Səhabələr

Bədirdən sonraki hadisələr

Şəfqət və mərhəmət insanı Peyğəmbərimiz (s.ə.s.) öncə:

− Allah (c.c.) bizi sənin salamından daha xeyirli bir salamla ucaltdı, ey Ümeyr! Şübhəsiz, "salam" cənnət əhlinin xeyir-duasıdır, – buyurur. Sonra soruşur:

– Bura nə səbəbə gəlmisən, ey Ümeyr?

– Əlinizdəki əsir üçün gəldim. Buna görə ehsanınızı əsirgəməyin, – deyə cavab verir Ümeyr. Sualların ardı-arası kəsilmirdi və Rəsulullah onun bildirdiyi səbəblə gizlədiyi niyyət arasındakı ziddiyyəti göstərən silahı soruşur:

– Bəs elə isə boynundan asdığın bu qılınc nədir?

Bunun cavabında:

– Allah lənət etsin bu qılınca! Bundan başqa əlimizdə nə qaldı ki?! –  deyə bilir.

Bunu deyəndə başa düşür ki, cavabı Rəsulullahı razı salmayacaq. Hər verilən sual onun saxtakarlığını üzə çıxarır. Sanki, Allah Rəsulu (s.ə.s.) baş verənlərdən xəbərdar idi. Bayaqdan Allah Rəsulundan qaçırdığı gözlərini qaldırıb üzünə baxmaq istəyir. Peyğəmbərimiz də onun üzünə baxırdı. Bir ara göz-gözə gəlirlər və: "Bunları bir kənara qoy və Mən sənə söyləmədən sən Mənə əsl niyyətini de," – deyirmiş kimi soruşur:

– Mənə düzünü de! Sən bura hansı niyyətlə gəlmisən?

− Bundan başqa bir niyyətim yoxdur, buna görə gəldim, – deyir.

Axı özünü ələ verməməli idi! Ancaq sıxışdırıldığını hiss edir. Bu vaxt Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bütün heybəti ilə danışmağa başlayır:

– Xeyr! Sən və Safvan ibn Ümeyyə Hicrdə oturdunuz və Bədirdə ölən qureyşlilər haqqında danışdınız. Sonra sən: "Əgər mənim borclarım və uşaqlarım olmasa idi, gedib Məhəmmədi öldürərdim," – dedin və Safvan da Məni öldürməyinin əvəzində borclarını və ailənin dolanışığını öz öhdəsinə götürdü. Ancaq unutma ki, Allah (c.c.) səninlə niyyətinin arasına əngəl qoyacaq və bunu etməyə imkan verməyəcək!

Ümeyrin dizləri titrəyir. Rəng alıb rəng verir. Bir adam yetmiş bir ağaclıq bir məsafədən (təxminən beş yüz kilometrlik məsafə) və heç kimin olmadığı yerdə danışılanları eynilə eşidir və qəlbində gizlədiklərindən xəbərdar olur! Bu necə ola bilərdi?! Bunu desə-desə ancaq Safvan deyə bilərdi, çünki ondan başqa heç kim bu söhbətə şahid olmamışdı. O isə sui-qəsddə daha israrlı idi. Bunun qarşılığında Ümeyrin borclarını ödəyib ailəsini ömrü boyu dolandırmağı öhdəsinə götürməsi də bunu göstərirdi. Yox... Yox... Bunu bir insan övladının etməsi imkan və ehtimalla ölçülə bilməzdi. Elə isə bir variant qalırdı. Təslim olan Ümeyr xəcalət içində üzünü Rəsulullaha (s.ə.s.) tutub deyir:

– Mən şəhadət edirəm ki, Sən Rəsulullahsan! Biz Sənə səmadan gətirdiyin xəbərlər və Sənə gələn vəhylərlə bağlı hər zaman yalan söylədik, ya Rəsulullah! Bu, sadəcə mənimlə Safvanın bildiyi bir iş idi, vallah, bunu Sənə Allahdan başqası bildirə bilməz! Məni İslama hidayət edən və bu yolla da olsa, Özünə yönəldən O Allaha həmd olsun! Əşhədü ən lə ilahə illəllah və əşhədu ənnə Muhammədən abduhu və Rəsuluh.