Səhabələr

Ariflərin dilindən ucalan səda

Bu iki kahinin bədən quruluşu da çox qəribə idi. Satihin bədəni sanki, bir hissədən ibarət idi; üzü sinəsinə yapışmışdı, sanki. Hətta demək olar ki, bədəni sümüksüz idi. Adını da buna uyğun almışdı. Hirsləndiyi vaxt oturduğu yerdə şişib qalır və hərəkət edə bilmirdi. Şıqqa gəlincə onun da bədənində bir qəribəlik vardı; yarım insana bənzəyirdi.

Məlik yuxusunun bu iki kahin tərəfindən düzgün yozulacağını eşidən kimi hər ikisinə xəbər göndərdi. Satih Şıqqdan tez gəlmişdi. Məlik əvvəlcə məqsədini danışdı. Sonra da kahinin məharətini yoxlamaq üçün dedi:

− Əgər yuxumu bilirsənsə, yozumunu da bilərsən.

 Satih özünə çox güvənirdi. O:

− Yuxunu yozaram, − deyir arxayınlıqla... Və məlikin yuxusunu ondan heç nə eşitmədən danışmağa başlayır:

− Yuxunda zülmət qaranlığın içindən qara bir cismin çıxdığını gördün. Sonra bu cisim Təhmə adlı yerə tərəf getdi. Sonra da başı olan hər bir canlı ondan yeməyə başladı.

Məlik heyran qalmışdı. Bəli... Bəli... Yuxuda gördükləri eynilə Satihin danışdığı kimi idi. Heyrət və çaşqınlığını gizləyə bilməyən Məlik:

− Bəli, bəli, ey Satih! Heç bir səhvə yol vermədin, yuxuda gördüklərim eynilə dediyin kimi idi. Yaxşı, bəs bunun yozumu necədir? − deyir.

− Ey məlik, inandığım bütün dəyərlərə and içirəm ki, sənin hökmranlıq etdiyin ərazilərə həbəşlilər hücum edəcək və Əbyənlə Cəraş arasındakı bölgəyə hakim olacaqlar!

− Bu, bizim üçün fəlakət deməkdir, ey Satih. De görüm, bu hadisə mənim dövrümdə olacaq, yoxsa məndən sonra?

− Bu, səndən bir müddət − altmış və ya yetmiş il sonra baş verəcək.

− Onların səltənəti davam edəcəkmi, yoxsa onun da bir sonu olacaq?

− Yetmiş ildən bir az keçmiş süqut edəcək. Onlar hücuma məruz qalacaqlar, bir hissəsi öldürüləcək, bir qismi də bu yerlərdən qaçıb gedəcək.

− Bəs onların yerinə kimlər gələcək?

− Zi-Yezənlər... Onlar Adn tərəflərdən gələcək və Yəməndə bir nəfəri də sağ qoymayacaqlar.

− Bəs bunların hakimiyyəti davam edəcəkmi, yoxsa onlar da süquta uğrayacaq?

− Onların da sonu gələcək.

− Bəs onların hakimiyyətinə kim son qoyacaq?

− Nəbiyyi-Zəki. Ona Uca Aləmlərdən vəhy gələcək.

− Həmin peyğəmbər kimlərdən olacaq?

− Qalib ibn Fihr ibn Malik oğullarından... Artıq məliklik qiyamətə qədər Onun qövmünün əlində qalacaq.

− Həqiqətən  də, bu həyatın sonu olacaqmı?