Səhabələr

Ariflərin dilindən ucalan səda

Zeyd bir əsintidən təsirlənmiş və vicdanı tamamilə Haqqa oyanmış bir insan idi. O, bir olan Allaha (c.c.) inanır və Ona təslimiyyətini ərz edirdi. Ancaq nə inandığı Allaha “Allahım” deyə bilir, nə də Ona necə ibadət edəcəyini  bilirdi.

Əshabdan Amir ibn Rəbiə Zeyd ibn Amrdan eşitdiyi sözləri bir gün belə xatırlayacaqdı:

− O, mənə: “Mən İsmailin, sonra Abdulmuttalibin nəslindən gələcək bir Peyğəmbər gözləyirəm. Ömrümün Ona yetişəcəyini zənn etmirəm, amma Ona iman gətirir, təsdiq edir və qəbul edirəm ki, O, Haqq Peyğəmbərdir. Əgər sən o günə qədər yaşayıb Onun gəlişini görsən, məndən Ona salam söylə! Gəl Onun şəmailindən (əlamətlərindən) də xəbər verim, ancaq  təəccüblənmə”, − dedi. Mən də: “Buyur, danış,” − dedim. Zeyd sözlərinə bu cür davam etdi: “Orta boyludur, nə çox uzun, nə də qısa. Saçları nə tamamilə düzdür, nə də qıvrım. Adı Əhməddir.  Anadan olacağı yer Məkkədir. Peyğəmbər kimi də həmin yerə − Məkkəyə  göndəriləcəkdir. Ancaq Onun gətirdikləri qövmünün xoşuna gəlməyəcək və qövmü də bir müddət sonra Onu Məkkədən çıxaracaq. O, Yəsribə (Mədinəyə) hicrət edəcək və gətirdiyi din oradan yayılacaqdır. Bundan əsla qafil olma! Mən diyar-diyar gəzib Hz. İbrahimin dinini axtardım. Danışdığım bütün xristian və yəhudi alimləri mənə: “Sənin axtardığın bir müddət sonra gələcək,” − dedi və hamısı da mənə bir az əvvəl sənə danışdıqlarımı söylədi, sözlərini də belə yekunlaşdırdılar: “O, Son Peyğəmbərdir və Ondan sonra da bir daha peyğəmbər gəlməyəcəkdir”.[14]

Kuss ibn Saidə

Kuss ibn Saidə Ukaz bazarında qızılı dəvəsinin üstündə camaata səslənirdi. İyad qəbiləsinin yaşı yüzü ötmüş bu qoca başçısı gözünü gələcəyə dikmişdi. O, insanlara gələcək Peyğəmbər haqqında məlumat verir və ruhlarına işləyən ifadələrlə onları imana hazırlayırdı. O, Ukaz bazarında qızılı dəvəsinin üzərinə çıxmış və insanlara belə səslənirdi:

− Ey insanlar!

Hamınız bir araya gəlin.

Gedən getmişdir... Hər gələn də mütləq gələcəkdir...

Qaranlıq gecə...

Bürc-bürc göy üzü...

Dalğa-dalğa dəniz...

Göz qamaşdıran ulduzlar...

Yüksək qamətli dağlar...

Axıb gedən çaylar...

Şübhə yox ki,  səmada yeni bir xəbər var...

Şübhəsiz, yerdə də ibrətamiz hadisələr...

Adamlara baxıram, gedirlər, amma heç geri qayıtmırlar. Görəsən, getdikləri yerdən məmnun olduqları üçün  orada qalırlar? Yoxsa buranı tərk edir, orada da yuxuya gedirlər?

Allah and olsun ki, bunda heç bir şübhə yoxdur... İlahi dərgahda elə bir din var ki, Allah  üçün  o, sizin bu dininizdən daha  sevimlidir...

Hanı atalar, babalar, dədələr? Haradadır nəsil-nəcabət? Hanı bərbəzəkli saraylar və mərmərdən binalar ucaldan Ad və Səmud qövmləri? Hanı öz dünya sərvətləri, mal-mülkləri ilə öyünüb: “Mən sizin ən böyük Rəbbiniz deyiləmmi?” − deyən Firon və Nəmrud?

Onlar sərvət, qüvvət və qüdrətcə sizdən çox üstün idilər. Nə oldular? Torpaq onları dəyirmanında üyütdü, toz edib dağıtdı. Sümükləri də əriyib  getdi. Damları sökülüb sovruldu. İndi onların məkanlarında itlər ulaşır. Onlar kimi qəflətə düşməkdən çəkinin, onların yolu ilə getməyin!

Hər şey fanidir, baqi (əbədi) olan ancaq Allahdır... Şəriksiz və bənzərsiz, mütləq bir olan Allah... Sitayiş ediləcək ancaq Odur... Doğmaqdan və doğulmaqdan uzaq olan Allah...

Bəli, bəli...

Yaşanan hadisələrdə, gəlib-gedənlərdə bizim üçün  ibrətamiz şeylər çoxdur...

Ölüm bir çay... Girəcək yeri çox, axacaq yeri yox...

Böyük-kiçik hamımız köçüb gedirik.

Hamıya olan sizə də, mənə də olacaqdır.

Həqiqətən, gözlədiyi Peyğəmbəri görmədən ölüm Quss ibn Saidə­ni də ağuşuna alacaq və vüsal axirət aləminə qalacaqdı. Ancaq nə böyük bir təvafüq idi ki, onun Ukaz bazarındakı çıxışını dinləyənlər arasında gəlişini gözlədiyi Son Peyğəmbər də vardı. Və  illər sonra onu tanıyanlar Allah Rəsulunu ziyarətə gələndə söhbət İbn Saidədən düşəcək, onun Ukazda  dedikləri ilə bağlı  xatirələr yenidən təzələnəcəkdi.[15]

Dağlarda inzivaya (ibadətə) çəkilmiş bu yaşlı müdrik, şeirlərində də buna bənzər mövzulara toxunur və  hər  fürsətdə Harəm daxilində Haşimoğullarından bir peyğəmbər gələcəyini söyləyirdi.