Səhabələr

Ariflərin dilindən ucalan səda

Sonralar meydana çıxan əlamətlər

1.Səna

Yəməndəki bu müsbət dəyişikliklərin dəlilləri özünü sonrakı illərdə də hiss etdirəcək və arxeoloji qazıntılar zamanı tapılan yazılar və başqa sənədlər ogünkü insanların inamı haqqında xələflərə aydın məlumatlar verəcəkdi. Budur, iki nümunə:

Uzun illərdən sonra Sənada aşkarlanan bir qəbirdə iki qardaşın cəsədi və bu cəsədlərin yanında da gümüş bir lövhə tapılır. Ən əhəmiyyətlisi isə budur ki, gümüş lövhənin üzərində qızıl hərflərlə belə bir yazı vardı:

− Bu, Tubbanın övladları Ləmsi və Vahabinin məzarıdır. Bu iki qardaş da özlərindən əvvəlki saleh şəxslər kimi “Lə iləhə illəllahu vahdəhu lə şərikə ləh” etiqadı ilə vəfat etmişdir.[6]

Hz. Ömərin xəlifəliyi dövründə bir nəcranlı bağını qazır. Bir az qazmışdı ki, gördüyü mənzərədən heyrətə gəlir: qarşısına bir insan bədəni çıxmışdı. Çoxdan vəfat etmiş bir adamın cəsədi idi. Əlini başındakı yaranın üstünə qoymuşdu, sanki, beləcə gözləyirdi. Nəcranlı əlindən tutub qaldırmaq istəyirdi ki, bu vaxt  cəsədin başından qan fışqırır. Çox qəribə idi: neçə il əvvəl ölmüş bir bədəndən necə qan çıxa bilərdi? Cəsədin əlini əvvəlki yerinə qoyur, qan dərhal kəsilir. Bir az da diqqətlə baxır. Gözləri cəsədin barmağındakı bir üzüyə sataşır. Diqqətini üzüyün üstündəki yazı cəlb etmişdi. Əyilib oxumağa çalışır. Üzükdə “Rəbbim Allahdır” yazılmışdı...[7]

2. Şam

O dövrdə Şam mühüm ticarət mərkəzlərindən biri sayılırdı. Qureyş əlindəki imkanları birləşdirib karvanlar təşkil edir və ticarət məqsədi­­lə hər il buralara qədər  gəlirdi.

Şam bölgələri mənasında “Biladüş-Şam” ünvanı ilə bugünkü Dəməşq (Şam) şəhərindən daha çox Fələstini və İordaniyanı da ehtiva edən geniş bir coğrafı məkan nəzərdə tutulurdu. Bizansın hakimiyyəti altında olan bu bölgədə hakim din xristianlıq olsa da, çox sayda yəhudi və xristian din alimi  də vardı. Bu bilikli din xadimləri tez-tez gələcək günlərdən söz salır və həmin günlərdə zühur edəcək bir Peyğəmbər­dən bəhs edirdilər.

Həmin din xadimlərindən ilk ağıla gələnlər o günün əsas mərkəzlərindən hesab edilən  Busranın sakinləri rahib Bahirə və Nastura idi. Həmçinin xələf-sələf olan hər iki rahib dünyadan əl-ətəklərini üzüb ibadətxananın bir küncünə çəkilmiş, Son Peyğəmbərin gəlişini  gözləyirdi. Gözlərini əğyara bağlı, Haqqa açıq kiçik pəncərələrdən Onun yollarına  dikir, gecikməsi ilə qəlblərini bürüyən  kədəri də dilə gətirirdilər.[8]

Salman Farisi İran əsilli və atəşgahda ibadətə aludə olmuş bir gənc idi. Şama gəldiyi günlərin birində getdiyi kilsədə gördükləri onu daha xeyirli bir ibadət axtarışına sövq etmiş, o da sırf bu məqsədlə ölkəsini tərk edib buraya gəlmiş və bir keşişə bağlanmışdı. Ancaq bu keşiş gözlədiyi kimi olmamışdı. Keşiş insanları aldadır və onların dini duyğularını istismar edib müftə qazanc əldə edirdi. Çox keçmədən ölən bu keşişin yerinə yenisi təyin edilmişdi. Salman Farisi artıq bütün vaxtını hər halı ilə sevib təqdir etdiyi bu keşişlə keçirirdi. Ancaq ömür məhdud idi və bir gün bu keşiş də xəstələnir. Salman təlaş içində yanına gəlib onu kimə əmanət edəcəyini soruşur.

− Ey oğlum! Allaha and olsun ki, bu gün bu yerlərdə sənə tövsiyə edə biləcəyim bir adam tanımıram. İnsanlar həlak olub getdilər... Əksəriyyəti dinini dünya ilə dəyişdirdi. Çoxusu da öz dəyərlərini tərk edib getdi. Sənə Mosulda yaşayan bir nəfəri tövsiyə edirəm. O, mənim xüsusiyyətlərimi daşıyan bir insandır. Get onun yanına, onunla  qal, − deyirdi keşiş. Və Günəş batmış, keşiş  gözlərini əbədi yummuşdu.

Salman birbaşa Mosula gəlir və vaxt itirmədən deyilən ünvanı tapıb yeni rəhbəri ilə birlikdə yaşamağa başlayır. Bu adamın da ömrü uzun deyildi. Keşiş ölüm döşəyində ikən ona  yaxınlaşan  Salmana Nusaybin ünvanını göstərir.

Bir müddət Nusaybində qalan Salmana yeni yol görünür. Birlikdə yaşadığı qoca keşiş ona Ammuriyyəni göstərirdi. Salman vaxt itirmədən həmin məkana gedir. Digər yerlərlə  müqayisədə burada daha çox qalır. Günlər hər nə qədər uzun olsa da, həyatın bir sərhədi vardı və buradakı keşiş də dünya ilə vidalaşır.