. Buna görə də bədbəxt olarıq. Ya Rəsulullah, bu da bizim təsdiqimiz! Tək olan Allahın köməyinə sığınırıq”.
Əsad b. Zürarə (r.a.) bu sözləri ardınca Abbas b. Abdulmüttəlibə dönərək:
– Ey Peyğəmbərin (s.ə.s.) qarşısında bizə sözlə sataşan! Sənə gəlincə – gerçək niyyətini Allah daha yaxşı bilər – Allah Rəsulunun sənin qardaşın oğlu olduğunu, Onu hər kəsdən çox sevdiyini söylədin. Biz bütün qohumlarımızla əlaqəmizi kəsdik. Onun Allahın Peyğəmbəri olduğuna şahidlik edirik. Allah-taala Onu öz dərgahından göndərmişdir. O, bir yalançı deyil. Onun vasitəsilə göndərilənlər bəşər sözünə bənzəmir. Bizdən təminat almadıqca bizim barəmizdə arxayın olmayacağını söylədin. Elə bir şey istədiniz ki, biz bu təminatı Allah Rəsulu üçün istəyən hər kəsə verərik, istədiyin təminatı ala bilərsən!” – dedi.
Sonra üzünü Peyğəmbərimizə (s.ə.s.) tutub: “Ya Rəsulullah, özün üçün istədiyini götür, Rəbbin üçün istədiyin şərti qoy, əmr edəcəyin hər şeyə razıyıq!” – dedi.[9]
[1]. Ebu Nuaym, Delail, 1/255
[2]. İbn Kəsir, əl-Bidaye, 3/145.
[3]. Ebu Nuaym, Delail, 1/259
[4]. İbn Kəsir, əl-Bidayə, 3/141.
[5]. İbn Kəsir, əl-Bidayə, 3/140.
[6]. Təbərani, Mucəmul-Kəbir, 20/343 (806)
[7]. İbn Kəsir, əl-Bidayə, 3/142.
[8]. Hakim, Müstədrək, 2/683 (4255)
[9]. əl-Hindi, Kənzul-Ummal, 1/533(1525)